BMT-nin tərkibində fəaliyyət göstərən qurum və şəxslər Prezident İlham Əliyevə təbrik məktubları ünvanlayıb.
BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspanın məktubunda deyilir:
"Zati-aliləri,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə olunmuş, münasibətlərin normallaşmasına və davamlı sülhün gələcəyinə aydın yol göstərən razılaşma münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu uğur həmin razılaşmanın əldə edilməsi üçün yorulmadan çalışan bütün insanların cəsarətini və uzaqgörənliyini əks etdirən tarixi bir mərhələdir.
Sülhün faydaları siyasi sahədən çox-çox kənara çıxır. Təkmilləşdirilmiş əlaqələr, daha geniş regional inteqrasiya, açıq və dayanıqlı ticarət yollarının təşviqi iqtisadi şaxələndirmə, davamlı artım və sosial inkişaf üçün həlledici ola bilər. BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) investisiyaların təşviqinə, istehsal potensialının artırılmasına və sülhün dividendlərinin bütün icmalar arasında geniş şəkildə bölüşdürülməsinə yardım etməyə hazırdır. Sərhədlərin delimitasiyası, təhlükəsizlik sahəsində əməkdaşlıq və davamlı sülh üçün möhkəm zəmin yaradan münasibətlərin normallaşdırılması daxil olmaqla, sazişin müddəalarının regionu dəyişdirə biləcək potensialını xüsusilə alqışlayıram.
UNCTAD-ın rəhbəri kimi mən bu sənədi təkcə diplomatik bir mərhələ kimi deyil, həm də davamlı inkişafa və regional əməkdaşlığa açılan qapı kimi görürəm. Gücləndirilmiş ticarət dəhlizləri, infrastrukturun inkişafı və iqtisadi əlaqə regionda tərəqqinin sürətləndirilməsi, investisiyaların artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyati əhəmiyyət kəsb edir. Bu tarixi fürsətdən faydalanmaqda liderliyinizi və baxışınızı yüksək qiymətləndirirəm. UNCTAD bu fürsəti inklüziv və davamlı inkişaf nəticələrinə çevirməkdə Azərbaycanı və daha geniş regional tərəfdaşları dəstəkləməyə sadiq qalır. Bu istiqamətdə biz artıq Sevilyada keçirilən İnkişaf üçün Maliyyələşdirmə üzrə Dördüncü Beynəlxalq Konfransda çox mühüm nəticələr əldə etmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə güclü və konstruktiv əməkdaşlığımızdan çox məmnunuq. Biz daha inklüziv, dayanıqlı və davamlı inkişafı təşviq etmək məqsədilə sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində bu təşəbbüsləri gücləndirməyi səbirsizliklə gözləyirik.
Sülh, sabitlik və ümumi firavanlığa doğru davamlı tərəqqi üçün ən xoş arzularla.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxxxxxx
BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun məktubunda deyilir:
"Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu tarixi nailiyyət cəsarət, müdriklik və region xalqları üçün sülh, sabitlik və əməkdaşlığın gələcəyinin formalaşdırılmasına sadiqlik nümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə vacib mesaj verir ki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli üçün ən güclü vasitə olaraq qalır.
Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki, Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və Cənubi Qafqazda inkişaf və firavanlıq üçün yeni imkanların açılmasında əsas rol oynayacaqdır.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərdə yeni səhifənin açılması məsələsində dəstək və əməkdaşlığa sadiq qalır.
Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərin davamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
xxxxx
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın məktubunda deyilir:
"Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından Sizə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Birgə Bəyannamənin uğurla imzalanması münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu mühüm razılaşma Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında tarixi mərhələdir, eyni zamanda, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasını vəd edir.
Birləşmiş Millətlər Təşkilatı regionda sülhün, dialoqun və etimadın qurulmasına yönəldilmiş bütün səyləri qətiyyətlə dəstəkləyir. Biz həm Sizin, həm də Baş nazir Paşinyanın davamlı dialoqa sadiqliyinizi, eləcə də uzun müddətdir davam edən məsələlərin sülh yolu ilə həlli istiqamətində cəsarətinizi və liderliyinizi təqdir edirik.
Bu xoş fürsətdən istifadə edərək, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının xüsusilə də BMT-nin 2026-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilə davam etdirilməsinə olan möhkəm sadiqliyini bir daha vurğulayıram. Hazırda Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitində hazırlanmaqda olan Əməkdaşlığa dair Çərçivə Sənədi milli inkişaf prioritetləri və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi ilə uyğun şəkildə davam edəcəkdir.
Bu sənəd Azərbaycanın inklüziv sosial-iqtisadi inkişafına, iqlimlə bağlı fəaliyyətinə və davamlı sülhə dəstək verən strateji əməkdaşlıq üçün platforma rolunu oynayacaqdır.
Bu tarixi nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm. Birləşmiş Millətlər Təşkilatı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və davamlı inkişafın dəstəklənməsi, xüsusilə davam edən təşəbbüslərdə qadınların və gənclərin əsas rol oynamalarının təmin olunması istiqamətində Azərbaycana dəstəyini davam etdirməyə hazır olduğunu bildirir".
Milli.Az