"Real Madrid"in gənc ulduzu Arda Gülər sabiq klubu "Fənərbağça"ya gəlir qazandırmağa davam edir.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, ötən mövsüm 24 milyon avroya "Real Madrid"ə transfer olunan milli futbolçu hazırkı performansı ilə yalnız İspaniya nəhəngini deyil, keçmiş klubunu da sevindirir.
"Sarı-göylər"in Madrid klubu ilə bağladığı müqaviləyə əsasən, Arda Gülər oynadığı hər 25 matç üçün "Fənərbağça"ya əlavə ödəniş edilir. Gənc futbolçu "Real Madrid" forması ilə 50-ci matçına çıxaraq artıq İstanbul klubuna 3 milyon avro qazandırıb.
Razılaşmaya əsasən, Ardanın performansına görə ümumilikdə "Fənərbağça"ya 10 milyon avroya qədər bonus ödənəcək.
Müqaviləyə daxil olan başqa bir maddəyə əsasən, "Real Madrid" və "Fənərbağça" arasında yoldaşlıq görüşü də baş tutacaq. Bu oyun həm iki klub arasındakı münasibətləri gücləndirəcək, həm də azarkeşlərə xüsusi futbol şousu təqdim edəcək.
Fidan
Milli.Az