Qara dənizdə son günlər müşahidə olunan gərginlik fonunda yeni hadisə baş verib. Türkiyəyə məxsus F-16 qırıcıları Qara dəniz üzərindən hava məkanına yaxınlaşan bir pilotsuz uçuş aparatını (PUA/İHA) vuraraq zərərsizləşdirib.
Milli.Az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava izi aşkar edilib və mövcud prosedurlara uyğun olaraq nəzarətə götürülüb. Hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə NATO və Milli Nəzarət çərçivəsində F-16-lara həyəcan reaksiya tapşırığı verilib.
Aparılan yoxlamalar zamanı hava izinin idarəetmədən çıxmış bir pilotsuz hava aparatı olduğu müəyyən edilib. Hər hansı mənfi hadisənin qarşısını almaq üçün İHA məskunlaşmış ərazilərdən kənarda, təhlükəsiz zonada vurularaq yerə endirilib.
Nazirliyin açıqlamasında bildirilir ki, hadisə tam nəzarət altında həyata keçirilib və mülki əhali üçün heç bir təhlükə yaranmayıb.
Qeyd edək ki, bu hadisə Ukraynanın son həftələrdə Rusiyaya neft daşıyan tankerlərə hücumlarından sonra Qara dənizdə təhlükəsizlik vəziyyətinin yenidən diqqət mərkəzinə düşdüyü bir dövrdə baş verib.
Lalə Qüdrətova
Milli.Az





