Dünyanın ən xoşbəxt ölkəsi ünvanını düz 9 ildir heç kimə verməyən Finlandiya bu uğurun sirrini bütün dünyaya öyrətməyə hazırlaşır. Finlandiya sərhədlərini "xoşbəxtlik maraqlıları" üçün açmaq qərarına gəlib. Yeni başladılan xüsusi layihə ilə ödənişsiz səyahət və yaşayış imkanı təklif olunacaq.
Milli.Az xəbər verir ki, Finlandiya Birləşmiş Millətlər Təşkilatının hər il dərc etdiyi Dünya Xoşbəxtlik Hesabatında artıq 9-cu ildir ki, zirvədədir. Gəlir səviyyəsi, sağlamlıq, ictimai etibar, fərdi azadlıqlar və korrupsiya dərəcəsi kimi bir çox meyarlar üzrə əldə etdiyi yüksək ballar sayəsində bu ünvanı qoruyub saxlayır. Xüsusilə dostpərəst cəmiyyət quruluşu, geniş azadlıq sahəsi və uzun ömür müddəti ilə diqqət çəkir.
Finlandiya bu uğurun arxasındakı həyat tərzini dünyaya nümayiş etdirmək üçün qollarını çırmayıb. "Chill Like a Finn" (Finli kimi rahatla) adlı yeni layihəsi ilə məhdud sayda insana tamamilə ödənişsiz bir həftəlik xoşbəxtlik proqramı təqdim edəcək.
Finlandiyanın xoşbəxtlik formulu əslində kifayət qədər sadədir: sürətli temp, daim əlaqədə qalmaq təzyiqi və mürəkkəb həyatın tam əksi olan sadə bir yaşam tərzi. Fin xalqı təbiətlə güclü bağını qorumağı hər şeydən üstün tutur. Gündəlik həyatın qaçhaqaçından uzaqlaşmaq, texnologiyadan bir qədər qopmaq və təbiətdə vaxt keçirmək onların xoşbəxtlik anlayışının təməl daşlarıdır. İş-həyat balansını düzgün quran finlilər stresslə mübarizə üçün təbiətin təqdim etdiyi sakitliyi ən effektiv vasitə hesab edirlər.
"Visit Finland" tərəfindən həyata keçirilən layihə çərçivəsində müxtəlif ölkələrdən seçiləcək altı cütlük Finlandiyada tamamilə ödənişsiz bir həftəlik proqramda iştirak edəcək. İştirakçılar ölkənin ən hüzurlu bölgələrindən biri olan Göllər Bölgəsində (Lakeland) qonaq ediləcəklər.
Geniş gölləri, yamyaşıl meşələri və sakit təbiəti ilə məşhur olan bu bölgədə iştirakçılar Fin həyat fəlsəfəsini şəxsən təcrübə edəcəklər. Proqrama aşağıdakılar daxildir:
Sauna seansları
Kitab oxuma saatları
Təbiətdə səssiz gəzintilər
Tamamilə dincəlməyə yönəlmiş fəaliyyətlər
Məqsəd ziyarətçilərin gündəlik həyatın stressindən uzaqlaşıb Finlərin xoşbəxtlik yanaşmasını öz həyatlarına daşıya bilmələrini təmin etməkdir. İştirakçılar proqram boyunca həm zehni, həm də fiziki olaraq dərin bir yenilənmə yaşayarkən, eyni zamanda Şimali Avropanın füsunkar yay fəslindən zövq alacaqlar.
Lalə Qüdrətova
Milli.Az





