İranın daxilində və ətrafında cərəyan edən hərbi əməliyyatlar fonunda ölkənin yeni ali dini rəhbəri hesab olunan Müctəba Xameneyinin taleyi ilə bağlı dünya mediasını sarsıdan məlumat yayılıb. Böyük Britaniyanın nüfuzlu "The Times" qəzeti İran rəhbərliyinin varisi Müctəba Xameneyinin sağlamlıq vəziyyəti haqqında sensasiyalı iddialarla çıxış edib.
Milli.Az xəbər verir ki, ABŞ və İsrail kəşfiyyatının Körfəz ölkələrinə ünvanladığı məxfi diplomatik notaya əsasən, Müctəba Xameneyi atası Əli Xameneyinin öldürüldüyü hücum zamanı ağır yaralanıb.
Sözügedən rəsmi sənəddə Müctəba Xameneyinin hazırkı durumu belə təsvir edilir:
"Müctəba Xameneyinin səhhəti kritikdir. O, hazırda Qum şəhərində gizli şəkildə müalicə alır. Yaraları ağır olduğu üçün rejimin heç bir qərar qəbuletmə prosesində iştirak edə bilmir."
İddialar bununla bitmir. Məlumata görə, ABŞ və İsrail kəşfiyyatı Müctəba Xameneyinin sığındığı yeri artıq bir müddətdir ki, dəqiq bilirmiş. Lakin bu məlumatın indiyədək gizli saxlanılması diplomatik və hərbi strategiyalarla izah olunur.
Əgər bu iddialar rəsmən təsdiqlənərsə, İranın ali dini rəhbərliyində ciddi hakimiyyət boşluğunun yarandığı və ölkənin idarəetmə sisteminin iflic olduğu deməkdir. Hazırda Tehran rəsmiləri bu məlumatlarla bağlı hər hansı rəsmi açıqlama verməkdən yayınırlar.
Səkinə Yusifova
Milli.Az





