Dünya

CNN: Çinin “vaksin diplomatiyası“ onun nüfuzunu artırır

10 Yanvar 2021 15:29
Baxış: 553

Çin dünyanın bir çox ölkəsinə milyonlarla koronavirus peyvəndi vəd edib və onları çatdırmağa hazırdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, CNN-in hazırladığı geniş reportajda belə deyilir. 

Önümüzdəki aylarda Çin xarici ölkələrə yüz milyonlarla doza koronavirus peyvəndi göndərəcək. Xüsusən inkişaf etməkdə olan ölkələrə üstünlük veriləcək.

CNN bildirir ki, koronavirus Çindən yayıldığına görə bu ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə dəymişdi.

Koronavirus peyvəndini dünya ölkələrinə paylamaqla Çin zədələnmiş nüfuzunu yenidən bərpa edir. Bundan başqa, koronavirus peyvəndi Çinə xarici siyasətdə əlavə üstünlüklər verir. Vaşinqtondakı Xarici Münasibətlər Şurasının qlobal sağlamlıq məsələləri üzrə baş elmi işçisi Yanzhong Huang bu amilə diqqət çəkərək deyir ki, koronavirus peyvəndi Pekin tərəfindən yumşaq gücün təşviqi və beynəlxalq nüfuz layihəsi vasitəsi olaraq da istifadə edilir.

CNN xatırladır ki, koronovirusdan qorunmaq üçün əksər dünya ölkələrinə pulsuz maska paylamaqla Çin xeyli nüfuz qazandı. Çinin indi yeritdiyi siyasəti isə bəziləri "vaksin diplomatiyası" adlandırır.
Qeyd olunur ki, Çinin 1.4 milyard nəfərlik əhalisi arasında demək olar ki, koronavirusa yoluxan yoxdur. Bu amil Çinə imkan verir ki, istehsal etdiyi peyvəndləri xarici ölkələrə ötürsün və bunun müqabilində siyasi çəkisini artırsın. 

Reportajda bildirilir ki, Çin Türkiyəyə 50 milyon, Braziliyaya 46 milyon, İndoneziyaya 40 milyon doza peyvənd verib. Bu yaxınlarda isə Meksikaya 35 milyon doza peyvənd göndəriləcək.
Birləşmiş Ərəb Əmirlikləri isə Çin ilə birlikdə gələn il 75-100 milyon doza peyvənd istehsal etmək fikrindədir.

CNN bildirir ki, Çinin vaksinlə bağlı yeritdiyi qlobal xarakterli siyasətlə ABŞ-ın yeritdiyi siyasət arasında ciddi fərq var. Belə ki, Donald Trampın irəli sürdüyü "Öncə Amerika" (America first) yanaşması Amerikanın hansısa kasıb ölkəyə vaksin ixrac etməsinə imkan vermir. Bu isə Çinə yeritdiyi xarici siyasətdə geniş manevr imkanları yaradır. Bu faktdır ki, koronovirusla bağlı ortada olan boşluğu Çin doldurur.

May ayında keçirilən Ümumdünya Səhiyyə Təşkilatının iclasında çıxış edən Çin prezidenti Xi Jinping demişdi ki, Çin dünya ölkələrinin pandemiyanın öhdəsindən gəlməsinə kömək etmək üçün iki il ərzində 2 milyard dollar yardım edəcək. Onun ölkəsi həmçinin Latın Amerikası və Karib dənizi ətrafındakı ölkələrə koronavirus peyvəndi almaq üçün 1 milyard dollarlıq kredit ayırıb.

"CNN" vurğulayır ki, pandemiya dövründə Çində xarici ölkələrə 3 min ton dava-dərman göndərilib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.