Cəmiyyət

Tikmədim özüm qalam, tikdim ki ...

27 İyul 2010 09:50
Baxış: 44 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük filosoflardan biri yazır: "Uşaqlıqda dünyanı xilas etmək eşqindəydim. Bir zaman ayıldım ki, uşaqlığım əldən gedib, amma heç nə qazana bilməmişəm. Sonra ölkəmi xilas etmək fikrinə düşdüm. Yenə ayıldım ki, gəncliyim bitib, amma ortada bir şey yoxdur. Ardınca vilayətimin xilasına qərar verdim. O zaman da cavanlığımın tamamilə arxada qaldığını, lakin əlimdə  quru xəyaldan başqa bir şey olmadığını gördüm. Sonra ailəmi xilas etmək iddiasına qapıldım. Nəhayət, indi ayılıram ki, büs-bütün qocalmışam və heç kimi xilas edə bilməmişəm. Sən demə, öncə özümü xilas etməliymişəm".

Bu günlərdə yolum rayonlarımızdan birinə düşdü. Sakinləri Rusiyada böyük var-hal sahibləri kimi tanınan bu rayonda rastlaşdığım durum gözümü kəlləmə çıxardı. Rayon mərkəzi barədə danışmaq belə yersizdir. Sadəcə bir kəndində mövcud olan mənzərə böyük bir toplumun sahib olduğu düşüncəni anlamağa kifayət edir. Yəni...

Təsəvvür edin ki, kənddəki ən balaca evin olmasa-olmasa 2 mərtəbəsi, 300 kvadratmetr sahəsi və 20 otağı var. Başdan-başa mərmər hissəçiklərlə döşənmiş həyətyanı sahədə rahatca dünya futbol çempionatına ev sahibliyi etmək olar. Həyət darvazasının en-uzun ölçüsünü və üzərindəki naxışların sayını hesablamaq üçün ən azı 3 mühəndisə ehtiyac var. Evin damı, eləcə də həyət boyu tikilmiş böyük toyxananın damı əməlli-başlı zooparkdır. Dünyada hansı heyvanı görmək istəyirsənsə, çıx yuxarı və orada həmin heyvanların dəmirdən hazırlanmış fiqurlarına tamaşa elə. Bütün bunlarla belə, bu "kiçicik" evdə 78 yaşında qoca bir nənədən başqa, heç bir canlı yaşamır. Hə, bir də qoz ağacından qayrılmış təmtəraqlı "imarətdə" yaşayan böyük çoban iti.

Hələ bu harasıdır. Həmin kənddə yaşayan tanışım həmkəndlilərinin "məharəti" barədə maraqlı bir əhvalat danışdı. Deməli, sözügedən kəndin 2 zəngin ailəsi arasında ciddi rəqabət varmış. Əli-ayağı tutan nümayəndələrinin Rusiyada bizneslə məşğul olduğu bu ailələr öz rəqabətlərini tam azərbaycansayağı formada aparırlarmış. Əvvəlcə, biri 2 mərtəbəli evini sökdürərək, yerində 3 mərtəbəli və hər mərtəbəsində 10 otaq olan nəhəng bir villa tikdirir. Bunu görən rəqib ailənin "igidləri" 3 mərtəbəli evlərinin üstünə bir mərtəbə də artırmaqla, ümumi otaqlarının sayını 40-a, evə qoyulan xərcin məbləğini isə 300 min manata çatdırırlar. Qarşı tərəf də bu addımı təkrarlayır.

Sonra bu biri ailənin başbilənləri yığışıb qərara gəlirlər ki, qonşuluqdakı bütün evləri pulla alaraq məhəllədə göydələn tiksinlər. Amma qonşular satmaq istəməyiblər. Bu inad zəngin ailənin "iradəsini" qıra bilməyib. Qonşulara elə bir məbləğ təklif olunub ki, evini satan hər qonşu həmin pula Bakının mərkəzində 3 ədəd 3 otaqlı ev ala bilib. Beləliklə, bir neçə milyona ərazi tamamilə "təmizləndikdən" sonra tikinti başlanıb. Lakin bütün bu baş verənlər rəqib ailəni hövsələdən çıxarıb. Sağa-sola nəzər saldıqdan sonra kəndin kənarındakı 7 hektarlıq boş ərazidə nəhəng kompleks yaratmaq fikrinə düşüblər. Bu minvalla milyon manatların göyə sovrulduğu azərbaycansayağı rəqabətin daha kəskin mərhələsi başalayıb.

Lakin tikinti işlərinin başa çatdığı anda ailələrdən birinin əsas dayağı və pul qazananı Rusiyada qəfildən öldürülür. Aləm dəyir bir-birinə. Başçısını itirmiş ailə sifarişin qarşı tərəfdən gəldiyini iddia edərək, əks hücuma keçir və rəqib ailənin eynilə başçısını öldürür. Nəticədə ailələr arasında qan davası düşür və iki il ərzində heç bir tərəfdə sağ başıpapaqlı qalmır. Dərdə dözməyib ürəyi partlayan analar da gedəndən sonra kənddəki iki nəhəng tikili sahibsiz qalır. Və hazırda həmin saraylar yiyəsiz itlərin gecə seyrəngahına çevrilib.

Bu acı əhvalatı dinlədikdən sonra eyvanda dayanıb kəndi gözdən keçirdim. Sanki Azərbaycanın ucqar rayonlarından birinin ucqar kəndi deyil, Fransanın paytaxtı idi. Bir-birinin bəhsinə ucaldılmış saraylar, toyxanalar və daha nələr. Sonra dostumdan kənddə nə qədər adam yaşadığını soruşdum. Cavabdan siz də çaşacaqsınız: rəsmi statistikaya əsasən 4 min, amma faktik olaraq min nəfərə yaxın. Yəni hər evə orta hesabla bir nəfər düşür.

Həqiqətən dəhşətlidir. Biz nə vaxtadək tikib-qurmaqla ömrümüzü başa vuracağıq? Başı göylərə dəyən qəsrlər inşa etdiririk, amma ildə 5 gün gəlib içində yaşamırıq. Ömrü uzunu "bunu da tikim, onu da artırım" arzusu ilə yaşayan bir toplumun daha faydalı işlərə vaxtı çatarmı heç? O qədər tikib-qurmağa başımız qarışır ki, o boyda həyət-baca yalnız cənazəmizin qalxmasına yarayır.

Görəsən, biz bineyi-qədimdən belə olmuşuq, yoxsa bu "ömürlük inşaat" psixologiyasını müasir gedişatdan mənimsəmişik? Məsələn, əcdadlarımız deyirdi: "Tikmədim özüm qalam, tikdim ki, izim qala". Bu deyimin ortodoksal mənasından əlavə, digər mənaya diqqət yetirək: Atalarımız da bütün ömürlərini tikinti işlərinə həsr ediblər, lakin heç birinə içində yaşamaq nəsib olmayıb. Buradan da yuxarıdakı yanıqlı deyim meydana gəlib. Loru dillə desək, "Tikmədim özüm qalam, tikdim ki, ellərə qala..."

Nihat Tur
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.