Hər il təhsilin keyfiyyətinin artırılması ilə bağlı mütləq ki, hansısa işlər görülür və görülməkdədir. Təhsil elə bir sahədir ki, bütün dövrlərdə inkişafa, yeniliyə ehtiyac var. İstər orta məktəblərdə, istər məktəbəqədər təhsil müəssisələrində, istərsə də universitetlərdə mütəmadi olaraq yeniliklər etmək vacibdir.
Bəs, orta məktəblərdə təhsilin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün nələr etmək olar?
Hansı xarici praktikaları təhsil sistemimizə tətbiq etmək daha müsbət nəticələrə gətirib çıxarar?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycanda orta məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün kompleks yanaşma tələb olunur:
"Bunun üçün müəllimlərin peşəkarlığının artırılması, kurikulumun müasir tələblərə uyğunlaşdırılması, infrastrukturun təkmilləşdirilməsi, qiymətləndirmə sisteminin daha effektiv olması və beynəlxalq təcrübədən yararlanaraq innovativ tədris metodlarının tətbiqi vacibdir. Hazırda təhsilin keyfiyyəti müxtəlif problemlərlə üzləşir və bu problemlərin aradan qaldırılması üçün strateji və praktik həll yollarına ehtiyac var.
Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması təhsilin keyfiyyətinin yüksəldilməsində əsas faktorlardan biridir. Müəllimlərin davamlı peşəkar inkişafı təmin edilməli, onlara müasir tədris metodları, texnologiyaların istifadəsi və psixoloji hazırlıq sahəsində əlavə təlimlər keçirilməlidir. Finlandiya və Sinqapur kimi ölkələrdə müəllimlərin davamlı təkmilləşdirilməsi dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu ölkələrdə müəllimlər yalnız tədris edən deyil, eyni zamanda tədqiqat aparan və şagirdlərə fərdi yanaşan pedaqoqlar kimi yetişdirilir. Azərbaycanda da müəllimlərin ixtisasartırma proqramları daha praktik və innovativ şəkildə təşkil edilməli, onlar üçün real iş təcrübəsinə əsaslanan təlimlər keçirilməlidir. Eyni zamanda, müəllimlərin əməkhaqqısının artırılması və onların sosial rifahının yaxşılaşdırılması vacibdir. Statistik göstəricilər göstərir ki, yüksək maaş alan müəllimlər təhsilə daha ciddi yanaşır və şagirdlərin nəticələri daha yaxşı olur".
O qeyd edib ki, Təhsil kurikulumunun müasir tələblərə uyğun yenilənməsi də vacibdir.
"Hazırkı kurikulum çox vaxt nəzəri biliklərə üstünlük verir və praktik bacarıqların inkişafına kifayət qədər yer ayrılmır. Halbuki dünya təcrübəsində kurikulumlar əsasən analitik düşüncə, problem həll etmə və real həyat bacarıqlarının inkişafına yönəldilir. Məsələn, Estoniya və Kanadada şagirdlərə təkcə nəzəri biliklər deyil, həm də real problemləri həll etməyə yönəlmiş layihə əsaslı tapşırıqlar verilir. Azərbaycanda da STEAM (Science, Technology, Engineering, Art, Mathematics) təhsili genişləndirilməli, şagirdlərin praktik bacarıqları artırılmalıdır. Həmçinin, dərs materiallarının şagirdlərin yaş səviyyəsinə uyğun olması təmin edilməlidir ki, onlar öyrəndiklərini real həyatda tətbiq edə bilsinlər.
Məktəb infrastrukturu və maddi-texniki bazanın təkmilləşdirilməsi də təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. Məktəblər müasir laboratoriyalar, kitabxanalar və texniki avadanlıqlarla təchiz edilməlidir. Xüsusilə bölgələrdə məktəblərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması vacibdir. İnkişaf etmiş ölkələrdə məktəblər interaktiv lövhələr, sürətli internet və rəqəmsal resurslarla təmin edilir. Məsələn, Cənubi Koreyada bütün məktəblər rəqəmsal tədris materialları ilə təmin olunub və şagirdlər dərslərini internet üzərindən də izləyə bilirlər. Azərbaycanda da məktəblərdə rəqəmsal tədrisin inkişafı, şagirdlərə onlayn təhsil imkanlarının yaradılması keyfiyyətin yüksəlməsinə ciddi töhfə verə bilər.
Qiymətləndirmə sisteminin təkmilləşdirilməsi də vacib məsələlərdən biridir. Hazırkı sistem əsasən test əsaslı qiymətləndirməyə söykənir və şagirdlərin real bacarıqlarını tam ölçə bilmir. İnkişaf etmiş ölkələrdə qiymətləndirmə sistemləri şagirdlərin tənqidi düşünmə, yaradıcılıq və analitik təfəkkür bacarıqlarına əsaslanır. Məsələn, Finlandiya və Almaniyada şagirdlərin yalnız imtahan nəticələri deyil, həm də layihə tapşırıqları, sinifdəki aktivliyi və tədqiqat bacarıqları qiymətləndirilir. Azərbaycanda da qiymətləndirmə metodları daha inklüziv və praktik olmalı, şagirdlərin inkişafına real töhfə verən mexanizmlər yaradılmalıdır",- deyə o əlavə edib.
K. Əsədova bildirib ki, təhsil texnologiyalarının tətbiqi təhsilin keyfiyyətini artırmaq üçün effektiv vasitələrdən biridir:
"İnteraktiv təhsil platformaları, virtual laboratoriyalar, rəqəmsal dərs materialları təhsili daha effektiv edir. Məsələn, ABŞ və Böyük Britaniyada şagirdlər dərslərini onlayn platformalar üzərindən izləyə və müəllimlərlə interaktiv şəkildə işləyə bilirlər. Azərbaycanda da onlayn resursların artırılması, şagirdlərin dərslərə interaktiv qoşulması üçün şərait yaradılması vacibdir.
Məktəbdənkənar fəaliyyətlərin genişləndirilməsi də təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Şagirdlərin yalnız dərs materialları ilə məhdudlaşması onların yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirməyə mane olur. İdman, musiqi, incəsənət və könüllülük proqramları şagirdlərin daha balanslı inkişaf etməsinə kömək edir. Almaniyada tətbiq olunan "Dual Təhsil Sistemi" şagirdlərə həm məktəbdə oxumaq, həm də real iş yerlərində təcrübə keçmək imkanı yaradır. Azərbaycanda da şagirdlərin əmək bazarına hazırlığı üçün məktəbdənkənar təcrübə proqramları təşkil edilməli, onların erkən yaşlardan müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirməsinə imkan yaradılmalıdır.
Məktəblərin idarəetmə sistemi də təhsilin keyfiyyətinə təsir edən vacib amillərdəndir. Direktorların və məktəb rəhbərliyinin səmərəli idarəçilik qabiliyyəti, məktəbdaxili nizam-intizamın düzgün təmin edilməsi, müəllimlər və valideynlərlə effektiv əməkdaşlıq keyfiyyətin artırılmasına kömək edə bilər. Finlandiyada məktəb direktorları təkcə idarəçi deyil, eyni zamanda pedaqoji liderlər kimi çıxış edir və tədrisin keyfiyyətinə birbaşa nəzarət edirlər. Azərbaycanda da məktəb rəhbərləri üçün xüsusi idarəetmə təlimləri keçirilməli və məktəblərin fəaliyyətinə nəzarət gücləndirilməlidir".
K.Əsədov vurğulayıb ki, psixoloji və sosial dəstəyin artırılması da şagirdlərin daha effektiv təhsil almalarına kömək edə bilər.
"Məktəb psixoloqları və məsləhətçiləri şagirdlərin akademik və şəxsi problemlərinin həllinə kömək etməlidirlər. ABŞ və Avropada məktəb psixoloqları şagirdlərin təhsil prosesinə uyğunlaşması, onların motivasiyasının artırılması və psixoloji dəstək göstərilməsi istiqamətində fəal işləyirlər. Azərbaycanda da məktəb psixoloqlarının fəaliyyətinin gücləndirilməsi, onların təhsil sistemində daha aktiv rol oynaması vacibdir.
Valideynlərin təhsilə inteqrasiyası da təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Təhsil sistemində valideynlərin aktiv iştirakı məktəblərin daha effektiv fəaliyyət göstərməsinə kömək edə bilər. Finlandiyada valideynlər mütəmadi olaraq məktəb tədbirlərinə, müzakirələrə və təhsil qərarlarına cəlb edilirlər. Azərbaycanda da valideyn-məktəb əlaqələrinin gücləndirilməsi üçün daha çox tədbirlər həyata keçirilməlidir.
Bütün bu tədbirlərin həyata keçirilməsi Azərbaycanda orta məktəb təhsilinin keyfiyyətini yüksəltməyə kömək edəcək. Xarici təcrübədən öyrənərək və milli təhsil sistemini gücləndirərək, daha savadlı və rəqabətqabiliyyətli gənc nəsil yetişdirmək mümkündür. Təhsil strategiyasının əsas məqsədi şagirdlərin tənqidi düşünmə, yaradıcılıq və analitik bacarıqlarını inkişaf etdirmək olmalıdır ki, onlar gələcəkdə həm cəmiyyətə, həm də iqtisadiyyata real töhfə verə bilsinlər",- deyə o əlavə edib.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Trend-ə bildirib ki, son illərdə orta məktəblərdə təhsilin keyfiyyətini artırmaq istiqamətində xeyli işlər görülüb, çoxlu idealar gerçəkləşdirilib.
