Gəncənin ilk peşəkar boksçusu Şahlar Nağıyev növbəti döyüşünə hazırlaşır
Peşəkar boksda məğlubiyyət üzü görməyən gəncəli boksçu Şahlar Nağıyev növbəti döyüşünə hazırlaşır. Bu məqsədlə dəri əlcək ustası Kəpəz müstəqil Teleradio şirkətində görüş öncəsi mətbuat konfransı keçirib.
2011-ci ildən peşəkar boksda yumruq oynadan Şahlar Nağıyev fevralın 4-də İnterkontinental dünya kəməri uğrunda 7-ci reytinq döyüşünə çıxacaq. Onun bu dəfəki rəqibi Belaruslu Leonid Qubovskidir. Görüş Minsk şəhərində baş tutacaq.
Orta-ağır çəkidə baş tutacaq duel öncəsi tərəflərin statistik göstəricilərinə nəzər salaraq rəqib boksçunun nisbətən təcrübəli olduğunu deyə bilərik. Leonid Qubovski bu vaxta kimi rinqdə keçirdiyi 11 döyüşdən 5-də nokaut, digər 5 görüşdə xal hesabı ilə qalib gəlib. Qubovski yalnız 1 dəfə heç-heçə edib. Nağıyevə gəlincə, boksçumuz rinqə çıxdığı 6 döyüşdən 4-nü vaxtından əvvəl, ikisini xal hesabı ilə uğurla başa vurub. 1690 boksçunun qatıldığı reytinq siyahısında isə gəncəli boksçu irəlidədir. Şahlar sıralamada 270-ci olduğu halda belaruslu 370-cidir.
Şahlar Nağıyev: "Hazırlıq prosesi məşqçilər Vidadi Tağıyevin rəhbirliyi altında çox yaxşı keçdi. Özümü bu görüşə tam hazır hiss edirəm. İnşallah bu döyüşdən vətənə qələbə ilə dönərəm".
Gilan klubunun üzvü olmaqla yanaşı, Şahlar Nağıyev həm də Təhsil Respublika idman mərkəzinin Gəncə filialının məşqçi-idmançısı dır. Təmsil etdiyi filialın direktoru Xəyal Hacıyev Nizami yurdunda peşəkar boksun son illərdə inkişaf etməyə başladığını vurğulayaraq Şahların bu yolda cığıraçan olduğunu söyləyib.
Şahlar Nağıyev:"Mən türk boksçu ilə qarşılaşmalı idim. Lakin təklif gəldi ki, mən belaruslu idmançı ilə rinqə çıxım və mən bu təklifi qəbul etdim. Mənə məlumdur ki, rəqibim 1985-ci il təvəllüdlüdür. Görüntülərini izləyə bilməmişəm. Məndə olan məlumata görə o, əsasən, sol yumruğu ilə döyüşür".
Nağıyevin iki məşqçisindən biri olan Bəxtiyar Tağıyev isə yetirməsinin döyüşə yaxşı hazırlaşdığını və onun qələbəsinə inandığını bildirib.
Milli.Az
Milli.Az





