Dünya

Kasıb müəllim qızı şahzadə tituluna necə yiyələndi?..

4 Aprel 2015 22:32
0 Şərh     Baxış: 3 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeşin birinci xanımı Lalla Salmanın həyat hekayəsi... 

Müasir dövrdə müxtəlif səpkili fəaliyyətləri ilə dünya çapında tanınan xeyli sayda "först ledilər" (birinci xanımlar) var. Modern.az saytı "Birinci ledilər" layihəsində xarici ölkələrin dövlət başçılarının xanımları barədə məlumatların təqdimatını davam etdirir. Bu silsilədən növbəti yazı Mərakeş Krallığının birinci ledisi haqqındadır.

Milli.Az modern.az-a istinadən bildirir ki, Afrika ilə Avropa arasında mühüm körpü rolunu oynayan, Afrika materikinin şimal-qərb hissəsində yerləşən, İslam dövləti kimi tanınan və ərəbcə "Əl-Məmləkə əl-Məğribiyə" adlanan Mərakeş Krallığı qədim sivilizasiya mərkəzi olmaqla yanaşı, zəngin mədəniyyətə, özünəməxsus ekzotik təbiətə malik ölkədir. 1984-cü ildə "Afrika Birliyi Təşkilatı" üzvlüyündən imtina edən Mərakeş yeganə Afrika ölkəsidir ki, "Afrika İttifaqı"na daxil deyil.

Ölkəni 1666-cı ildən "əl-Alviyyə" sülaləsi idarə edir. Ölkənin başçısı Kral VI Məhəmməd 21 avqust 1963-cü ildə paytaxt Rabat şəhərində anadan olub. 1999-cu ildə atası Kral II Həsənin ölümündən sonra hakimiyyətə gəlib.

Ölkədə bır sıra demokratik yeniliklərə, siyasi, iqtisadi və sosial islahatlara imza atmış Kral VI Məhəmməd xalq arasında "kasıbların hamisi" ləqəbini qazanıb. Onun həyata keçirdiyi çoxsahəli proqramlar iqtisadi inkişafın daha da sürətlənməsinə, sahibkarlığın tənzimlənməsinə və ölkəyə xarici investisiya axınına səbəb olub.

Kral VI Məhəmmədin təqdirəlayiq islahatlarından biri də 2004-cü ildə qəbul edilən "Mudvana əl-usra əl-məğribiyyə" (Mərakeş ailəsinin qanunu) adlı yeni Ailə Məcəlləsidir. İslam dininin tələblərinə uyğun olaraq hazırlanan bu qanunlar toplusu hüquqi cəhətdən nikah, talaq (boşanma), nafaka (qadına düşən pay, miras), aliment, valideyn hüququ, vəsiyyət, vərəsə, əmlakın müəyyənləşdirməsinə və s. xidmət edir. "Mudvana" Mərakeş qadınlarının hüquqlarını özündə əks etdirməklə yanaşı, uşaqların mənafelərini də müdafiə edir.

Salma Bennani 10 may 1978-ci ildə Mərakeşin Fas şəhərində ziyalı ailəsində anadan olub. Kasıb, sıravi müəllim ailəsində dünyaya göz açan bu qız nə vaxtsa Mərakeş şahzadəsi olacağını ağlına belə, gətirmirdi. Atası Abdulhamid orta məktəbdə biologiya müəllimi idi. 1981-ci ildə anası Naima Bensoudanın vaxtsız vəfatından sonra paytaxt Rabata köçən Salma və bacısı nənəsinin himayəsində böyüyür.

İlkin ibtidai təhsilini Rabat mədrəsələrinin birində alan xanım Salma 1995-ci ildə "II Həsən" adlı liseyin riyaziyyat üzrə bakalavr dərəcəsini bitirib, iki il "Muley Yusif Litseyi"nin hazırlıq kurslarında, daha sonra isə Ali Riyaziyyat Məktəbinin informatika və sistemli analiz bölümündə təhsil alaraq, informasiya sistemi üzrə mühəndis diplomuna yiyələnib.

Təhsilini başa vurduqdan sonra, ən böyük holdinqlərdən biri olan "Omnium North Africa" koorparasiyasında mühəndis vəzifəsində çalışıb. Qeyd edim ki, holdinqin 20 faiz səhmləri rəsmi olaraq, kral ailəsinə mənsubdur.

