Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim "Fənərbağça"nın bu mövsüm Superliqadakı çıxışını dəyərləndirib.
Qol.az-ın məlumatına görə, Terim "sarı lacivərdli" komandanın bu mövsüm çempionluğa çox yaxın olduğunu bildirib:
"Türkiyədə 10 xal fərqi ilə irəlidə olmaq böyük üstünlükdür. Üç xallıq sistemli oyunlarda hər kəs diqqətli davranır. "Fənərbağça" da oyunlara ciddi yanaşır və diqqətli hərəkət edir. "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor" da onlara çatmağa çalışırlar. Məncə, həyəcan mövsümün sonuna qədər davam edəcək. Bundan da faydalanan milli komanda olacaq".
"Qalatasaray" və "Trabzonspor"un avrokuboklardakı çıxışına toxunan təcrübəli mütəxəssis hər iki komandanın mərhələ keçəcəyinə inandığını bildirib: "Hər iki klubun rəqibləri çox güclüdür. Ancaq həm "Qalatasaray", həm də "Trabzonspor" bu mərhələyə qədər güclü komandaları məğlub ediblər.
Çempionlar Liqası və Avroliqanın bundan sonrakı mərhələlərində yalnız güclü rəqiblər gözləmək lazımdır. "Qalatasaray" və "Trabzonspor"un hazırkı heyəti güclüdür və onların mərhələ keçəcəyinə inanıram".
Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasının 1/8 finalında "Çelsi", "Trabzonspor" isə Avroliqanın 1/16 final mərhələsində "Yuventus"la qarşılaşacaq.
Milli.Az





