Cəmiyyət

Türkiyənin tanınmış “Boğaziçi Ventures” vençur fondu İnnovasiyalar Agentliyində nümayəndəliyini açdı - FOTO

15 Sentyabr 2020 17:55
Baxış: 303

Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, "Boğaziçi Ventures" fondunun İdarə Heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Turan Alməmmədov iştirak edib.

Tədbirdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə məlumat verib. Eyni zamanda yerli startapların "Boğaziçi Ventures" fondu ilə geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.

İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmadan keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar "Boğaziçi Ventures" fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 milyon ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində "Boğaziçi Ventures"in daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz çıxışında qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Bu səbəbdən Türkiyə dövləti olaraq innovasiyaların inkişafına daima dəstək göstərməyə hazır olduqlarını bildirib.

"Boğaziçi Ventures" fondunun İdarə Heyətinin üzvü və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Turan Alməmmədov Türkiyənin ən böyük texnoloji vençur fondu olan "Boğaziçi Ventures"in qiymətləndirməsinə əsaslanaraq, Azərbaycanda informasiya texnologiyalarının inkişaf tempinin regionda vençur fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmasına dair ətraflı məlumat verib.

"Boğaziçi Ventures"in əsas hədəfi Azərbaycanın startap layihələrinə maliyyə dəstəyi göstərərək onların sürətli inkişafını və xarici bazarlara çıxışını təmin etməkdir. Son illər ərzində yerli startapların aktiv böyüməsi nəticəsində bölgəyə diqqətin cəlb olunması və vençur fondunun Azərbaycanda fəaliyyətə başlaması regionun ümumi iqtisadiyyatını gücləndirməklə yanaşı, ölkəmizin regionun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayacağı gözlənilir.

Mətbuat konfransında, həmçinin jurnalistlərin nümayəndəliyin gözlənilən fəaliyyəti və Azərbaycandakı startap ekosisteminin gələcəyi ilə bağlı sualları cavablandırılıb.

Açılış mərasimində Agentliyin "Sponsorlar və tərəfdaşlar" guşəsinə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin və "Boğaziçi Ventures" fondunun lövhələri əlavə olunub.

"Boğaziçi Ventures" texnologiya sahəsində olan istedadlı komandalara sahib startaplara dəstək olmaq, onların uğurlarını qlobal səviyyəyə daşımaq məqsədilə 2013-cü ildə yaradılıb. Hədəfi ənənəvi sərmayənin gücünü və təcrübəsini innovativ və istedadlı təşəbbüskarlarla birləşdirməklə qabaqcıl, unikal texnologiyalar ilə məşğul olan startapları dəstəkləməkdir. İnvestorlar müxtəlif növ texnologiya sektorlarına (blokçeyn, maşın öyrənməsi, süni intellekt, "fintech", "biotech" və s.) uyğun investisiya strategiyasına və xüsusi idarə heyətinə sahib olan "Boğaziçi Ventures"in vasitəçiliyilə texnologiya şirkətləri ilə körpü yarada bilirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi formalaşdırılıb.

İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiyaların və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən, startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.