Mərakeş Kralı II Həsənin vəfatından 4 ay öncə holdinqin təqdimat mərasimlərinin birində təsadüf nəticəsində xanım Salmanı görən Vəliəhd Məhəmməd qıvrım saçlı, ağbəniz Məğrib gözəlinə aşiq olur. Salma Bennani də Vəliəhd Məhəmmədin sevgisinə laqeyd qalmır, düşünmədən "hə" cavabı verir. Təbii, gələcək taxt-tacın varisinə, milyonların sahibinə hansı qız biganə qala bilərdi?!...

Kral ailəsinin tarixində ilk dəfə olaraq, ölkə başçısı sadə xalqın içindən sevib-seçdiyi xanımla izdivaca qərar verir. Mərakeş adət-ənənələrinə uyğun olaraq qız evinə elçiliyə gedilir və ailəsinin razılığı alınır. Mərakeş kralının nişan xəbəri ölkədə elan olunarkən, bəzi çevrələrdə sarsıdıcı şok effekt yaradır. 

12 oktyabr 2001-ci ildə rəsmi nişan, 21 mart 2002-ci ildə möhtəşəm nikah mərasimi keçirilir. Bir çox dövlət rəhbərlərinin və birinci xanımların, hökümət nümayəndələrinin, məşhur simaların iştirak etdiyi toy mərasimi 12 iyul 2002-ci ildə baş tutur və öz möhtəşəmliyi ilə göz oxşayır.

12 aprel 2002-ci ildə xanım Salmaya rəsmi olaraq, Lalla (şahzadə) titulu verilir və onu da qeyd edim ki, Mərakeş kral ailəsində qadınlar (kralın xanımı, qızları, anası, bacıları) Lalla titulu daşıyırlar.

Cütlüyün 2003-cü ildə Vəliəhd Molay Hasan adlı oğlu, 2007-ci ildə isə, Şahzadə Lalla Xədicə adlı qızları dünyaya gəlir.

 

Mərakeşdə əsrlər boyu kral ailəsinin xanımları saray daxilində, hündür divarların arxasında insanlardan, cəmiyyətdən uzaq, qapalı həyat tərzi sürürdülər. Lakin Lalla Salma kral sarayındakı mövcud streotipləri qıraraq, Kral-Birinci xanım tandemini ortaya qoydu, ölkənin ictimai və sosial həyatında fəal rol oynadığını nümayiş etdirdi. Bu yeniliyin səbəbkarı ilk növbədə birinci xanımın həyat yoldaşı Kral VI Məhəmməddir. Atasından fərqli olaraq, ölkəsinin xarici və daxili siyasətində köklü dəyişikliklər edən, xalqının mənafeyi naminə yeni islahatlara, qərarlara imza atan, hətta ailə qurarkən belə, kral ailəsinin xanımlarından vaz keçərək sadə müəllim qızı ilə evlənməyə qərar verən Kral VI Məhəmməd cəmiyyətdəki proseslərə obyektiv qiymət verməyi bacaran dövlət başçısıdır. 

Həyat yoldaşı seçimində də növbəti uğuruna imza atan Kral geniş siyasi dünyagörüşünə malik olduğunu bir daha sübut etdi və xanımını cəmiyyət arasına çıxararaq, xalqla bir olduğunu nümayiş etdirdi. Birinci ledi ölkəsində kral ailəsi ilə ictimaiyyət arasında mahir əlaqələndirici hesab olunur. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.

Kral ailəsinin gəlini olduqdan sonra, üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirən Lalla Salma Mərakeş xalqının hədsiz dərəcədə sevgisini və rəğbətini qazanıb. Birinci xanımın sayəsində sadə insanların hakim sülaləyə olan hörməti birə-beş artdı. Lalla Salma ölkə qadınlarının sevimlisi, örnək aldıqları zəriflik, sadəlik mücəssəməsidir. Birinci xanım çoxşaxəli fəaliyyəti ilə ölkəsində qadın hərəkatını canlandıraraq Mərakeş tarixində yeni bir mərhələ açdı.

2005-ci ildə "Lalla Salma adına xərçəng xəstəliyinə qarşı mübarizə fondu"nu yaradan Mərakeşin birinci xanımı bu xəstəlikdən əziyyət çəkənlərin tibbi müalicəsinə maddi yardımlar edir. "Xərçəng xəstəliyinə tutulan və yardıma ehtiyacı olanlara təmənnasız əl uzatmaq" devizi ilə fəaliyyət göstərən fond maddi durumu ağır olan minlərlə xəstənin yenidən həyata qayıtmasına yaxından köməklik göstərib.

