İdman

Futbol-proqnozun anatomiyası: qalib oynamayandı!

12 Yanvar 2011 10:36
Baxış: 16 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ölkəmizdə bukmeker kontorlarının rəsmiləşməsi ilə bağlı bəyan edilmiş dövlət nəzarətinə alınma prosesi başlanıb. Gənclər və İdman Nazirliyi ötən ilin sentyabrında kontorların fəaliyyəti ilə bağlı qısa müddətdə lisenziyalaşdırmaya başlanacağını da vurğulamışdı.
Əgər dünən kimi bukmeker kontorlarını işlədəcək vergi ödəyicilərinin məsələsi açıq qalırdısa, artıq bu problem həllini tapıb. Nazirlər Kabinetinin 29 dekabr 2010-cu il 245 nömrəli qərarı ilə vergi məsələsi də tənzimlənib.

Ölkəmizdə idmanda mərc oyunlarını təşkil etmək "Azinteltek" şirkətinə həvalə olunub. "TopAz" brendi ilə fəaliyyət göstərəcək kontorlar ölkəmizin əksər bölgələrini əhatə edəcək. Amma bunun üçün öncə "Azinteltek" gözə görünən və görünməyən maneələri dəf etməlidi.

"Qara bazar"ın "qızıl mexanizması"

Ölkəmizdə fəaliyyət göstərən kontorların hamısı qəbul etdikləri kuponları Bakıda Bakıxanov qəsəbəsi ərazisində fəaliyyət göstərdiyi deyilən mərkəzi kontora ötürür. Amma bu, yeganə "ana kontor" deyil. Bu kontorun digər anoloqunun
Bərdədə olduğu deyilir.
"Qara bazar"ın "qızıl mexanizması"na əsasən, "ana kontor" uduşsuz kuponlarda qeyd olunan məbləğin 15 faizini həmin kuponu mərkəzə ötürən kiçik kontora ödəyir.

Məsələn, kiçik bir kontor 100 manat qoyuluş edilən bir kuponu mərkəzə ötürür və əgər bu kupon tutmazsa, həmin 100 manatdan 15-i kiçik kontoru işlədənə çatır. Amma əgər kupon tutarsa, "ana kontor" həmin kuponu yazan müştərinin uduşun ödəyir, kiçik kontora isə heç nə çatmır. Qısası, kuponları "ana kontor"a ötürən digər kontorlar proqnoz verən şəxslərin uduzmasına azarkeşlik edirlər. Uduşsuz kuponların sayının çox olması daha çox qazanc deməkdi.
Amma kiçik kontorları işlədən adamların bir çoxdu "ana kontor"un uduşsuz kuponlara görə ödədiyi 15 faizlə qane olmurlar. Tamah güc gəldiyindən, işlərini başqa cür quranlar da var.

Məsələn, kontor sahiblərinin birinin əlinin altında deyək ki, 300 min manatı var. Belə olan halda, həmin şəxs öz puluna güvənib qəbul etdiyi kuponları heç "ana kontor"a ötürmür, öz cibindən oynayır. Onsuz da ağıllı adamlar bilirlər ki, müştəri əvvəl-axır uduzacaq. Düzdü, öz cibindən oynayıb müflis olan kotor sahiblərinin sayı da onlarladı.

Amma onlar daha çox futboldan başı çıxmayanlardı. Yəni, bu işlə məşğul olursansa, hansı kuponu mərkəzə ötürməli, hansı kuponu cibinə qoymalı olduğunu bilməlisən.
Nisbətən kasıb kontor sahiblərinin də öz iş üslubları var. Məsələn, bir müştəri 100 manatlıq kupon verirsə, onun 10 və ya 20 manatını ciblərinə qoyub, qalan məbləği mərkəzə ötürürlər. Ciblərinə qoyurlar deyərkən, səhv anlamayın: əgər kupon uduşlu olarsa, kuponun 10 və ya 20 manatlıq mislini cibinizdən ödəməli olursuz.

