"Həm Həsrət Cəfərov, həm də Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarında pik formada olacaq".
Milli.Az İdman.Biz-ə istinadən xəbər verir ki, bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.
Titullu idmançımız Həsrət Cəfərovla Sənan Süleymanov 20 illik tilsimə son qoyacağına ümid edir: "Artıq 20 ildir ki, yunan-Roma güləşində Olimpiya çempionumuz yoxdur. Son çempionumuz Fərid Mansurov olub. Ümid edirəm və Allahdan istəyirəm ki, hər ikisi, hətta fərqi yoxdur kim oyunlarda iştirak edəcəksə, medal yox, qızıl qazansın. Hazırda görünən odur ki, həm Həsrət, həm Sənan Olimpiya qızılını qazana bilər".
31 yaşlı güləşçi Paris-2024-ə lisenziya şanslarımızı da dəyərləndirib: "60 kq və 87 kq-da da vəsiqə əldə edəcəyimizə inanıram. Amma 97 kq və 130 kq-da çox çətin olacaq. Ümid edirəm ki, bu çəkilərdə də uğurlu olarıq".
Qeyd edək ki, yunan-Roma güləşçilərimizin hesabında hələlik 2 lisenziya var. Bunları 67 kq-da Həsrət Cəfərov, 77-kq-da Sənan Süleymanov qazanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun