Ölkə

"İdeyalarına görə dərisi soyulan Nəsimi yetərincə təqdiq olunmayıb" - Tanınmış nəsimişünasdan ismarıc - FOTO

14 Yanvar 2019 07:00
Baxış: 6 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsi çox sevindirici oldu. İnanıram ki, bundan sonra İmadəddin Nəsimi irsi Azərbaycanda daha dərindən, mükəmməl tədqiq olunacaq və dünyaya daha geniş şəkildə çatdırılacaq. Çünki ölkə başçısının bu qərarı bu il İmadəddin Nəsimi ilə bağlı bir sıra müvafiq araşdırmaların və tədbirlərin həyata keçiriləcəyindən xəbər verir. Düşünürəm ki, Nəsimi hələ də yetərincə təqdiq olunmamış şairdir. Odur ki, 2019-cu ilin Azərbaycanda "Nəsimi" ili elan olunması şairin ruhuna hörmət olaraq təqdirəlayiqdir.

Bu barədə Milli.Az-a açıqlamasında şərqşünas-yazar, tanınmış nəsimişünas Vüsal Hətəmov bildirib:

"Ölkə başçısının 2019-cu ili "Nəsimi ili" elan etməsi çox təqdirəlayiq haldır. Artıq 15 ilə yaxındır Nəsimi irsini tədqiq edirəm. Qismət olsa, bu il "Nəsiminin şeirlərinə yeni baxış" adlı əsərimi xalqımıza ərməğan edəcəyəm. Fəxrlə dünyaya car çəkə bilərik ki, Nəsimi üçün yaradılmışlar içərisində ən kamil, ən əşrəf varlıq insandır. Hazırkı dünyada insanlar müharibə və münaqişələr zəminində haqsız yerə qırılır. Artıq bütün dünyaya Nəsiminin insanlıq fəlsəfəsinin təbliğ olunmasının vaxtı deyilmi?! Ona görə də hesab edirəm ki, bütün dünya bu ili "Nəsimi ili" elan etməlidir. 2019-cu il milllətindən, dinindən, irqindən asılı olmayaraq hamı üçün "Nəsimi" ili olmalıdır".

 O, dahi mütəfəfəkkirin həyatı və yaradıcılıq fəlsəfəsi ilə bağlı bəzi məqamlara belə aydınlıq gətirib: "Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Lakin bəzi tədqiqatçılar onun Bakıdan, bəziləri də Təbrizdən olduğunu iddia edir. Nəsimi dövrün elmlərini, dinlərin tarixini, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, Quran, hədis elminə gözəl yiyələnmiş, tarix, psixologiya, etika, coğrafiya, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmləri ilə dərindən tanış olmuşdur. O, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl məzmunlu şeirlər yaza bilirdi. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir. Burada atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır. Onun poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bundan başqa, Nəsiminin əsərlərində peyğəmbərlərin, imamların adları çox vurğulanır. Bunlardan daha çox Adəm (ə), Xızır (ə.), Musa (ə), İsa (s.), Məhəmməd (s.ə.a.s), Həzrət Əli (ə.s.) və daha sonrakı 11 imamın adı bir çox şeirlərində vəsf edilir".

Tədqiqatçı dahi şairin edamı ilə bağlı bəzi mübahisəli məsələlərə toxunub: "Teymurləng Hürufiləri ciddi təzyiqlərə məruz qoyduğu bir vaxtda Nəsimi vətəndən didərgin düşmüş, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olmuşdu. Mənbələrə görə, Nəsimi Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyalarına görə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: "O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi." Faktlar isə bu mənbələrin ziddinədir. Nəsiminin əsərləri ilə tanış olduqda şairin niyə edam olunduğu bizə əyan olur.

Nəsimi 3 dildə ana dili səviyyəsindən geri qalmayan şeirlər yazıb. Onun şeirlərinin məzmun cəhətdən əsas mahiyyəti "Qurani-Kərim"in ideyasından kənara çıxmır.

Onu da deyim ki, Nəsiminin şeirləri rəvan olduğundan cəmiyyət arasında daha sürətlə yayılırdı. Məsələn:

Eşq ilə gəldi cəm-i ənbiya,

Eşqdir seyrü süluk-i övliya,

Eşq ilə yola girərlər biriya,

Eşq ilə vasıl olurlar tanrıya.

***

Al əlindən atını, yaban at,

Haqpərəst ol, haqqı tanı, olma at.

Dünyanın dövründə yoxdur çün səbat,

Atını qaçırma ruhdan, olma mat.

***

Haqq Təala varlığı adəmdədir,

Ev onundur, ol bu evdə dəmdədir,

Bilmədi şeytan bu sırrı, gamdadır,

Ol səbəbdən ta əbəd matəmdədir.

Maraqlıdır ki, Nəsimi şeirlərinin birində dərisinin soyulmasına fətva verənləri belə adlandırmışdır. "Şul pustimi soydu Yezid-Mərvanilər". Buradan bir daha məlum olur ki, Nəsimi İslamda təriqətlər zəminində süni şəkildə ixtilaflar yaradan hakimlər tərəfindən təqib olunurmuş, nəinki ateist və ya özünü Allah adlandırması səbəbi ilə. "Ənəlhəqq" kəlməsini dəfələrlə işlədən Nəsimi düşmənlərinin onu başa düşməmələrini də şeirlərində vurğulamışdır:

Şul Yezid-Mərvanilər, pustimi soydu qazilər,

Mən "Ənəlhəqq" çağırıb Mənsurilən bir dar idim.

