Ölkə

Şəhid jurnalistlərin yad edilməsi bizə böyük təsəllidir - Məhərrəm İbrahimovun həyat yoldaşı - VİDEO - FOTO

16 Oktyabr 2025 10:56
Baxış: 506
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbərliyi şəhid jurnalist Məhərrəm İbrahimovun ailə üzvlərinə baş çəkib.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində Məhhərəm İbrahimovun ailə üzvləri ilə birgə xatirəsi anılıb.

İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhid jurnalistləri yad etmək üçün bir sıra layihələr həyata keçirilib və proses gələcəkdə də davam etdiriləcək: "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Baku Network" Analitik Mərkəzi tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı media qurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə braşurlar da paylanılıb. Məqsədimiz erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalət savaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".

"Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinin layihə direktoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilə də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan media nümyəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "Biz Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər. İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri, jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əziz xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bu gün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".

Şəhid jurnalist Məhərrəm İbrahimovun həyat yoldaşı Bahar İbrahimova qeyd edib ki, Məhərrəm çox vətənpərvər insan, işinin peşəkarı idi: "O, jurnalistika sahəsində 17-18 il fəaliyyət göstərmişdi. Ailəsinə çox bağlı idi, övladlarını çox sevirdi və onlarla dost münasibətləri qurmuşdu. Dəfələrlə cəbhə bölgəsində ezamiyyətdə olmuşdu: Aprel və Tovuz döyüşləri zamanı da bölgəyə ezam edilmişdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xidmətini yerinə yetirmək məqsədilə Gəncəyə ezam olunmuşdu. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə ermənilərin dağıtdığı ərazilərdə çəkilişlər aparmaq üçün uzun müddət ezamiyyətdə qaldı. Məhz iş başında olarkən düşmənin mina terrorunun qurbanı oldu. Torpağına və Vətəninə son dərəcə bağlı bir insan idi".

Şəhidin xanımı onu da vurğulayıb ki, Məhərrəmə uşaqların onsuz qalmadığını və onu nə qədər istədiklərini dəfələrlə desə də, o, "bu mənim işimdir, mən işimi icra etməliyəm" deyirdi:

"Dövlət başçımız İlham Əliyevə buradan təşəkkürümü bildirirəm. Bütün şəhid ailələrinə olduğu kimi, bizim ailəmizə də göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Ümumilikdə, şəhid jurnalistlərin tez-tez yad edilməsi bizi sevindirir və bizə təsəlli verir. İstəyirik ki, Məhərrəm və Siracın qanı yerdə qalmasın. Onlar jurnalist idilər və toxunulmaz sayılırdılar. Bu haqsızlığı bütün dünya görməlidir. Arzu edərdim ki, bütün dünya belə şəhid jurnalistlərin varlığından xəbərdar olsun".

Şəhidin oğlu Uğur İbrahim isə atası ilə fəxr etdiyini bildirib: "Atam Vətəni qorumaq üçün canından keçdi. O, çox yaxşı insan idi, dostları üçün özünü fəda etməyə hazır olurdu. İşinin çoxluğuna görə onunla çox vaxt keçirə bilmirdik, amma evdə olanda bizimlə oyunlar oynayırdı".

Məhərrəm İbrahimovun ailə üzvləri şəhid jurnalsitlərin xatirəsinin daim uca tutduğuna, bu istiqamətdə mütəmadi tədbirlər keçirdiyinə görə "Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinə dərin təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

Şəhid Məhərrəm İbrahimovun evindən hazırlanan videoreportajı təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.