İdman

Premyer Liqanın XXVI turunda nələr baş verdi?

5 Aprel 2010 09:17
Baxış: 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turun mərkəzi oyunu Lənkəranda keçirildi və "Xəzər Lənkəran" "Fırtınalar meydanı"nda ardıcıl ikinci dəfə "Qarabağ"a qalib gəldi. Hesabı 45-ci dəqiqədə İvan Çvetkov penaltidən açdı. 54-cü dəqiqədə Mario Souza fərqi iki topa çatdırdı. 62-ci dəqiqədə Georgi Adamiya fərqi minimuma endirsə də, "Qarabağ"ın bundan artığına gücü çatmadı.

Daha bir maraqlı qarşılaşma "Neftçi" ilə "Qəbələ" arasında keçirildi. Hamı bu oyunda "Neftçi"dən qələbə gözləsə də, son dövrlər uğurlu çıxışı ilə diqqəti çəkən "Qəbələ" Bakıdan üç xalla döndü. Hesabı 35-ci dəqiqədə Milan Antiç açdı. 63-cü dəqiqədə Rəşad Abdullayev tarazlığı bərpa etsə də, matçın əsas vaxtına əlavə olunmuş 90+5-ci dəqiqədə Tomaş Stolpa "Qəbələ"nin qələbə qoluna imza atdı.

İlk "altılığ"ın son qarşılaşması bazar günü keçirildi. "Şəfa" stadionunda baş tutan paytaxt derbisində "İnter" Bakının eyniadlı komandasını qəbul etdi. "Bakı" oyuna yaxşı başladı və ilk dəqiqədə rəqibi əks-hücumda yaxalayan Jaba hesabı açdı. "Bakı"nın üstünlüyü 17 dəqiqə davam etdi. Cərimə zərbəsindən sonra Saşa Yunisoğlu topu öz qapısına göndərib, anti-qəhrəmana çevirildi. Matç bu hesabla da başa çatdı. Beləliklə, "İnter" klubun fəxri prezidenti, Beynəlxalq Bankın İdarə Heyətinin rəhbəri, AFFA İcraiyyə Komitəsinin üzvü Cahangir Hacıyev canlı izlədiyi matçda qələbə qazana bilmədi. Əvəzində xal hesabını 23-ə çatdırıb, liderliyini qorudu.

İkinci "altılıq" çərçivəsində dünən iki oyun keçirildi. "Olimpik-Şüvəlan" "Turan"ı qəbul etdi. "Şəfa" stadionunda keçirilən qarşılaşmada Anatoli Doroş şou göstərdi. Moldova yığmasının üzvü ilk yarıda "Turan"ı 3 dəfə meydanın mərkəzinə dəvət etdi. Daha bir qola Alves Dos Santos imza atdı. "Turan" isə son dəqiqələrdə Nadir Nəbiyevin qolu ilə təsəlli tapdı.

"Simurq" Zaqatalada "Muğan"ı sınağa çəkdi. Premyer Liqanın təsnifat mərhələsində Salyan klubuna qarşı keçirdiyi iki oyunda qələbəyə həsrət qalan Zaqatala təmsilçisi bu dəfə "şeytanın qıçını sındırdı". "Simurq"u "qara zolaqdan" çıxaran qola 16-cı dəqiqədə Elşən Məmmədov imza atdı.

Turun son oyunu isə bazar günü Yevlaxda baş tutdu. Austayderlərin dueli kimi diqqəti çəkən oyunda "Karvan"ın baş məşqçisi Yunis Hüseynov keçmiş komandası "Standard"la qarşılaşdı. Hesabı 33-cü dəqiqədə Fərid Quliyev açdı. 68-ci dəqiqədə Xaqani Məmmədov tarazlığı bərpa etsə də, "Karvan"ın sevinci cəmi bir dəqiqə çəkdi. Belə ki, 69-cu dəqiqədə Georgi Seturidze "Standard"ın qələbə qoluna imza atdı. Matçın sonlarına yaxın qırmızı vərəqə alan Emin Quliyev komandasını azlıqda qoydu.

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.