"Bizim həm qadınlardan, həm də kişilərdən ibarət şahmat üzrə millimiz bu Olimpiadaya yüksək səviyyədə hazırlaşıb".
Milli.Az xəbər verir ki, bunu İdman.Biz-ə Azərbaycanın və İslam dünyasının ilk beynəlxalq qadın qrossmeysteri Aynur Sofiyeva deyib.
O, Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan milliləri barədə danışıb. Sofiyeva bildirib ki, şahmatçılarımız il ərzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə müxtəlif turnirlərdə iştirak ediblər: "Düşünürəm ki, bu əziyyətin qarşılığında yaxşı nəticə əldə etməlidirlər. İdmanda da bəxt və şans məsələləri var. Lakin inanıram ki, bu Olimpiadada yüksək nəticələr qazanacağıq".
Onun sözlərinə görə, idmançı üçün Olimpiada ən yüksək səviyyəli turnirdir: "Həm ölkə olaraq, həm də idmançı kimi bu yarışlara xüsusi şəkildə hazırlaşırıq. Fransada bu il keçirilən Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarını buna misal göstərmək olar. Hansı ki, idmançılarımız var gücləri ilə burada yaxşı nəticə qazanmaq üçün əllərindən gələni etdilər. Eyniylə Şahmat Olimpiadası da bu qəbildəndir. Əvvəl bir neçə şahmatçının adın çəkmək olardı ki, filan idmançıdan yüksək nəticə gözləyirəm. Amma indi bizim şahmatçılar o qədər öz üzərilərində çalışaraq potensiallarını inkişaf etdiriblər ki, demək olar ki, komandada olan hər bir şahmatçımız bizim üçün dəyərlidir və seçilirlər. Buna görə də mən kiminsə adın çəkib ayrıseçkilik etmək istəmirəm".
Qeyd edək ki, sentyabrın 11-dən start götürən Ümumdünya Şahmat Olimpiadası sentyabrın 23-dək davam edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun