Ermənistan

Paşinyan "Zəngəzur arzusu"nu açıqladı

6 Noyabr 2024 13:57
Baxış: 1 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın "Zəngəzur dəhlizində sadələşdirilmiş rejim" təklifinin mahiyyətini açıqlayıb.

Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın "Zəngəzur dəhlizində sadələşdirilmiş rejim" təklifinin mahiyyətini açıqlayıb.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 24-də Tatarıstanın paytaxtı Kazanda keçirilən BRİKS sammitində bu təkliflə çıxış etmişdi. Təklifin əsas məğzi Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan tərəfindən izah edilib. Onun sözlərinə görə, sadələşdirilmiş tranzit mexanizmi tərəflər arasında daşınan yüklərlə bağlı məlumatların elektron qaydada ötürülməsini nəzərdə tuta bilər.

R.Badasyan bildirib ki, Azərbayacanın qərb bölgələrindən Naxçıvan Muxtar Respublikasına və əksinə yükdaşımaların Ermənistan ərazisi üzərindən həyata keçirilməsi üçün fərqli variantların mövcudluğu mümkündür. Ermənistanın artıq Gürcüstanla bu sahədə öncədən ixrac məlumatlarının paylaşılması təcrübəsinə malik olduğu vurğulanıb ki, bu yanaşma idxal prosesini də asanlaşdırır. Əlavə olaraq, qarşılıqlı risklərin neytrallaşdırılması məqsədilə yüklərə dair skan olunmuş təsvirlərin əvvəlcədən paylaşılması nəzərdən keçirilə bilər. Bu cür rəqəmsal həllər insan faktorunu minimuma endirməyə və nəzarət prosedurlarını sürətləndirməyə imkan yaradır.

Rəsmilər Ermənistanın eyni zamanda İranla gömrük və tranzit prosedurlarının sadələşdirilməsi üzrə danışıqlar apardığını, Gürcüstanla isə mövcud sistemlərdən əlavə birgə gömrük nəzarətinə dair məsələlərin müzakirə olunduğunu qeyd edir. Ermənistan tərəfi bu praktikanı Azərbaycanın da iştirakı ilə reallaşdırmağa maraqlı olduğunu ifadə edir, lakin Azərbaycanın müvafiq vergi və gömrük orqanları ilə hələlik heç bir müzakirə aparılmadığı vurğulanır.

Beynəlxalq nəqliyyat dəhlizlərində elektron məlumat mübadiləsi tranzitin asanlaşdırılması üçün effektiv vasitələrdən biri kimi qəbul edilir. Xüsusən də, Azərbaycan üzərindən keçən "Orta dəhliz" və "Şimal-Cənub" kimi marşrutlarda vaxt qənaəti və tranzit imkanlarının genişlənməsi məqsədilə sənədlərin elektron qaydada mübadiləsi üzrə bir sıra sazişlər ya imzalanıb, ya da müzakirə mərhələsindədir.

Eyni təcrübənin "Zəngəzur dəhlizi"nə tətbiqi isə Azərbaycanın qərb bölgələrindən Naxçıvana yükdaşımalarını sürətləndirmə potensialına malikdir. Lakin bu məsələnin həllində qarşı tərəflərdən birgə irəliləyiş və detallar üzərində uzunmüddətli danışıqlar aparılmasını tələb edir. Azərbaycanın rəsmi olaraq Ermənistanın təklifini qəbul etməsi halında, gələcəkdə Ermənistan-Azərbaycan sülh müzakirələri fonunda nəqliyyat kommunikasiyalarının açılması üzrə xüsusi hökumət komissiyalarının yaradılması ehtimalı var.

Ötən həftə Ermənistan və Azərbaycanın baş nazir müavinləri arasında Qazaxda baş tutan görüşdə bu mövzuya toxunulub. Görüşdə hökumət komissiyaları səviyyəsində noyabrın 1-dən qüvvəyə minən sərhəd məsələlərinin delimitasiyası üzrə yeni nizamnamə təsdiqlənib. Nizamnamə, beynəlxalq diplomatik praktika əsasında müvafiq təsdiq edilmiş sənədlərin qarşılıqlı mübadiləsi əsasında iki ölkə arasında sərhədin müəyyənləşdirilməsini tənzimləyir.

Görüş zamanı Ermənistanın baş nazir müavini Mher Qriqoryan və Azərbaycanın baş nazir müavini Şahin Mustafayev həmçinin nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bu danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, eyni zamanda iki ölkə arasında infrastruktur və ticarət əlaqələrinin inkişafına töhfə verə bilər. Bu yanaşma yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır və regionda sülhə aparan yolların açılması üçün bir addım hesab edilə bilər.

Azərbaycanla Ermənistan arasında mümkün qaz əməkdaşlığı, iki ölkə arasındakı mürəkkəb siyasi münasibətlər və Ermənistanın enerji asılılığından qurtulmaq arzusu ilə əlaqədar böyük maraq doğurur. Son zamanlar yüksək səviyyəli erməni rəsmilər, o cümlədən baş nazir Nikol Paşinyan, Ermənistanın gələcəkdə Azərbaycandan qaz almağa hazır olduğuna dair açıq bəyanatlar səsləndiriblər. Xüsusən də sülh müqaviləsi imzalanacağı təqdirdə bu mövzunun reallaşma ehtimalı daha yüksək görünür.

Bu ilin sentyabr ayında Yerevanda keçirilən ikinci Ümumdünya erməni sammitində çıxış edən Nikol Paşinyan, Ermənistanın Azərbaycandan qaz idxalı və ya tranzit imkanını istisna etmədiyini vurğuladı. O, həmçinin qeyd etdi ki, bu ssenari reallaşarsa, Azərbaycan qazının Ermənistan üzərindən Naxçıvana və ya Türkiyəyə keçməsi də mümkündür. Hazırda Azərbaycanın rəsmi dairələri bu təklifə münasibət bildirməyiblər, lakin Bakıdakı ekspertlərin fikrincə, mümkün sülh müqaviləsindən sonra Azərbaycandan Ermənistana qaz tədarükü aktual məsələyə çevrilə bilər.

Hazırda Ermənistanın qaz təchizatında əsas rol Rusiyaya məxsusdur və bununla yanaşı, İran da hər il Ermənistana yüz milyonlarla kubmetr qaz tədarük edir ki, bu da elektrik enerjisi istehsalında istifadə olunur. Ermənistanda elektrik enerjisi istehsalı və paylanması Rusiya nəzarətindədir və ölkənin daxili qaz infrastrukturu hələ əvvəlki hökumətlər dövründə "Qazprom"un mülkiyyətinə keçmişdir. Mövcud Ermənistan hökuməti isə iqtisadi və enerji sahəsində Rusiyadan asılılığını azaltmaq, hətta tamamilə aradan qaldırmaq istəyir. Bu kontekstdə coğrafi mövqeyinə görə Azərbaycan, Ermənistan üçün qaz təchizatının diversifikasiyası baxımından əlverişli mənbə kimi görünür.

Erməni ekspertlər qeyd edirlər ki, qaz xətti Qazax-Yerevan bərpa edilərsə belə, Azərbaycanın iqtisadi baxımdan Ermənistana qaz satmağa marağı olmaya bilər, çünki Bakı qazını Avropaya daha yüksək qiymətə satmağı üstün tutur. Məlum olduğu kimi, Sovet dövründə Ermənistana qaz məhz bu xətt üzərindən çatdırılırdı və bu infrastrukturun yenidən aktivləşdirilməsi həm maliyyə, həm də vaxt baxımından böyük vəsait tələb etməzdi.

Azərbaycanın Ermənistana qaz tədarükü "Qazprom"un Ermənistan bazarındakı payını azaltmaqla yanaşı, həm də qiymət faktorunun önəmini artırır. Hazırda Rusiya Ermənistana qazı güzəştli şərtlərlə, yəni 165 dollar məbləğində satır və bu, Kremlin Yerevana təzyiq vasitələrindən biridir. Rusiya, Paşinyan hökumətinə baxmayaraq, qazın qiymətini artırmaqdan çəkinir, çünki belə bir addım Ermənistanın İrandan qaz idxalını artırmağa və bununla da Rusiyadan asılılığı azaltmağa səbəb ola bilər.

Digər tərəfdən, Ermənistan, Rusiya ilə əlaqəli olan bu təzyiq vasitəsindən qurtulmaq istəyir və bu məsələdə əsas ümidini Azərbaycana bağlayır. Son zamanlar "Qazprom Ermənistan"ın təşkil etdiyi "Enerji prosesləri: region" seminarında da bu məsələ ölkənin enerji təhlükəsizliyi prizmasından müzakirə olunub. Enerji üzrə ekspert Armen Manvelyan vurğulayıb ki, Azərbaycan qazını Avropa bazarına yüksək qiymətə satdığı üçün iqtisadi baxımdan Ermənistana qaz verməyə elə də maraqlı deyil.

Azərbaycanın qaz ixracına gəlincə, 2023-cü ildə təxminən 30 milyard kubmetr qaz hasil edilmiş, bunun 22 milyard kubmetri Transanadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya ixrac olunmuşdur. Bu qazın bir hissəsi Türkiyəyə (ildə 4-6 milyard kubmetr), 16 milyardı Yunanıstan və Bolqarıstana, qalan 8-10 milyard kubmetri isə Transadriatik qaz boru kəməri (TAP) ilə İtaliyaya yönləndirilmişdir. Avropa bazarı Azərbaycan üçün daha cazibədar sayılır, çünki orada qiymətlər yüksəkdir.

"Qazprom Ermənistan"ın baş direktoru Aşot Akopyan isə qeyd edib ki, texniki baxımdan Qazax-Yerevan boru kəmərinin bərpası mümkündür. Bu boru kəməri ilə Ermənistanın Sovet dövründə ildə 6 milyard kubmetr qaz istehlak etdiyi vaxtdan fərqli olaraq, hazırda Ermənistanın illik qaz idxalı təxminən 2,5-2,7 milyard kubmetr təşkil edir. Akopyanın sözlərinə görə, xəttin Ermənistan ərazisindəki hissəsi bu gün də daxili magistral boru kəməri kimi istifadə olunur və texniki baxımdan iki borunun yenidən birləşdirilməsi yalnız zaman məsələsidir.

Qazın qiyməti məsələsində Azərbaycanın Ermənistan üçün cəlbedici olub-olmaması hələ ki, açıq qalır. Hazırda Rusiya Ermənistana qazı 165 dollara satırsa, Azərbaycan qazının qiyməti təbii ki, daha yüksək olacaq. Buna baxmayaraq, Ermənistan, Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə, ehtimal ki, daha yüksək qiymətə də olsa, Azərbaycan qazını almağa hazır ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.