Yəni, deyə ki, müştəri 100 manatlıq qoyuluş edib, kuponun uduşu isə 500 manatdı. Əgər siz, 10 manatı cibinizə qoymusuza, onda müştəriyə uduşun 450-ni "ana kontor", 50-ni isə siz öz cibinzdən ödəməli olursuz.
Yeri gəlmişkən, "ana kontor" da qəbul etdiyi kuponların heç də hamısını öz cibindən oynamır. Hərdən elə kuponlar olur ki, onları cibə qoymağa risk etmədikləri üçün internet vasitəsi ilə xarici kontorlara ötürürlər.

Oyun qaydaları

Dünyanın nüfuzlu bukmeker kontorlarının açıqladığı əmsallara futbol oyunlarına pul qoyuluşu etmək sistemi ölkəmizdə artıq 7 ilə yaxındı ki, geniş yayılsa da, bir çox adam bu oyunun necə oynanıldığını bilmir. Əslində isə, hər şey çox sadədi.
Bu işə baş qoşmaq üçün ilk növbədə işarələrin mənasını bilməlisən ki, bu da müşkül məsələ deyil.
Futbol-proqnozun 2 klassik qaydası var:

1. "2-1-0" sistemi ilə oynanılan futbol proqnozda, "2" ev sahibinin, "0" səfər komandasının qələbə göstəricisidi. "1" isə heç-heçə deməkdi. Məsələn, siz "Çelsi" - "Arsenal" oynunda meydan sahiblərinin qələbəsini qeyd etmək istəyirsizsə, onda kupona "2", "Çelsi"nin qalib gəlməsi ilə yanaşı, heç-heçə olacağı etimalını da göz önünə alırsızsa, onda kuponda "21" qeyd etməlisiz.

2. Totalı 2.5 olan oyunlarda 3-dən az qol vurularsa - "alt", 3-dən çox vurularsa - "üst" kimi götürülür. Əgər total 3.5-disə onda 4 topdan az "alt", 4 topdan çox isə "üst"dü. Yəni total artıqca qolların sayı da artır.

Əlbəttə ki, futbol-proqnoz bu 2 qoyuluş imkanı ilə məhdudlaşmır. Məsələn, bunlardan əlavə oyunların ilk yarıları ilə bağlı proqnoz vermək, kupona hər iki komandanın qol vuracağını və ya birinin vurub, digərinin vurmayacağını yazmaq olar.
Ölkəmizdə fəaliyyət göstərən kontorların bir çoxu bir kuponda ən azı 3 oyun qeyd olunmadığı halda qəbul etmir. Amma 1 oyuna belə qoyuluş qəbul edənlər də yetərincədə.

Proqnoz kuponunun nə demək olduğudan xəbərsiz olanları məlumatlandırmq üçün diqqətinizə bir kupon təqdim edirik.
Kuponda 4 oyun qeyd olunub. Bu isə o deməkdi ki, onların əmsalı həndəsi silsilə ilə bir-birinə vurulur. Məsələn, aşağdakı kupon belə hesablanır: 2.10 x 1.35 x 1.50 x 1.60 = 6.80. Yəni, məsələn, bu kupona 100 manat qoyuluş edirsizsə, proqnozlarınız özün doğruldacağı halda 580 manat qazanc əldə edəcəksiz. 
             
"Çelsi" - "Arsenal" - 2 2.10
"Maynts" - "Bavariya" - 10 1.35
"Real" - Vilyarreal  - üst 1.50
"Kalyari" - "Milan" - altı 1.60
       
"O gündən bəri bu işə tövbəliyəm"

Futbol-proqnoz çox adamın həyatını alt-üst edib. Yüzlərlə adamı evsiz-eşiksiz qoyub, avtomobilindən, qiymətli əşyalarından məhrum edib. Bu oyunun bəlasına düşüb borc itində itib-batanları saymaqla qurtarmaz.
Məsələn, həmsöhbətim Elvin Mürsəlov bu işdə 53 min manatını itirib. Amma ondan da çox, 150-200, hətta 300 min uduzanlar var.

