Milli.Az xəbərportalı ilahiyyatçı Elşən Mustafayevin məqaləsini təqdim edir.
Xristianlığın "ilkin günah" təlimindən fərqli olaraq, İslam təlimi bizə dünyaya gələn hər bir insanın məsum, günahsız olduğunu öyrədir. İnsan yaxşı və ya pis yolu, başqa sözlə, səadət və ya bədbəxtlik yolunu sonradan formalaşdıracağı mənəvi halı və iradəsilə özü seçir. Mənəviyyatını rəzilliklərdən qoruyan, pak, saf saxlayan insan səadət yoluna, onu çirkinliklərə, günahlar girdabına qərq edən insan isə bədbəxtlik yoluna yönəlmiş olacaqdır. Başqa sözlə, qeyd olunduğu kimi, Allah-Təalanın təyin etdiyi mənəviyyat qanunlarına uyğun həyat sürən insan səadəti qazanacaq, bu qanunlara zidd yaşayan isə onu itirəcəkdir.Deməli, insanın bədbəxtliyinə səbəb olan amil onun düçar olduğu mənəviyyatsızlıqdır, bu mənəviyyatsızlığı şərtləndirən isə günahlar və rəzil işlərdir. Şübhəsiz ki, Adəm övladı dünyaya göz açandan onun bütün digər tələbatları kimi, mənəvi tələbatları da olur. Bu tələbatlar insanın təbiətinə, fitrətinə qoyulmuşdur. Lakin özü-özlüyündə onlar aşkar mənəvi hal və ya ideya kimi deyil, sadəcə bir instinkt kimi çıxış edir. Aşkar mənəvi hal isə insanda onun şəxsiyyətinə, daxili aləminə, fərdi seçim və iradəsinə müvafiq olaraq formalaşır. Formalaşmış bu mənəviyyat insanın daxili mənəvi tənzimləyicisinin, daxili aləminin Allah tərəfindən müəyyən edilmiş mənəviyyat qanunları ilə uyğun gəlməsilə, uzlaşmasıyla şərtlənir. Əgər insanın daxili aləmi öz fitri mənəvi tələbatlarına rəğmən, bu ilahi mənəvi qanunlara zidd təzahür olunacaqsa, onun ruhuna mənəviyyatsızlıq hakim kəsiləcəkdir.
Bundan irəli gələn əməl və davranışlar günah adlanır. Günahın təhlükəsi insanın daxili aləmini və bununla da şəxsiyyətini dərhal bürüyərək özünə tabe edir. Mənəviyyatsızlığın bəhrəsi olan günahlar öz müəllifi tərəfindən kifayət qədər şüurlu, iradi olaraq həyata keçirilir. Beləliklə, günah Allah-Təalanın mənəviyyat qanunlarına zidd hərəkət etmək, Onun qanunlarını pozmaqdır. Heç kəsin günahkar kimi doğulmadığını və günahın sonradan insanın həyatına daxil olduğunu nəzərə alsaq, biz günahı insanın xisləti deyil, onun düçar olduğu bir xəstəlik adlandıra bilərik.
Yəni zatən, təbiətcə insan günahkar olmur. O, günaha bir xəstəlik kimi yoluxa, günahlar içərisində yaşaya bilər və müəyyən tədbirlər həyata keçirərək ondan müalicə oluna bilər, sağala bilər, yaxa qurtara bilər. İnsanın cismi ilə deyil, mənəviyyatı, ruhu ilə bağlı olduğu üçün, günahı mənəviyyatın xəstəliyi (mənəvi xəstəlik) və ya ruhun xəstəliyi (ruhi xəstəlik) də adlandırmaq olar. O doğulur (meydana gəlir) və tədricən inkişaf edir ki, bu haqda növbəti bəhslərimizdə söz açacağıq. Beləliklə, biz günahların fitri xislət deyil, insanın düçar olduğu mənəvi, ruhi xəstəliklər olduğunu qeyd etdik. İnsanın daxili aləminin, qəlbinin, ruhunun mübtəla olduğu bu xəstəliklər, şübhəsiz ki, bütün digər xəstəliklər kimi onu incidir, rahatsız edir, üzür. Lakin bu xəstəliklər bilavasitə insanın ruhu ilə, qəlbi ilə bağlı olduğundan onların mənfi təsiri insanda daha ciddi, daha təhlükəli izlər buraxır.
