Dünya

Paşinyan qiyama hazırlaşan diplomatları hədələdi: “Sizə göstərərəm, ölkənin başçısı kimdir...”

6 Mart 2021 15:40
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının baş nazirin və hökumətin istefasını tələb edən açıqlamasından sonra ölkədə vəziyyət gərgin olaraq qalır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Past" erməni qəzeti yazıb.

Qeyd edək ki, nəşr az öncə diplomatik korpusda da Ermənistandakı daxili olaylarla bağlı gərgin vəziyyətin hökm sürdüyünü yazmışdı. Qəzetin mənbələrinin məlumatlarına görə, diplomatik korpus təmsilçilərinin əksəriyyətinin səbri artıq daşıb. Bir sıra diplomatların səfirlər də daxil olmaqla, Paşinyanın istefasını tələb edəcəyi nəzərdə tutulurdu. "Lakin hakimiyyət müəyyən müddətə bu "demarş"ın qarşısını almağa müvəffəq olub", - deyə "Past" bildirir.

Qəzet onu da yazır ki, Nikol Paşinyan bundan xəbər tutduqdan dərhal sonra diplomatlar arasında ciddi kadr dəyişiklikləri etməyə, yəni təmizlənmə aparmağa qərar verib. "Haradasa 10 səfirdən danışılır. Əldə etdiyimiz məlumata görə, baş nazir diplomatların bu cür davranışlarına olduqca əsəbi reaksiya verib və qəzəbli bir şəkildə deyib: "Hamını iti qovan kimi qovacağam ki, bu ölkədə rəhbərin kim olduğunu başa düşsünlər". Söhbət əsasən Avropa ölkələrində akkreditə olunmuş diplomatlardan gedir. Hələlik əlavə gərginlik olmaması naminə bu proses dondurulub, ancaq diplomatların əvəzlənməsi yalnız zaman məsələsidir", - deyə "Past" vurğulayıb.

Nəşrin mənbələrinə görə, hazırkı mərhələdə Xarici İşlər Nazirliyi ilə Nikol Paşinyan arasında münasibətlər olduqca gərgindir. "Ona görə ki, hakimiyyətin nümayiş etdirdiyi yanaşma peşəkar diplomatlar arasında ciddi narahatlığa səbəb olur. Bəlkə də məhz bu gərginlik üzündən Nikol Paşinyan 2 mart Diplomat Günü münasibətilə keçirilən tədbirlərə qatılmayıb", - qəzet ehtimal edib.

Əlavə edək ki, 44 günlük müharibədən sonra XİN rəhbəri vəzifəsinə təyin edilən Ara Ayvazyan artıq tarixdə qalmış Dağlıq Qarabağ məsələsində, Türkiyəyə münasibətdə vaxtaşırı 10 noyabr kapitulyasiya sənədinin mahiyyətinə daban-dabana zidd absurd, olduqca qərəzli və faktiki radikal müxalifətin mövqeyi ilə səsləşən açıqlamalar verir. Bəzi informasiyalara görə, bu da Paşinyanın yürütdüyü xəttə uyğun deyil.

Hətta bir qədər öncə Ayvazyanın istefa ərizəsi yazdığı haqda xəbərlər yayılmışdı...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.