Cəmiyyət

Türkiyə, qəlbimiz bir vurur

5 Avqust 2021 17:18
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Neçə gündür ki, Azərbaycanın ürəyi sözü əsl mənasında Türkiyə ilə döyünür. Qardaş ölkənin bəzi bölgələrini ağuşuna alan irimiqyaslı yanğınlar Türkiyəmizə maddi və mənəvi ziyan vurmaqdadır. Yanğınların ilk günündən qardaş ölkənin probleminə səs verən ilk ölkə məhz Azərbaycan oldu. Və belə də olmalı idi. Qardaşının səsinə səs verərək ilk gündən onun yanında olmağa üstünlük verdi. Azərbaycan "bir millət, iki dövlət" ideyasına necə sadiq olduğunu əməli və gördüyü işlərlə sübut edir və etməkdədir. Yanğınların ilk günündən ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə qardaş ölkəyə hərtərəfli və zəruri yardımlar edildi. Qərb mediası belə Türkiyəyə dəstək göstərən ölkələr arasında qardaş Azərbaycanın xüsusi rolunu, xilasedicilərinin necə bir səmimiyyətlə fəaliyyət göstərdiyini vurğulayır.

Təsadüfi deyil ki, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğoğan yardıma gələn hər kəsə öz adımdan və millətim adından təşəkkür edərək onların arasında Azərbaycanın fəaliyyəti çox önəmli olduğunu xüsusi vurğulayıb. Prezident İlham Əliyevin köməyə daha bir təyyarə göndərəcəyi barədə ictimaiyyəti məlumatlandıran dövlət başçısı əminliklə vurğulayıb ki, bununla yanğınla mücadilə işləri tamam fərqli bir mərhələyə gəlmiş olacaq. Hazırda ölkədə 20 təyyarə və 51 helikopter fəaliyyətdədir.

Eyni zamanda türk rəsmiləri də dəfələrlə meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə və köməyə görə qardaş Azərbaycan xalqına təşəkkür edib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da, 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola düşüb.

Yeri gəlmişkən, Azərbaycanlı yanğınsöndürənlərin şücaəti artıq Türkiyədə ən çox müzakirə olunan məsələdir. Türk mediası yazır ki, Türkiyədəki meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın yanğın-xilasetmə qüvvələri əsl fədakarlıq göstərir. Bu da, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir.

Türkiyədə meşə yanğınları başlayan andan Azərbaycan hərəkətə keçib və Prezidentin göstərişinə əsasən, FHN-in bir qrup əməkdaşı, o cümlədən yanğınsöndürmə texnikası, təcili tibbi yardım avtomobili və digər nəqliyyat vasitələri qardaş ölkənin köməyinə göndərilib. Gözyaşardan və qürur verən ən önəmli bir hal isə azərbaycanlı yanğınsöndürənlər yanan evlərin birindən türk bayrağını necə xilas etməsidir. Bəli, budur, sözün əsl mənasında qardaşlıq və sevgi. Bu görüntülər  həm ölkəmizdə, həm də qardaş Türkiyədə qürurla izlənib. Bu, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir bariz nümunəsinin sübutudur. Baş verənlər bir daha göstərir ki, Azərbaycan və Türkiyə dövlətləri hər zaman bir-birinin yanındadır və bütün təhlükələrə, problemlərə birlikdə mübarizə aparmaq, bütün çətinliklərin öhdəsindən birlikdə gəlmək əzminə malikdir.

Ən önəmli olan odur ki, baş verən bu hadisə tək ölkəmizdə deyil, o cümlədən dünya azərbaycanlılarını, xaricdə yaşayan həmvətənlərimizi də dərindən sarsıdıb. Türkiyənin tezliklə bu fəlakətin öhdəsindən gələcəyinə inam ifadə edən soydaşlarımız buna dəstək olaraq Azərbaycan Türkiyə diasporu ilə birlik və həmrəylik nümayiş etdirərək "yaşıl don"un yenidən bərpa edilməsi üçün "hərəmiz bir fidan olaq" adlı ağacəkmə kampaniyasına start verib. Kampaniyanın başladılmasında əsas məqsəd hər zaman olduğu kimi, belə bir vəziyyətdə də ortaq dəyərlərə, milli-mənəvi irsə, dilə, tarixə, mədəniyyətə, adət-ənənələrə sahib qardaş ölkə ilə həmrəylik nümayiş etdirməkdir. Azərbaycan diaspor təşkilatları və nümayəndələri, habelə Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor təmsilçiləri həmin humanitar kampaniyada yaxından iştirak etməklə bu bəşəri missiyaya öz töhfəsini verəcək. Bu addımın ekoloji təmiz bir dünya üçün birik və həmrəyik örnəyidir.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.