İqtisadiyyat

Bu gün Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 yola salınır

18 Dekabr 2025 11:28
Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin bu gün yola salınacaq.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.

Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: "Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin".

Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.