Günah azarına tutulmuş şəxslər ilahi mənəviyyat qanunlarına zidd həyat sürdüklərindən ilahi mərhəmət və şəfqətdən məhrum olurlar və onların qəlbləri daim sıxıntı, narahatlıq içində olur. Bu qəbildən olan xəstəliklər və onların qurbanına çevrilən xəstələrə Allah-Təala Qurani-Kərimin bir neçə ayəsində işarə etmişdir. Bu ayələrdə Allah günah işləri qəlb xəstəliyi adlandırır və buyurur: "Onların qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırar..." (əl-Bəqərə, 10) Başqa bir ayədə buyurur: "O zaman münafiq və qəlblərində mərəz olanlar: "Allah və Onun peyğəmbəri bizə yalan vəd etmişdir" - deyirdilər" (əl-Əhzab, 12).
Başqa bir ayədə Allah əxlaqsızlığı və iffətsizliyi qəlb xəstəliyi adlandıraraq buyurur: "...Yoxsa qəlbində mərəz olan tamaha düşər..." ( əl-Əhzab, 32) Hz. Əli günahı səciyyələndirərək buyurmuşdur: "Günahdan pis qəlblər üçün bir dərd yoxdur!" (Bihar əl-Ənvar, c.73, s.342) Buradan göründüyü kimi, günah bir qəlb xəstəliyidir. Və şübhəsiz ki, hər bir xəstəlik kimi müalicəyə ehtiyaclıdır. Bəs onu necə müalicə etmək mümkündür?..
Məlum olduğu kimi, ruhi, psixi xəstəliyə düçar olmuş şəxsi müalicə etmək üçün ilk öncə bu xəstəliyin yaranmasına səbəb olan amillər araşdırılıb üzə çıxarılmalıdır. Bu səbəblər doğru müəyyənləşməzsə, düzgün müalicə etmək də qeyri-mümkün olar. Onlar müayinə edildikdən sonra isə xəstəliyi törədən həmin amilləri aradan qaldırmaq, bərtərəf etmək lazımdır. Bu səbəblər, hətta qismən belə qalmış olsa, insan ruhi sarsıntılar, depressiya halları keçirəcək, onun qəlbi vaxtaşırı sıxılacaq və bu psixi narahatlıqlar onu daim təqib edəcəkdir. Psixi rahatsızlıqları tamamilə yox etmək üçün insan öz daxili aləmini bütün mənəviyyatsızlıqlardan, mənəviyyat qanunlarına zidd olan xassələrdən, insanın pak fitri ab-havasını, mənəvi tələbatlarını boğan amillərdən təmizləməlidir.
İnsanın daxili aləmi ilahi mənəviyyat qanunlarıyla həmahəng olmalıdır ki, qəlb rahatlığı, könül sevinci əldə edə bilsin. Qeyd etdiyimiz kimi, qəlbi xəstəliyə düçar edən amil - insanın daxili aləminin mənəvi qanunlara zidd atmosferə düşməsi, Allahdan uzaqlaşması, ilahi iman nurundan məhrum olmasıdır. Deməli, bu qəbildən olan xəstəliklərin müalicəsi də "zülmət və qaranlığın hakim olduğu" qəlbdə ilahi işıq yandırmaqla mümkündür. Biz bu haqda növbəti sayımızda tövbə mövzusuna toxunaraq daha ətraflı bəhs edəcəyik. İndi isə diqqətinizi ruhi xəstəliklərə səbəb olan bəzi hallara yönəltmək istərdik.