"Təzə-təzə başlyanda əlim gətirdi, şirnikdim. Amma sonra yavaş-yavaş "qara zolağa" düşdüm. Hansı oyuna pul atdımsa, tərs gəldi. 53 min çoxları üçün inanılmaz məbləğ görünə bilər. Amma təəsüf ki, bu həqiqətdi. 15 min pul uduzmuşdum. Onu çıxartmaq üçün riskə getdim, axırdada ki, belə. Bağ-evimi satıb, kantorla hesablaşdım. O gündən bəri bu işə tövbəliyəm", deyə Mürsəlov söyləyir.
Təəsüf ki, Mürsəlov kimi bəlaya düşənlərin sayı az deyil. Bu dəqiqə Bakıda bir gecə də 70-80 min uduzan oğlanlar var.
Elvinin bəxti onda gətirib ki, bu işə tövbə edib, kənara çəkilib. Amma nə vaxtsa bəxtlərinin gətirəcəklərinə ümid edib addımlayanlar var. Bataqlığın dərinliyinə doğru addımlayanlar...

"Həyatımı dəyişmək üçün tək ümidim "stavka"dı"

Loru dildə desək, "stavka" ilə məşğul olanların hərəsinin öz səbəbi var və hamı da çalışır ki, öz cibinə uyğun oynasın. Məsələn, Azər Əliyev bu işə hobbi gözü ilə baxır: "Açığı, proqnoz verəndən bəri lap "Real" "Yuventus"la oynasın, adama maraqsız gəlir. 2-3 manat mənim üçün böyük pul deyil. Hobbi kimi oynayıram və qazancı düşünmürəm. Kupon tutar, lap yaxşı, tutmaz, canımın sağlığı".

Tikintidə fəhlə işləyən Tural Əzizovun isə futbol-proqnoza böyük üimdləri var. O, bu yolla həyatını dəyişmək istəyir: "Ali təhsilim-filan yoxdu. Fəhlə adamam, günümə 15 manat alıram. Kasıb ailəyik, qohum-əqrəbada da imkanlı biri yoxdu ki, kimdənsə tutub, qabağa gedəsən. Bilirəm ki, bir ömür fəhlə işləyəcəyəm. Həyatımı dəyişmək üçün tək ümidim "stavka"dı. Lotoreya-zad boş şeydi. Amma burda hər şey öz əlindədi. Hər cümə bir "Bukmeker" alıb, oyunları analiz edib, yazıram. Amma qazancımı bu işə qoyacaq qədər də ağılsız deyiləm. Orta hesabla, həftəyə 15 manat uduzmağı özümə icazə verə bilərəm. Yəni bir günlük qazancımı".

Bir manat olsun, amma olsun!

Hər həftəsonu küçədə, nəqliyyatda, çayxanalarda əlində "Bukmeker" qəzeti olan onlarla adama rast gəlmək olar. Əgər 15-17 min tirajla çıxan qəzetin hamısı satılırsa, demək proqonoz çox insanın evinə, ailəsinə soxulub.

Maraqlıdı ki, proqnoz həvəskarlarının sayı da durmadan artır. Elə "Bukmeker"in baş redaktoru Ruslan Məmmədli də bu bəlanın artan templə yayılmaqda olduğunu deyir: "Bukmeker"in satışında düşmə müşahidə olunmur. Əksinə, futbol-proqnoz vaxt keçdikcə, daha da geniş vüsət almağa başlayır. Düzdü, bu işdən əl çəkənlər olur. Amma proqnoz elə bir şeydi ki, 2-si oyundan çıxırsa, onun əvəzinə 3 yeni adam gəlir".

Nə qədər ki, gec deyil, bu bəladan uzaqlaşın. Bu işdə xeyir yoxdu. Bunu halal qazandığınız pullardan məhrum olandan sonra deyil, indi anlayın.
Futbol-proqonozla məşğul olan hər bir kəsi bu işdən çəkilməyi tövsiyə edirik. Ən pis halda, aylıq qazancınızın 5 faizini sərf etməklə, hobbi kimi oynayın.
Unutmayın ki, bu qumardı və proqnozdan qazandığınız pul haram sayılır. Alın təri ilə əldə etdiklərinizi küləyə sovurmayın. Necə deyərlər, bir manat olsun, amma olsun!

Şamo
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.