"Burada təhsilin məzmununun yaxşılaşdırılması, dərslik məsələləri, təhsil infrastrukturunun yenilənməsi, müasir məktəblərin tikilməsi işləri xüsusi qeyd edilməlidir. Eyni zamanda mən hesab edirəm ki, burda çox vacib addımlardan biri müəllimlərin sosial qayğıları ilə bağlıdır. Hansı ki, müəllimlərin əməkhaqqının yüksəldilməsi istiqamətində, eyni zamanda əməkhaqqında diferensial yanaşmanın tətbiqi önəmlidir və bu istiqamətdə xeyli işlər görülüb və görülür. Müəllimlərin sertifikasiya imtahanına cəlb edilməsi bu işlərdən biridir və son illərdə xeyli sayda müəllimlərimiz bu imtahanlara cəlb ediliblər. Orta məktəblərdə təhsilin keyfiyyətinə təsir edən başlıca faktordan biri müəllimdir. Hansı ki, təhsilin bütün pillələrində müəllim faktoru ən üst mövqedə durur. İbtidai təhsilin yenilənməsi, ibtidai sinif müəllimlərinə münasibət təhsil keyfiyyətinin artırılması məsələlərində çox önəmli yer tutur. Sertifikasiya nəticələrinə uyğun olaraq yüksək nəticə qazanan müəllimlərin əməkhaqqına 30%, 10% artımların tətbiqi motivasiya olur. Bu artımlar daha yaxşı çalışmaq, savadlı müəllimləri stimullaşdırmaq məqsədi daşıyır. Artıq ayrı- ayrı fənlər üzrə müəllimlərin sertifikasiyaya cəlb olunması təmin olunur və ardıcıl olaraq bu kimi işlər görülür. Digər tərəfdən məktəb rəhbərlərinin seçimi məsələsidir ki, son illərdə direktorların, direktor müavinlərinin mərkəzləşmiş imtahan sistemi üzərindən işə götürülməsi təhsilin keyfiyyətinə təsir edən amillərdəndir".
İlqar Orucov qeyd edib ki, Azərbaycanın təhsil sistemi Beynəlxalq təhsil sisteminə inteqrasiya olunub.
"Artıq Azərbaycan təhsili Bolonya prossesinə qoşulub. Eyni zamanda məzmun dəyişiklikləri olaraq kurikulum tətbiqi, bu istiqamətdə müəllimlərin bacarıq və səriştələrinin artırılması istiqamətində çoxsaylı təlimlər, çoxsaylı təkmilləşdirmələr aparılıb. Əlbəttə ki, təhsil cəmiyyətin sosial sahəsi kimi daim inkişaf etməli, mütləq şəkildə yeniliklərə açıq olmalıdır. Mən hesab edirəm ki, bu çox önəmlidir və bu istiqamətdə işlər davamlı olmalıdır. Təhsil sahəsi elə bir fəaliyyət növüdür ki, burada qısa müddətdə irəliləyişlər, sıçrayışlar əldə etmək asan deyil. Beynəlxalq şagird qiymətləndirilməsində Azərbaycanın iştirakı mövqeyimizi müəyyənləşdirməyimizə imkan verir. Biz Beynəlxalq qiymətləndirmə müsabiqələrində mütəmadi olaraq iştirak etməliyik ki, yerimizi, mövqeyimizi bilək və zəif tərəflərimizi görək. Elm və Təhsil Nazirliyi son illərdə bu istiqamətdə yaxşı işlər görür. İstedadlı şagirlərlə işin təşkili, istedadlı şagirdlərə münasibət, Beynəlxalq fənn olimpiadalarında iştirak görülən işlərə nümunədir. Son illərdə Beynəlxalq olimpiadalarda əldə edilən medal sayımız xeyli artıb. Bu istiqamətdə də yaxşı nümunələr var. Mən hesab edirəm ki, Azərbaycan xalqının ümumi intellektual səviyyəsi bizə imkan verir ki, biz bu istedadları zamanında müəyyənləşdirək. Çünki vaxtında müəyyənləşdirə bilsək uğurlarımız daha da çox olacaq. Əsas odur ki, artıq bu istiqamətdə də təməl qoyulub və bu təməl üzərində istedadlı şagirdlərlə işin təşkili məsələsi önəmlidir. Eyni zamanda çox istərdim ki, məktəb yaşlı uşaqlarda elmə həvəsin formalaşdırılması istiqamətində işləri gücləndirək. Məktəblərdə təkcə nəzəri yox, praktiki bilik də verək. Hesab edirəm ki, bu istiqamətdə davamlı olaraq işlər görülməlidir. STEAM mərkəzlərin yaradılması, STEAM mərkəzlərində şagirdlərə müasir yanaşmaların öyrədilməsi, şagirdlərdə yaradıcılıq bacarıqlarının artırılması üçün işlərin görülməsi vacib məqamlardandı. Orta məktəbdə təhsilin keyfiyyətini artırmaq istəyiriksə, mütləq şəkildə ibtidai təhsilin, məktəbəqədər təhsilin inkişafını sürətləndirməliyik. Baza təhsili olaraq məktəbəqədər və ibtidai təhsil çox mühümdür. Ona görə də məktəbyaşlı uşaqlarımızda təhsilə maraq oyatmaq və onların bünövrə təhsilini gücləndirmək istiqamətində işləri davamlı şəkildə görməliyik",- deyə o əlavə edib.
Milli.Az