Cəmiyyət

“Beş” alsan səni gəzməyə aparacam deməklə... - Psixoloq rəyi

2 Yanvar 2020 15:36
0 Şərh     Baxış: 2 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cəzalandırma yox, mükafatlandırma yolu ilə uşaqlarda təhsilə, öyrənməyə maraq oyatmaq daha məqbuldur. Amma bu mükafatlandırma hər zaman madiyyata əsaslanmamalıdır".

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, bu sözləri psixoloq Orxan Oruc deyib.

Onun sözlərinə görə, uşaqları maddi şeylərlə mükafatlandırmaq gələcək fəaliyyətlərində qarşılıq gözləmələrinə səbəb olacaq: "Valideynin uşağa qarşı sevgisi, hərəkətini təqdir etməsi və ya bəyəndiyini bildirməsinin özü də bir mükafatlandırmadır. Uşaqların tərbiyəsi ilə bağlı məşhur deyim var: "Yanlış hərəkətlərini görməzdən gəl, doğru davranışlarını mükafatlandır".

Psixoloq bildirib ki, xoş olmayan hərəkətlərinə görə uşaqlara emosional təsir göstərdikdə onlarda həmin davranışlara şüuraltı maraq yaratmış oluruq: "Uşaq dərs oxumursa, dərsə həvəssizdirsə, bunu faciəyə çevirmək ona qarşı əlavə təzyiq hesab olunur. Müəyyən halları görməzdən gəlib, təqdirəlayiq davranışları emosional olaraq mükafatlandırmaya üstünlük verməliyik".

Ekspert qeyd edib ki, müəyyən vaxtlarda uşağı hədiyyə, yaxud gəzməklə mükafatlandırmaq olar, amma bu tez-tez təkrarlanmamalıdır: "Hər dəfə "5" alsan, səni əyləncə mərkəzinə aparacağıq" deməklə uşaqda təhsilə sağlam maraq oyatmaq mümkün deyil. Eyni zamanda, qiymətləri aşağı olduğu üçün onu nələrdənsə məhrum etdiyimiz zaman uşaqda ruh düşkünlüyünə səbəb olacağıq.

Orxan Orucun fikrincə, bilik səviyyəsinin qiymətləndirmə yolu ilə ölçülməsi düzgün deyil: "Bu, müasir psixoloqlar tərəfindən müzakirə olunan məsələdir. İnkişaf etmiş ölkələrdə pedaqogika sistemində uşaqların hər hansı qiymət və ya ulduz alması yoxdur. Dərslər keçirilir, uşaqların məlumatı hansı formada mənimsədiyini öyrənmək üçün xüsusi metodlardan istifadə olunur. Bu zaman qiymətləndirmə ilə bağlı nə valideyndə məyusluq olur, nə də uşaqlarda təhsilə qarşı həvəsə təsir göstərmək..."

Psixoloqun sözlərinə görə, uşaqlara qiymətlə bağlı cəza kəsməkdə valideynlər ehtiyatlı olmalıdır: "Qiymətləri yaxşıdırsa, təbrik etmək, daha böyük uğurlar arzulamaq, qucaqamaq uşağın həvəsini artırır. Valideynlər tərəfindən qiymətləndirildiyini hiss etməsi onların ailə münasibətlərinə, təhsil və gələcəyinə təsir göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.