Birinci xanımın təşəbbüsü ilə Mərakeşdə mütəmadi olaraq qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Ərəb, fransız, ispan, ingilis dillərində sərbəst danışan Lalla Salma səmərəli, humanist, çoxşaxəli ictimai fəaliyyəti ilə yalnız ölkəsində deyil, eləcə də dünyada tanınır. 2006-cı ildə BMT-nın xoşməramlı səfiri seçilən birinci xanım təhsil, səhiyyə, mədəni, humanitar sahələrlə bağlı layihələrə daim dəstək verir.

"Materializm, fanatizm və özünə qapanma cəmiyyətdə insanları məhvə sürükləyir. Dini, mədəni, ümumbəşəri dəyərlərə qiymət vermək biz insanların ən ümdə borcudur" - UNESCO-dakı çıxışını bu fikirlərlə tamamlayan Lalla Salma dünya miqyaslı beynəlxalq konfransların, mötəbər tədbirlərin fəal iştirakçısıdır.

Təhsilin inkişafı üçün layihələrin reallaşmasına ciddi nəzarət edən birinci xanım qızların, qadınların savadlanması yolunda var qüvvəsi ilə çalışır.

Aktiv ictimai fəaliyyətlə məşğul olan Lalla Salma bir çox dövlətlərin ödülləri, fəxri adlarla təltif olunub.

Mərakeşin milli musiqisinin dünyadakı təbliğatında da Lalla Salmanın xidmətləri əvəzsizdir. Birinci xanımın maddi dəstəyi və rəhbərliyi ilə Mərakeşdə hər il "Beynəlxalq Fas muğam və ilahi musiqilər festivalı" keçirilir.

Mərakeş xanımlarının qiyafətləri rəngarəngliyi, naxışları, zərifliyi ilə daim göz oxşayır. Toy-nişan mərasimlərində, ziyafət və qonaqlıqlarda kral ailəsinin üzvləri hər zaman milli geyimlərdə olurlar.

"Ərəb dünyasının modern üzü" kimi səciyyələndirilən Lalla Salmanın bir özəlliyi də daş-qaşlı, bər-bəzəkli milli geyimlərdən istifadə etməsidir.

Birinci xanım ailədaxili özəl günlərdə, rəsmi mərasimlərdə, dövlət tədbirlərində "kaftan" adlanan milli Mərakeş əlbisələri geyinir. Ölkəsinin milli-mənəvi dəyərlərinə böyük önəm verən Lalla Salma Mərakeşin milli geyimlərinin dünyada təbliğatçısıdır.

Qərb aləmində "Kaftanın dünya elçisi", ərəb dünyasında isə "Safirat lalkaftan əl-məğribi" (Mərakeş kaftanının səfiri) adlandırılan və milli geyimlərlə daim diqqət mərkəzində olan Lalla Salma xarici ölkələrdə özünəməxsus dəb tərzi ilə əcnəbiləri valeh edir. 

Avropa mediası Mərakeşin birinci ledisini belə səciyyələndirir: "Bəlkə iddialı olacaq, amma Lalla Salma kimi dünyada heç bir qadına kaftan bu dərəcədə yaraşmır. Hündür boylu, incə görünüşlü, xoş təbəssümlü təbii Mərakeş gözəli dünyanı təəccübləndirməkdə davam edir".

Lalla Salma Avropa Kral ailələrinin rəsmi və özəl mərasimlərində bəzən həyat yoldaşı ilə bərabər, bəzən də tək olaraq ölkəsini təmsil edir.

Övladlarının təlim-tərbiyəsinə ciddi nəzarət edən birinci xanım boş vaxtlarında idmanla məşğul olur.

Lalla Salma xüsusilə qarlı havada xizək sürməyi daha çox xoşlayır və Avropaya səfərləri zamanı sevimli hobbisinə vaxt ayırır.

"Ərəb qadını hər bir sferada özünü isbat etməyə, mübarizə apararaq qələbə qazanmağa qadirdir" - deyən Lalla Salma sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, ölkəsi üçün var gücü ilə çalışan vətənpərvər ziyalı xanımdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.