Cəmiyyət

Yaralı əsgərini xilas edən zaman snayperlə vurulan Yadigar - Vətən müharibəsinin daha bir cəngavəri - VİDEO - FOTO

9 Mart 2021 18:58
Baxış: 6 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son döyüşü Şuşada oldu. Yaralı əsgərini döyüş meydanından çıxaranda düşmən snayperinə hədəf oldu Yadigar. 

Evin tək övladı idi 1994-cü il təvəllüdlü Əliyev Yadigar Səfxan oğlu. Goranboy rayonu Qaradağlı kəndində doğulub, boya başa çatmışdı. Atasını qəzada itirmişdi Yadigar, heç üzünü də görməmişdi.

Anasının yenidən ailə qurması səbəbindən nənəsinin himayəsində böyümüşdü. Dayısı Ramil Əliyev Milli.Az-a danışır ki, Yadigar böyüyənə qədər elə düşünüb ki, onların qardaşıdır. O, sevgisini vətənə verib, bununla ovunub. Sonda da Vətəni uğrunda canını fəda edib.

Yadigar Əliyev 6-ci sinifdən güləşin Yunan- Roma növü ilə məşğul olub, dəfələrlə rayon birinciliyinin qalibi olub. 2010-2011-ci illərdə yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 2 -ci, 3-cu yerləri tutur və yığma komandada məşq edir.

Hərbi xidmətə 2012-ci ildə Lənkəran şəhərində yerləşən "N" saylı hərbi hissədə başlayır. Orada da idmana ara vermir. Kiçik cavuş Yadigar Əliyev Mülki Müdafiə Qoşunları arasında keçirilən sərbəst güləş üzrə 1-ci və 2-ci yerlərə layiq görülür. Fəxri fərman və medallarla təltif olunur. Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Sərbəst güləş üzrə birinciliyində yüksək səviyyədə hakimlik etdiyinə görə diplomla təltif olunur. 2014-cu ilin yanvar ayında hərbi xidmətdən təxris olunur. 

Lakin 2020-ci ildə yenidən hərb həyatına dönür. Həmin ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə kurs keçir. 01.04.2020-ci ildə təlimlərdə yüksək səviyyədə iştirak etdiyinə görə komandir tərəfindən çavuş rütbəsi alır və medalla təltif olunur. Yadigar Əliyev Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlılarının Baş kəşfiyyatçısı təyin edilir.

Vətən müharibəsi başlayanda könüllü olaraq Naxçıvandan gəlib döyüşlərə qatılır. Qubadlı rayonunuda döyüşlərdə iştirak edir. Daha sonra Şuşa şəhərinin Sığınaq kəndinə vuruşur. Əlbəyaxa döyüşlərdə də iştirak edir və xeyli sayda erməni düşmənlərinin canlı qüvvəsini məhv edir.

Yadigar oktyabrın 28-də yaralı əsgərini xilas edərkən düşmənin atdığı snayper gülləsi nəticəsində şəhid olur və doğulduğu Qaradağlı kəndində dəfn edilir. 

Ali Baş Komandan İham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda medallarla təltif olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.