Cəmiyyət

Moskva Dövlət Açıq Universitetinin Bakı filialı bağlandı

29 Aprel 2010 17:21
Baxış: 5 399
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Təhsil Nazirliyinin internet saynıtan istinadən xəbər verir ki, 1996-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 2002-ci ildə Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılmış (2007-ci ildə təkrar lisenziyalaşdırılıb) Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya 2007-ci il noyabrın 19-da 031973 №-li əmrlə verilib.

Ölkə prezidentinin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın müvafiq bəndinə və Təhsil Nazirliyinin əmrinə əsasən təhsil müəssisələrində mütəmadi olaraq lisenziya tələblərinə və şərtlərinə riayət olunması vəziyyətinin araşdırılması nəzərdə tutulub. Buna uyğun olaraq, Təhsil Nazirliyinin müvafiq əmri ilə Moskva Dövlət Açıq Universitetinin Bakı filialında tədris prosesinin təşkili vəziyyətini araşdırmaq məqsədi ilə İşçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən aparılan araşdırmalar zamanı lisenziya verilən vaxtdan sonra filialın maddi-texniki bazasının və tədris-metodiki təminatının inkişaf etdirilmədiyi, əksinə, daha da zəiflədiyi məlum olub. Eyni zamanda filialda tədris prosesinin təşkili, o cümlədən fənlərin proqramlara və dərs cədvəlinə uyğun tədrisi, kafedraların işinin təşkili, elmi-pedaqoji kadrların seçilib yerləşdirilməsi və dərs yükünün planlaşdırılması, sənədləşmə işinin aparılması, tədris qrupları, birləşmələrin komplektləşdirilməsi və s. tədris-təşkilati məsələlərdə ciddi pozuntulara yol verildiyi, mövcud normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkar olunub. Sadalanan və digər pozuntu, çatışmazlıqlar İşçi qrupunun arayışında geniş şəkildə əks edilib, bu məsələ Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında filial rəhbərliyinin iştirakı ilə müzakirə olunub. Yekun olaraq Lisenziya Komissiyası nazirlik tərəfindən filialın fəaliyyətinə verilmiş lisenziyanın ləğv olunması barədə qərar qəbul edib.

Təhsil naziri Misir Mərdanov Lisenziya Komissiyasının qərarı ilə bağlı əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyinin İşçi qrupunun arayışı və Lisenziya Komissiyasının iclasının qərarı nəzərə alınıb. Əmrə əsasən, cari tədris ilinin başa çatmasına az müddət qaldığı nəzərə alınaraq, tələbələrin təhsil hüquqlarını, imtahan-məqbul sessiyalarının və buraxılış yekun attestasiyasının başa çatdırılmasını, bu il filialı bitirəcək məzunlara Rusiya Federasiyası Elm və Təhsil Nazirliyi tərəfindən diplomların verilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verdiyi lisenziya 2010-cu il sentyabrın 1-dən ləğv olunub. Bu təhsil müəssisəsinin rəhbərliyinə həmin tarixədək tələbə qəbulunun aparılması, tələbələrin bərpa və köçürülməsi halları istisna olmaqla qanunvericiliyə uyğun tədrisin təşkilinin təmin olunması, filialda təhsil alan, təhsilini başa vuran, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatın və onların qiymət kitabçalarından çıxarışların nazirliyə təqdim edilməsi barədə tapşırıq verilib.

Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə filialın fəaliyyətinə verilən lisenziyanın ləğv olunması barədə aidiyyəti dövlət orqanlarına və həmin universitetin rəhbərliyinə məlumat verilməsi, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu filiala qəbul olunub hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlanması tapşırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.