Dünya

"Azərbaycan işləyir, Ermənistan isə yatır" - ermənidən etiraf

16 İyun 2019 18:21
0 Şərh     Baxış: 3 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada iki icma (departament) məhkəməsinin qərarları Ermənistanda sanki "soyuq duş" effekti yaradıb və o effekt hələ də davam edir.

Mayın 29-da Fransanın Serji-Pontuaz İcma Məhkəməsi, iyunun 11-də isə Qrenoblun İnzibati Məhkəməsi Dağlıq Qarabağdakı ermənilərə "tərs şillə" sayıla biləcək qərardadlar verərək fransız şəhərləri ilə qarabağlı ermənilər arasındakı "dostluq xartiya"larını qanunsuz sayaraq ləğv edib.

Serji-Pontuaz İcma Məhkəməsinin qərarına görə, Fransanın Drom departamenti ilə Dağlıq Qarabağ arasındakı "dostluq anlaşması" qanunsuz sayılmışdısa, Qrenbol məhkəməsinin qərarında Frasanın Valans, Burq le Valasn və Burq de Peaj bələdiyyələrinin müvafiq olaraq Xankəndi, Şuşa və Martuni ilə imzaladıqları analoji sənədlər yolverilməz hesab olunub.

Fransada yaşayan erməni politoloq, Fransa Strateji Tədqiqatlar Mərkəzinin (Center for International Studies, CERİ) eksperti Kayts Minasyanın dediyinə görə, məhkəmələrinin qərarları ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Fransanın Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında neytrallıq saxlamaq niyyəti ilə bağlıdır.

"Zəniimcə, məhkəmələrin qərarları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Fransanın balanslaşdırılmış mövqelərini qorumaq istəyi ilə bağlıdır. Təbii ki, Azərbaycanın da bu istiqamətdə ciddi və heç az olmayan rol oynadığını vurğulamalıyam. Sirr deyil ki, azərbaycanlılar illərdən bəri ən müxtəlif beynəlxatq təşkilatlarda bəyan edirlər ki, ATƏT-in Minsk Qrupunda həmsədr ölkənin şəhərləri ilə dünya birliyi tərəfindən tanınmamış ərazi arasında dostluq bəyannamələri imzalana bilməz", - K.Minasyan deyib.

K.Minasyan habelə sözügedən məhkəmə qərarlarını Fransanın Azərbaycana ünvanladığı, Bakı ilə iqtisadi-siyasi əməkdaşlığın aktivləşdirilərək gücləndirilməsində Parisin maraqlı olduğuna işarə vuran mesaj kimi də qəbul edir.

"Fransa ilə Azərbaycan yetərincə yaxşı ticari-iqtisadi tərəfdaşlardır. Bu səbəbdən də Serji-Pontuaz və Qrenobl məhkəmələrinin belə qərar verməsində məsuliyyətin əhəmiyyətli hissəsi Ermənistanla Fransadakı erməni icmasının üzərinə düşür. Çünki faktiki olaraq Azərbaycan işləyir, Ermənistan isə yatır. Belə davranış modelində dəyişikliklər olmazsa, Ermənistanla qarabağlı ermənilərin əleyhinə qərarlar davam edəcək", - Kayts Minasyan vurğulayıb.

Fransadakı erməni icmasının tanınmış simalarından birinin, "Le Monde" qəzetinin redaktoru Kayts Minasyan əslində, təşvişə düşüb və çox narahat olduğunu da hayların nəzərinə çatdırır.

Cənubi Qafqaz və xüsusilə də Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert rəyləri ilə çıxış edən Minasyanın İrəvandakı hakimiyyət dairələri və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə sıx əlaqələri mövcuddur.

Fransa mediasında sürəkli olaraq anti-Azərbaycan kampaniyaları təşkil edən, ölkəmizə qarşı nifrət bəsləyərək düşmən mövqelərini aşkar söyləyən K.Minasyanın açıqlamaları faktiki olaraq "Le Monde"un Azərbaycanla, ələlxüsus da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə ciddi təsir edir.

Bəhs etdiyim məqamdan dolayı K.Minasyan kimi Azərbaycan düşməninin ölkəmizin Ermənistanın Fransadakı çirkin niyyətlərinin bir qismini siyasi-diplomatik və hüquqi müstəvidə dezavuasiya etməsini deməsi, etirafı sıradan bir məsələ deyil.

Bu, Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.

Eyni zamanda, Fransa məhkəmələrinin qərarları və K.Minasyanın da ciddi narahatlığı göstərir ki, Fransadakı erməni diaspor təşkilatlarıın, lobbi strukturlarının bütün səylərinə rəğmən rəsmi Paris ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi statusunda neytrallığını qorumaq, daha doğrusu, belə davrandığının görüntüsünü yaratmaq məcburiyyətindədir.

Parisin başqa çıxış yolu yoxdur. Çünki Serji-Pontuaz və Qrenobl məhkəmələri çox kobud qanun pozuntusunu qeydə alaraq ləğv ediblər. Avropa Birliyi ölkələrində heç bir məhkəmə bu və digər Avropa şəhərinin Dağlıq Qarababağdakı separatçı rejimlə "dostluq bəyannaməsi"ni legitim saya bilməz.

Bundan başqa, xarici ölkələrdəki erməni diasporları arasında nüfuz, siyasi və maliyyə təsirləri imkanları baxımından lider mövqe tutan Fransa erməni diasporu da artıq anlayır ki, Azərbaycan siyasi, iqtisadi və hüquqi müstəvilərdəki bütün legitim imkanlarından yararlanmaqla Bakıya qarşı yönələn düşmən niyyətlərlə cəhdlərin və kampaniyaların qarşısını almaq iqtidarındadır.

Son illərdə Bakı və Paris arasındakı siyasi, mədəni, iqtisadi, ticari və s. əlaqələrin fasiləsiz, özü də sürətlə inkişafı, əlaqələrin güclənməsi də Fransa prezidenti Emmanuel Makronun administrasiyası ilə yanaşı, fransız isteblişmentinin qərarlarına təsirsiz ötüşəcək məqamlar da deyil.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.