Dünya

Koreya Respublikasının 2 ən böyük aviasiya şirkəti birləşir

18 Noyabr 2020 20:04
Baxış: 325

Koreya Respublikasının ən böyük aviasiya şirkəti olan "Korean Air" ölkənin ikinci iri aviasiya kompaniyası olan "Asiana Airlines"in səhmlərini 1,62 milyard ABŞ dollarına alacağını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Asiana Airlines" şirkətinin səhmlərinin satılmasına səbəb onun COVID-19 pandemiyası səbəbindən böyük itkilərlə üzləşməsidir. Bildirilir ki, "Korean Air" "Asiana Airlines" şirkətinin səhmlərinin 30,77 faizini Koreya İnkişaf Bankı da daxil olmaqla kreditorlardan alacaq. "Asiana Airlines" şirkətinin istiqrazları və onun törəmə şirkətləri də "Korean Air" kompaniyasının nəzarətinə keçəcək. Gələn ilin iyununda başa çatacaq sövdələşmə nəticəsində Koreya Respublikasının milli avidaşıyıcısı olan "Korean Air" ən böyük rəqibinin əsas səhmdarı olacaq.

Sövdələşmə barədə məlumat açıqlandıqdan sonra birjalarda "Asiana Airlines" şirkətinin səhmlərinin dəyəri təxminən 30 faiz bahalaşıb.

Qeyd edək ki, pandemiya səbəbindən beynəlxalq və daxili uçuşların sayının xeyli azalması "Asiana Airlines" şirkətinin maliyyə vəziyyətini xeyli çətinləşdirib. Şirkət üzləşdiyi çətinliklərə görə hələ fevralda fövqəladə vəziyyət elan edib və bir çox əməkdaş işdən çıxmaq vəziyyətində qalıb. Sövdələşmə baş tutacağı təqdirdə, "Korean Air" dünyanın ən böyük 10 aviasiya şirkətindən biri olacaq.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.