Ölkə

Həbsdəki sabiq general suç ortağını amnistiyaya salmaq üçün hərəkətə keçib – İDDİA

20 Dekabr 2023 21:02
Baxış: 1 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub-E.M) İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun amnistiyaya salınması üçün çabalar göstərilir.

Milli.Az xəbər verir ki, bu haqda musavat.com-a məlumatlı mənbədən bildirilib.

Verilən məlumatda qeyd olunur ki, hazırda həbsdə olan MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev suç ortağı olan Vüsal Ələkbərovun amnistiyaya düşməsi üçün keçmiş əlaqələrini işə salıb və ilkin razılıq belə əldə olunub. İddia olunur ki, Mövlam Şıxəliyev onunla birgə məhkum olunan hər 3 polkovnikin - ilk növbədə Vüsal Ələkbərovun, sonrakı mərhələdə isə Sahib Ələkbərovla Yasin Məmmədovun azadlığa çıxmalarına çalışır. Bununla sabiq idarə rəisi özünün azadlığa çıxma şanslarının artacağına ümid edir.

Yada salaq ki, Vüsal Əliyev əvvəllər də MTN-də çalışdığı dövrdə törətdiyi cinayətlərə görə 4 il həbsdə olub. Vüsal Ələkbərov 2015-ci ildə MTN ətrafında keçirilən əməliyyat zamanı həbs olunan 20-dən artıq vəzifəli şəxslərdən biri idi.

O zaman Cinayət Məcəlləsinin 182-ci - hədə-qorxu ilə tələb etmə, 308-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 311-ci - rüşvət alma və başqa maddələri ilə ittiham olunmuş, sonradan təqsirli bilinib Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdə onun polkovnik rütbəsinin alınması, üzərinə həbs qoyulmuş 1 milyon 277 min manatlıq əmlakının (həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsində 0.18 hektar torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzil) müsadirə olunub zərərçəkmişlərdən Akif Qurbanova dəymiş ziyanın ödənilməsinə yönəldilməsi də yer almışdı. Daha sonra Bakı Apellyasiya Məhkəməsi 12 illik cəzanı 5 ilə endirilib. Ancaq rütbə və əmlakla bağlı məsələ isə dəyişdirilmədən saxlanılıb. Vüsal Ələkbərovun hədə-qorxu gəlib, yaxud qanunsuz həbs edib böyük məbləğdə pul aldığı iddia olunan zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilmişdi. Digər zərərçəkmişlərlə bağlı məsələdə isə Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəldi ki, həmin pullar Vüsal Ələkbərova rüşvət kimi verilib, buna görə də onların mülki iddiaları təmin oluna bilməz. Zərərçəkmişlərdən Nizami Kazımov, Hüseyn Səfərov, Elşən Mədətov, Mehrac Qurbanov, Namil Rzayev, Müsənnif Salahov mülki iddia qaldırmışdı. Onlar da apelyasiya şikayəti vermişdilər.

Vüsal Ələkbərov ittihamları qəbul etmirdi, əmlakının müsadirə olunması ilə də razılaşmırdı:

"Mənə mütəşəkkil dəstənin tərkibində cinayət törətmək haqda ittiham verilib. Amma mütəşəkkil dəstənin kimlərdən ibarət olduğu müəyyən edilməyib. Mənim əmlakımın müsadirə edilib Akif Qurbanova verilməsi məsələsi də hökmdə öz əksini tapıb. Niyə? Əgər cinayəti mütəşəkkil dəstə törədibsə, mən niyə ödəməliyəm? Bu qədər ədalətsizlik olmaz axı..."

Vüsal Ələkbərov haqqında hökmdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin barəsində cinayət işi başlanması üçün prokurorluğa təqdimat göndərilməsi məsələsi də öz əksini tapmışdı.

2018-ci ilin oktyabrında isə Xəzər Rayon Məhkəməsi Vüsal Ələkbərovun həbsdə olduğu müddətlə kifayətlənərək onu vaxtından əvvəl azadlığa buraxılmasına qərar vermişdi. O zaman da 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Vüsal Ələkbərov oradan azadlığa buraxılmışdı.

Zərərçəkən Akif Qurbanova verilməsi qət olunan əmlak ona verilməmiş, yenidən Vüsal Ələkbərovun mülkiyyətinə qaytarılmışdı.

2021-ci ildə isə Vüsal Ələkbərovun qaldırdığı məsələ - mütəşəkkil dəstənin digər üzvləri də istintaqa cəlb olunması həll edildi.

Mövlam Şıxəliyev Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsinə çağırılıb həbs olundu. Ondan başqa Sahib Ələkbərov, Yasin Məmmədov və Vüsal Ələkbərovun özü də istintaqa cəlb olundular.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. Cinayət dosyesi Bakı Hərbi Məhkəməsində araşdırıldı. Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmaqda günahkar bilindi. O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirli bilindilər. Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 12 il 6 ay və Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum olundular.

Maraqlıdır ki, məhkəmədəki son sözündə Vüsal Ələkbərov Mövlam Şıxəliyevə görə həbs edildiyini açıqlamışdı. Demişdi ki, ona 2 epizod üzrə ittiham verilib:

"Həmin ittihamları vaxtında araşdırsaydılar, bu gün həmin ittihamlarla yenidən məhkəmə qarşısında olmazdım. Mənə həmin ittihamlar üzrə 12 il iş kəsdilər. 4 il həbsdə oldum, vəziyyətim çox ağır oldu. Amma bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır, əzizdir. Mənim başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir".

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu.

Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb.

Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. Bu ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - "Sahil" metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.