Soydilər pustimi aldım qayib, oldum olzaman,

Kimsə bilməz bu rəmuzi, həqqlə sərdar idim.

Nəsimi ürfan məktəbinə təkcə nəzəri cəhətdən yox, praktiki cəhətdən də müraciət etdiyi üçün onu çox vaxt başa düşmürdülər. Ürfan nəzəriyyəsindən bir qədər məlumatı olan şəxs yaxşı bilir ki, seyri-süluk yolunda arifcəsinə irəliləyən salik hara baxdıqda ilahi təcəllanı görür və o baxımdan dönüb özünə baxanda ilahi nişanə adlandırır özünü:

Həqq-Təala Adəm oğlu özüdür,

Otuz iki Həqq kəlamı sözüdür.

Cümlə aləm bil ki, Allah özüdür,

Adəm ol candır ki, günəş yüzüdür.

Arif bundan sonra "Ənəlhəqq" deyəndə özünü Allah yox, ilahi varlıqda yaradıcının nişanəsi kimi görür. "Ənəlhəqq" məfhumunu başa düşməyənləri Nəsimi qəflətdə olduqlarına görə qınayır, onların yəqin əhli olmadıqlarından, həmişə güman əhli olduqlarından bu məsələdə çaşıb qaldıqlarını bildirir.

Nəsimi insanın, aləmin ilahi bir nişanə olduğunu məharətlə şeirlərində tərənnüm etmişdir:

Qeyb və gümandan özgə ey zahid urma dəm ki,

Həqqülyəqin buldum, tərk eylədim gümanı.

Mənsur ənəlhəqq aydır, yəni ki, həqq mənəm, həqq,

Həqq çun əyanmış, gör, kim görmüyə əyanı.

Nəsimi şeirlərində əxlaq xüsusi faktor idi. Nəsiminin tənqid hədəflərindən biri də özlərini arif kimi göstərən bəzi sufilər olub:

Bir məgəsdir balı yox.

Bir ağacdır barı yox...

Burada Nəsimi o dövrün hakim dairələrini, əqidəsiz din xadimlərini, riyakar zahidləri özlərini balverən arıya bənzətmək istəsələr də, məgəs (milçək) adlandırmış, barsız ağaca bənzətmişdir".

Onun fikrincə, Nəsiminin nəsihətamiz şeirləri də tərbiyəvi cəhətdən çox mühümdür:  "Şeirlərinin birində ədib təriqət çaşqınlığında qalanlara belə buyurur:

Ey könül hər bivücuddan can umursan, nə əcəb.

Bikərəmdən lütfilən, ehsan umursan, nə əcəb.

Bişəriətlər nə bilsün ənbiyanın şərtini,

Bitəriqətdən rəhe ərkan umursan, nə əcəb?!

Bibəsrdən məniye şövqe kəmale mərifət,

Bixəbərdən söhbəte ürfan umursan, nə əcəb?!

Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,

Hər sədəfdən loloye mərcan umursan, nə əcəb?!

Çun Əzrayil əhsəne təqvimə baş endirmədi,

Onda sirre kəbeye Hənnan umursan, nə əcəb?!

Fani dünya, dünya malı Nəsimi gözündə dəyərsiz bir şeydir və eyni zamanda riyakar zahidləri də dünya qəflətində olanlardan hesab edir.

Dünya çun murdardır iyrən könül murdardan,

Gül deyil dünya, tikandır nə umarsan xardan.

Dünyada bir yar vəfalı kimsənə görmüş degil,

Fareğ ol barı, nə hasil şul vəfasız yardan.

Axirət yarından istə hər nə məqsudun ki, var,

Dünyanın miqdarı yoxdur, keç bu bimiqdardan.

Nəsimidə ürfani eşqin, bəlkə də, şeirlərinin mayasını təşkil etdiyini desək, yanılmarıq. Nəsiminin eşq haqda olan şeirləri fəlsəfi baxımdan dünya ədəbiyyatının şedevri sayıla bilər. Nəsimiyə görə eşq yalnız Allaha olmalıdır. Bunu isə yəqin əhli olan ariflər duyar. Nəsimi insanın yaradılışının mənbəyini Eşqdə görür. Bəzən alimlər bunu qadın-kişi arasında olan eşqlə qarışdırır. Sual yaranır ki, bəs Adəmlə Həvvanı hansı insanların eşqi yaradıb? Nəticə bunu göstərir ki, Nəsimi yaradıcı eşqi önə çəkəndə ilahi eşqi nəzərdə tutur".

V.Hətəmov hesab edir ki, ədəbiyyatçılar, araşdırmaçılar, alimlər, elm və təhsil ocaqları dövlət başçısının bu qərarına ciddi şəkildə yanaşmalı, Nəsimi irsinin tədqiq və təbliğ edilməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.

İlkin İzzət
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.