RUHİ XƏSTƏLİKLƏRƏ DÜÇAR OLMANIN AMİLLƏRİ
İnsan ruhunda sarsıntılara səbəb olan başlıca amillərin nədən ibarət olduğunu qısaca açıqlayaq. Psixoloqlar sübut edirlər ki, ümidsizlik psixoloji xəstəliklərə səbəb olur, yəni bəşər övladının düçar olduğu ruhi xəstəliklərin, komplekslərin və s. narahatlıqların əksəriyyəti ayrılıq və çatışmamazlıq baş verdikdə yaranan pessimizm hisslərindən qaynaqlanır. Məlum olduğu kimi, İslama görə ümidsizlik ən böyük günahlardan hesab edilir. Allah-Təala buyurur: "Həqiqətən, Allahdan yalnız kafirlər naümid olarlar". (Yusif, 87) İnsanın daxilində baş qaldıran və dinimizə görə günah hesab edilən bir sıra keyfiyyətlər də onun ruhi xəstəliyə tutulmasına səbəb olur. Bunların sırasında həsəd, paxıllıq, kin, qəzəb, eqoizm, qısqanclıq kimi xüsusiyyətlər yer almaqdadır. Hansısa bir şəxsə qərəz bəsləyən insanın bu qərəzi zamanla kinə çevrilir və ondan intiqam almaq istəyir. Getdikcə bu istək elə bir nöqtəyə çatır ki, o, düşmənini qanlar içində yerə yıxmayınca rahatlıq tapa, sakitləşə bilmir.
Milli.Az xəbər portalı "İmam Hüseyn"ə istinadən bildirir ki, insanda müşahidə olunan bu kin, nifrət və intiqam hissi nədir, haradan qaynaqlanır? Qısqanc şəxs başqalarının bir xeyir görməsini, bir nemətə sahib olmasını qəbul edə bilmir, onları əldə etdiklərindən məhrum etmək arzusuyla alışıb-yanır, özünü düşünmür. Sağlam bir insanda həsəd və qısqanclıq deyil, qibtə hissi olur, o, özünü düşünür, olduğu vəziyyəti dəyərləndirir və irəli getməyə çalışır. İrəli getməyə çalışan, özünü düşünən bir insanın bu davranışı eyib sayıla biləcək bir qüsur deyil, belə davranan insan sağlam insandır. Lakin bütün fikri başqalarını alçaltmaq və onların geridə qalmasına nail olmaq istəyən insanın bu davranışı xəstəlikdir, anormallıqdır. Yəqin ki, belə insanlara siz də rast gəlmisiniz. Onlar elə bir nöqtəyə çatırlar ki, qarşıdakı insana zərər vermək uğrunda hətta özlərini uçuruma belə atırlar.
HƏSƏD XƏSTƏLİYİNƏ BİR NÜMUNƏ
Tarix kitabları bu mövzu ilə əlaqədar maraqlı, çox məşhur bir hadisəni açıqlayır. Rəvayətə görə, bir gün çox zəngin şəxs bazardan kölə alıb evinə gətirdi. Lakin köləsi ilə qul kimi deyil, ağa kimi davranırdı, ona ən gözəl, ən bahalı libaslar alır, ən nəfis yeməklərdən yedirir, çoxlu pul verirdi. Qısacası, onunla öz oğlu kimi rəftar edirdi. Lakin kölənin diqqətindən yayınmayan bir nöqtə var idi. Ona bu qədər yaxşılıq edən ağası həmişə bikef, fikirli, daima kədər içində idi. Bir gün ağası onu azad etdiyini, üstəlik yaxşı bir iş qura bilməsi üçün sərmayə olaraq böyük məbləğdə pul verəcəyini bildirdi. Kölə sevincindən özünə yer tapa bilmirdi. Həmin gecə ağa nökərini yanına çağırıb onunla dərdləşmək istədiyini söylədi və ürəyini ona açdı: - Bax, övladım, sənə bu qədər ummadığın yaxşılıqlar etmişəm, hətta səni azad etmək və sərmayə olaraq böyük miqdarda pul da vermək niyyətindəyəm.
Bilirsənmi bütün bunları nə üçün edirəm? - Xeyr. - Sənə bu qədər yaxşılıqlar etdim, qarşılığında isə səndən bir ricam var. Əgər bu xahişimi yerinə yetirsən verdiyim hər şeyi sənə halal edərəm, yoxsa haqqımı halal etməyəcəyəm. Üstəlik onu da bil ki, xahişimi yerinə yetirsən bu günə qədər sənə verdiklərimdən qat-qat çox şey əta edəcəyəm. - Baş üstə, siz mənim ağamsınız, hər əmrinizi yerinə yetirməyə hazıram. Siz məni yenidən həyata qovuşdurdunuz, nə istəsəniz, onu da edərəm... - Yox, elə olmaz! Sən mənə söz verməlisən. İstədiyimin nə olduğunu öyrəndikdən sonra razılaşmayacağından qorxuram! Kölə ağanın istənilən arzusuna əməl edəcəyinə and içib söz verdi. Bunu eşidən ağa dedi: - İndi mənə diqqətlə qulaq as. Mənim təyin edəcəyim bir zaman və məkanda başımı kəsəcəksən, yaxşımı? Kölə heyrətdən donub yerindəcə qaldı, qulaqlarına inanmadı: - Aman ağam, axı bu necə ola bilər! Kölə çox dil töksə də, heç bir faydası olmadı, ağası öz qərarını dəyişməyəcəyini söylədi.
