İdman

“Bir milyon da versələr, Emil “Tobol”da qalmazdı” - Balayevin atası

3 Fevral 2020 14:24
1 Şərh     Baxış: 2 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim şərəfimiz var. Emil, demək olar ki, aylıq 20 min dollar maaşdan imtina etdi.

Milli.Az xəbər verir ki, millimizin qapıçısı Emil Balayevin atası Nazim Balayev qol.az-ın suallarını cavablandırıb. O, oğlunun Qazaxıstanın "Tobol" klubundan ayrılmasından və digər məsələlərdən danışıb.

- Emil Balayevin "Tobol"dan ayrılması sırf komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlməsi ilə bağlı oldu?

- Emil, ilk növbədə, dinini, millətini və dövlətini sevən bir şəxsdir. Ona görə də erməni millətindən olan birinin rəhbərliyi altında oynamaq, onun tapşırıqlarını yerinə yetirmək heç cür alınmazdı. Peşəkarlıqdan danışırlar. Məgər erməninin qarşısında susmalısan ki, mən peşəkaram, şərəfim yoxdur? Peşəkarların da şərəfi, mənliyi, kişiliyi var. Məsut Özili gördünüz? Almaniya kimi millidən imtina etdi. Almaniya vətəndaşlığından çıxmaq istəyirdi. Çində uyğurlara edilən zülmə susmadı. Emil də bir türk balasıdır. Mümkün deyil idi ki, erməninin rəhbərliyi altında oynasın. Bizim Qarabağ, Xocalı kimi dərdimiz var. Ermənilər bizə qarşı heç bir müharibə qanunlarına uyğun olmayan vəhşiliklər ediblər. Yaşlı analarımızın gözlərini çıxarıblar, körpələrin qulağını kəsiblər. Bunları unutmaq olmaz. Mən döyüşlərdə olmuşam. Hər şeyi görmüşəm. Ermənilərin əsir götürdüyü qızlarımız bizim bacılarmız sayılır. Şəxsən mən hər gecə bunu düşünürəm. 

- Emilin "Tobol"da şəraiti yaxşı idi?

- Əlbəttə, şəraiti də yaxşı idi, qazancı da. Biz böyük məbləğdə pullarda imtina etdik, ancaq şərəfimizi, dinimizi, dövlətimizi satmadıq. Hətta bu gün Emil klubsuz qalsa belə, oğlum düzgün qərar verib. Bəziləri yazır ki, qalsa, yaxı olardı, ermənidən qaçır. Ermənidən heç kim qaçmır. Erməni kimdir ki, ondan qaçaq. Bu dəqiqə də Emil ordadır. "Tobol" da bizi başa düşdü, sağ olsunlar. Ayrılmağın səbəbini başa düşdülər.

- Deyilənə görə, "Tobol"un baş məşqçisi Qriqori Babayan Emildən komandada qalmasını istəyib.

- Dubayda olanda Babayan Emilə yaxınlaşıb deyib ki, sən mənim əsas qapıçımsan, istəyərdim ki, burada oynayasan. Emilə özündən danışıb. Deyib ki, babam 1937-ci ildə bura sürgün olunub. Mən Qazaxıstanda doğulmuşam, buranın mentaliteti ilə yaşayıram, Ermənistanla heç bir əlaqəm yoxdur. Emil də deyib ki, hələ heç nə deyə bilmərəm, baxarıq. Şükürlər olsun ki, Emil "Tobol"dan ayrıldı. Bu gün azad agentdir. Orda Emilə 1 milyon da versələr, qalası deyildi. Çünki bizim şərəfimiz var. Emil, demək olar ki, aylıq 20 min dollar maaşdan imtina etdi. Təsəvvür edirsiz?

- Qeyd etdiniz ki, Emil hazırda Qazaxıstandadır. Onun Qazaxıstan klublarından birinə keçməsi mümkündür?

- Bəli ordadır. Bir az işləri var. Ola bilsin ki, Qazaxıstanda qaldı. Orda da təklifləri var. Rusiyaya və ya Avropaya da gedə bilər. Hələ ki bilinmir. Azad agent statusunu aldığı üçün bir az rahatlaşmışıq. Baxaq görək necə olur. Əsas odur ki, "Tobol"dan ayrılıb.

- Emilin əsas fikri nədir, Avropada oynamaq, yoxsa Qazaxıstanda qalmaq?

- Hazırda maliyyə tərəfi bizi çox maraqlandırmır. Əsas odur ki, oynasın və artırsın. Daima oynayacağı komandaya getməlidir. Meneceri gündə bir təklif deyir. Təklifləri çoxdur. Ancaq hələ konkret bir şey yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.