Cəmiyyət

Avropa sərt karantinə qayıdır - Bəs Azərbaycan necə?

14 Sentyabr 2020 22:55
Baxış: 5 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ikisahil.az-a istinadən yazını təqdim edir.

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-dən etibarən yumşalmalarla əvəz olunmaqdadır. Bu həftədən etibarən, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti (şənbə, bazar günləri istisna olmaqla) bərpa edilib, çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib. Bununla da, koronavirusa yoluxma ehtimalının ən çox olduğu ictimai-iaşə, pərakəndə ticarət obyektlərindən sonra Bakı Metropoliteni də əhalinin ixtiyarındadır.

Düzdür, sözügedən sahələrdə fəaliyyət karantin qaydalarının tələblərinə əməl edilməsinə əsaslanır. Əks təqdirdə, tələblərə əməl etməyənləri gözləyən cərimələrin məbləği heç də az deyil. Lakin ictimai-iaşə, pərakəndə ticarət obyektlərinə, həmçinin ictimai nəqliyyatda qaydalara əməl edilib-edilməməsinə tam nəzarət etmək mümkün deyil. Bu mənada yoluxanların sayının yenidən artması da istisna deyil.

Yeri gəlmişkən, Avropa ölkələrində koronavirusa yoluxmada artım müşahidə olunmaqdadır. Bu isə ölkələri yenidən sərt karantinə getməyə məcbur edir.

Fransada virusun sürətlə yayıldığı və qrup yoluxmalarının çoxalması səbəbindən ölkənin 42 departamenti qırmızı zona elan edilib. Həmçinin İsrail hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün sərt karantin rejiminin üç həftə müddətinə bərpasına qərar verib. Böyük Britaniyada da koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilir. Qadağa bütün yaş qruplarını, ictimai yerləri, pub və restoranlar kimi yerləri əhatə edir. Eyni zamanda, Avstriyada koronavirusa yoluxma hallarının son həftələrdə artması ölkə üzrə bir sıra məhdudiyyətlərin tətbiqini labüd edib.

Gürcüstanda isə pandemiyanın "ikinci dalğası" elan olunub. Baş nazir Q.Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb. Çexiya hökuməti də ölkədə koronavirusun "ikinci  dalğası"nın başladığını elan edib.

Türkiyədə və Rusiyada yoluxmaların artması məhdudlaşdırıcı tədbirlərin görülməsini zəruri edib.  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabr və noyabr aylarında Avropada COVID-19-la bağlı gündəlik ölüm sayında artım olacağını bildirib. Qurumun Avropa üzrə regional direktoru Hans Kluqenin sözlərinə görə, peyvənd də koronavirusun sonu demək deyil: "Peyvəndin bütün əhali qruplarına kömək edib-etməyəcəyini də bilmirik. Hazırda üzərində işlənən peyvəndlərin bir qrup üçün kömək edəcəyi, digər qrup üçün isə effektiv ola bilməyəcəyi barədə bəzi siqnallar alırıq".

Bu mənada Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonlarında sərt karantin rejiminin yumşaldılması o demək deyil ki, koronavirus infeksiyasına yoluxmanın qarşısı tam şəkildə alınıb. Azərbaycanda sağalanların sayında artım olsa da, gündəlik koronavirusa yoluxma halları davam etməklə fəal koronavirus ocaqları qalmaqdadır. Bu baxımdan xüsusi karantin rejimindən mərhələli formada çıxılmasının yenidən sərt tədbirləri aktuallaşdırmaması üçün  müəyyən profilaktiki tədbirlərin görülməsini vacib edir.

Başqa sözlə, karantin rejimindən irəli gələn tələblər qüvvədədir və insanların əvvəlki həyat tərzinə nə zaman qayıdacaqları məlum deyil. Üstəlik qaydaların yenidən sərtləşdirilməyəcəyi  ehtimalı da aradan qalxmayıb. Aydın məsələdir ki, karantin rejiminin ləğvi koronavirus infeksiyasına yoluxmanın  tam aradan qaldırılmasından sonra reallaşa bilər.

Görünən odur ki, sərt karantin rejiminin bir qədər yumşalmasından sonra COVID-19-a yoluxması müəyyən edilən şəxslərin sayında müəyyən günlərdə artım müşahidə edilir. Hərçənd ki, bir müddət əvvəl sağalanların sayının qeydə alınan yoluxma hallarını üstələməsi sərt karantin rejiminin nə dərəcədə effektivliyindən xəbər verirdi. Bu, həm də onu deməyə əsas verir ki, dövlət tərəfindən vaxtında qabaqlayıcı tədbirlər həyata keçirilməsəydi, hazırda ölkədə koronavirusa yoluxanların sayı daha çox olardı.

Ancaq heç kəs elə bilməsin ki, sərt karantin rejiminin yumşaldılması nəzarət tədbirlərini arxa plana salıb. İqtisadiyyat və Daxili İşlər nazirlikləri tərəfindən mövcud karantin qaydalarına əməl edilməsinə nəzarət tədbirləri dəyişməz olaraq qalmaqdadır. Ümumilikdə isə hər kəsə agah olmalıdır ki, karantin rejiminin tələblərinə əməl edilməməsi sərt tədbirləri yenidən aktuallaşdıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.