Köləsi bu şərti qəbul edə bilməyəcəyini anlatmağa çox çalışdısa da, axırda ağası verdiyi sözü xatırladaraq, onu inadından döndərə bildi. Gecənin bir yarısı ağa gəlib nökərini oyatdı, əlinə iti bir bıçaq verib ardınca gəlməsini əmr edərək onu evin damına çıxartdı, oradan da öz evinə bitişik olan qonşusunun damına tullandılar. Elə oradaca köləsinə bir kisə dolu pul verib dedi: - Bu sənindir, mənim başımı burada kəsməlisən, sonra ürəyin hara istəyirsə çıxıb gedə bilərsən, sən artıq sərbəstsən. Kölə çaşqınlıqdan donmuşdu: - Nədən sizi öldürməyimi istəyirsiniz? - Üstündə durduğumuz bu dam qonşumun evinin damıdır. Mən bu qonşuma dəhşətli dərəcədə paxıllıq edirəm, heç gözüm götürmür onu, onu görə belə bilmirəm, belə yaşamaqdansa ölsəm daha yaxşıdır! Biz ticarətdə bir-birimizə rəqibik. Lakin hərif məni geridə qoyubdu, hər cəhətdən irəlidədir, hirsimdən yanıb kül oluram, dözə bilmirəm bu adama!
Sonunda bu çıxış yolunu tapdım, özümü öldürməklə onun üstünə bir cinayət yükləməyə qərar verdim. Onu zindana atacaqlar, mən də nəhayət rahatlıq taparam, çünki başqa cür rahatlıq tapa bilmirəm. Bu cinayəti mütləq onun üstünə atacaqlar. Axı bir-birimizin rəqibiyik. Sabah cəsədi tapanda "filankəsin evində tapdıq. Onlar köhnə rəqiblərdir, belə olduqda yüz faiz bu öldürüb o adamı!" deyərək, onun yaxasından yapışacaqlar və cinayət ittihamı ilə edam edəcəklər. Mənim də istədiyim elə budur! Kölə eşitdiklərinə inanmırdı: - Bir insan necə bu qədər alçala bilər? Sənin kimi axmaq və alçaq adamın haqqı elə ölümdür! Bunu söyləyib kölə ağasının istəyini yerinə yetirdi, başını kəsib pulları da götürərək, oranı tərk etdi. Çox keçmədən cəsədi qonşunun damından tapdılar. Yazıq qonşunun yaxasından yapışıb zindana atdılar. Lakin elə hamı "əgər qatil bu şəxsdirsə, onu nə üçün öz evinin damında öldürsün ki? Burada nə isə var!" - deyirdi. Çox keçmədi ki, həqiqət ortaya çıxdı. Vicdan əzabı çəkən kölə qazının yanına gələrək, əhvalatı olduğu kimi danışdı.
Məsələ aydınlaşandan sonra qonşunu da, köləni də azad etdilər, bu hadisə də maraqlı olduğundan düşdü tarix səhifələrinə. Beləliklə, bunun bir xəstəlik olması həqiqətdir. İnsan bu azara düçar ola bilər. Paxıllıq xəstəliyidir bu, həsəddir... Allah-Təala buyurur: "Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!" Göründüyü kimi, Quranın insanla əlaqədar ilk proqramı onun nəfsini təmizləmək və tərbiyə etməkdir, ruhunu xəstəliklərdən qurtarmaq, komplekslərdən, qara fikirlərdən, narahatçılıqlardan xilas etmək və qəlbi "çirkinləşdirən" amillərdən qorumaqdır. Növbəti sayımızda, inşallah, mövzumuzu davam etdirəcəyik...
Milli.Az