Dünya

Gözlənilən oldu: təyyarəni vuranlar tapıldı - YENİLƏNİB - FOTO

19 İyul 2014 19:56
4 Şərh     Baxış: 12 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:56

Malayziya təyyarəsinin vurulduğu rayona gələn ATƏT nümayəndələri bəyan edib ki, rusiyameylli silahlılar onların işləməsinə mane olurlar. Üstəlik onların təhlükəsizliyi də sual altındadır.

Milli.Az anspress-ə istinadən bildirir ki, beynəlxalq Mülki Aviasiya Təşkilatı vurulan Malaziya təyyarəsi ilə bağlı faktları araşdırmaq üçün Ukraynaya mütəxəssis heyəti göndərəcəyini bəyan edib. Hadisə ilə bağlı Ukrayna hökuməti beynəlxalq araşdırma aparılması üçün müraciət edib, ABŞ və digər dövlətlər bu məsələdə yardımçı ola biləcəklərini bildiriblər. Lakin hələ də hadisə yerinə girişin mümkün olub -olmayacağı sual doğurur. Təyyarənin vurulduğu ərazi rusiyayönümlü üsyançıların nəzarəti altındadır.

Malaziyanın nəqliyyat naziri bəyan edib ki, hadisənin araşdırmasına şərait yaradılmalı, əraziyə təhlükəsiz giriş üçün dəhliz açılmalıdır. İlk növbədə o müəyyən edilməlidir ki, təyyarəni kim və necə partladıb. 

Birləşmiş Ştatlar prezidenti Barak Obama Malaziya təyyarəsinin Ukraynanın şərqində rusiyapərəst qüvvələrin nəzarətində olan ərazidən vurulduğunu deyib.

BMT-nin baş katibi mülki təyyarənin açıq-aydın şəkildə vurulmasını pisləyib.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 298 nəfərin öldüyü təyarənin Rusiya tərəfindən raketlə vurulduğunu bildirib.

Ukrayna mətbuatı təyyarədə ölənlərin soyulması, pul və kredit kartlarının oğurlandığı barədə informasiya yayıb.

İyulun 17-i Amsterdamdan Kuala-Lumpura uçmalı olan sərnişin təyyarəsi Ukrayna üzərində BUK yer-hava raket kompleksi ilə vurulub. Göyərtədə 80-i azyaşlı olmaqla 298 nəfər ölüb. Ölənlərin 173-ü hollandiyalıdır. 

Hadisəyə görə, Ukrayna və Rusiya hökumətləri bir- birini ittiham edirlər. 

---------
10:43


ABŞ-ın vitse-prezidenti Cozef Bayden bildirib ki, Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeing 777" sərnişin təyyarəsini Ukraynanın Donetsk vilayətinin Qrabovo kəndinin yaxınlığında separatçılar vurublar.
 

Milli.Az UNN-a istinadən bildirir ki, C.Baydenin sözlərinə görə, bununla bağlı ABŞ danılmaz dəlillərə malikdir.

El Mundo bildirir ki, Ukraynanın şərqindəki separatçılar təyyarənin vurulmasından 3 gün əvvəl sosial şəbəkələrdə, xüsusilə də Vkontakte-də "Buk M3" zenit-raket kompleksinin fotolarını yaymışdılar.
 

Separatçıların qondarma "Donetsk Xalq Respublikasının müdafiə naziri" İqor Strelkov təyyarənin vurulmasından iki gün əvvəl Vontakte-dəki profilində "Ukraynaya hədiyyə hazırlayırıq" yazmışdı.
 

"Boeing 777" vurulan anlarda isə o, "Ukraynanın An-26 təyyarəsini vurduq" yazmış, yerə düşən təyyarənin video və fotolarını yaymışdı. Lakin o, partladılan təyyarənin Ukraynanın An-26-sı yox, Malayziyanın "Boeing 777"si olduğunu anlayanda statusu, profil və fotolarını dərhal silib.

İqor Strelkovun Twitter-dəki profilində də "Boeing 777" vurulandan az sonra "Quşcığazı vurduq" yazmış, az sonra bu tviti silmişdi.

Amerikalı hərbi ekspertlər dünən sensasiyalı fotolar yayıblar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, fotolarda Ukraynanın Donetsk vilayətindəki Torez qəsəbəsinin küçələri ilə hərəkət edən "Buk M1" zenit-raket kompleksi (ZRK) aydın görünür.

"Buk" ZRK-sının təchiz olunduğu 9M317 raketləri 30 metrdən 14 kilometrədək yüksəklikdə olan hədəfləri asanlıqla vurur.

Britaniya hərbçiləri isə bildirirlər ki, Ukraynadakı separatçılar "Buk" zenit-raket kompleksinin tərkib hissəsi olan 9S18 M1 "Kupol" radiolokasiya stansiyasına da malikdir.
 

AsiaOne-nın yaydığı məlumata görə, Malayziyanın "Boeing 777" təyyarəsi "Buk-MB" 9K37MB zenit-raket kompleksi ilə vurulub.

Ukraynanın baş prokuroru Vitali Yaremanın dediyinə görə, separatçılar Ukrayna Silahlı Qüvvələrinin Donetskdəki Hava Hücumundan Müdafiə qoşunlarının texnikasını ələ keçirməyiblər.
 

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko isə bəyan edib ki, təyyarənin vurulduğu "Buk" ZRK-sını separatçılara Rusiya verib.

"İyulun 14-də separatçılarda "Buk"un olması barədə xəbər aldıq. Amma bu xəbərin təsdiqi yoxdu. İyulun 17-də, təyyarə vurulan gündə Rusiya separatçılara "Buk MB" veriblər. Rusiyalı heyətin də olduğu həmin "Buk" Suxodolskdan Torez qəsəbəsinə ötürülmüşdü", - V.Nalivayçenko bildirib.

Xatırladaq ki, iyulun 17-də Amsterdam-Kuala Lumpur marşrutu ilə MH17 reysli "Boeing 777" sərnişin təyyarəsi Ukraynanın şərqində, Donetsk vilayətindəki Qrabovo kəndinin yaxınlığında vurulub.
 

Faciədə 283 sərnişin və 15 heyət üzvü vardı. Sərnişinlərin 189 nəfəri Hollandiya, 4 nəfəri Belçika, 44 nəfəri Malayziya, 27 nəfəri Avstraliya, 20 nəfəri ABŞ, 9 nəfəri Britaniya, 12 nəfəri İndoneziya, 4 nəfəri Almaniya, 3 nəfəri Filippin, 1 nəfəri Kanada, 1 nəfəri isə Yeni Zelandiya vətəndaşı idi.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.