Dünya

Qəzadan sağ çıxan yeganə sərnişin DANIŞDI

13 İyun 2025 00:15
Baxış: 2 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

London istiqamətində uçan Air India təyyarəsi Ahmedabad şəhərində havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə 242 nəfər, o cümlədən 10 ekipaj üzvü və 2 pilot olub. Təəssüf ki, 200-dən çox insan həyatını itirib. Lakin möcüzəvi şəkildə, 11A oturacağında əyləşən bir sərnişin sağ qalaraq faciədən qurtulub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı Britaniya-Hind əsilli Ramesh Vishwaskumar Bucharvada təyyarənin fövqəladə çıxış qapısının arxasında - 11A oturacağında əyləşmişdi.

Ramesh, Güceratda yerləşən ailəsini ziyarət etdikdən sonra qardaşı Ajay Kumar Ramesh ilə birlikdə Londona qayıdırdı. Qardaşının taleyi hələ də naməlumdur.

Ramesh yaşadığı dəhşətli anları belə təsvir edib:

"Ətrafımda cəsədlər var idi, təyyarənin hissələri hər yanda idi. Kimsə məni tutdu və təcili yardıma mindirdi."

Ramesh sinəsində, gözlərində və ayaqlarında xəsarət alıb.

Ahmedabad Polis Komissarı GS Malik sağ qalan sərnişinlə bağlı bunları deyib:

"11A oturacağında bir nəfər sağ qalıb. Hazırda xəstəxanada müalicə olunur. Qəza yaşayış ərazisində baş verdiyi üçün ölüm sayı arta bilər."

Sosial şəbəkələrdə yayılan bir videoda yaralı Ramesh təcili yardıma doğru gedərkən görünür. Ətrafdakılar ondan qəza haqqında suallar verirlər. Ramesh o anları belə xatırlayır:

"30 saniyə ərzində güclü səs eşidildi və təyyarə qəfil yerə çırpıldı. Hər şey o qədər sürətli oldu ki, nə baş verdiyini belə başa düşmədim."

Qəza günorta saatlarında baş verib. Sosial mediada yayılan görüntülərdə təyyarənin alçaq hündürlükdə uçduğu, havada qalmağa çalışdığı görünür. Saat 13:38-də təyyarə yerə çırpılaraq nəhəng alov topuna çevrilib. Təyyarənin uzun məsafəyə - Londona uçduğu üçün yanacaqla tam dolu olduğu da bildirilir.

Ramesh Bucharvada-nın sağ qalması bir çoxları tərəfindən Tanrının müdaxiləsi və mucizə kimi qiymətləndirilir. Hadisə zamanı göstərilən möcüzəvi qurtuluş ümidin və həyatın gücünü bir daha xatırlatdı.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.