Qaz cihazının üzərində ip vurub paltar qurudanlar da olur, evdə qaz yanarkən pəncərənin nəfəsliyini bərk bağlayanlar da olur ki, bunlar təhlükəsizlik baxımından yolverilməzdir.
Gəncə şəhərində dördmərtəbəli binada baş vermiş partlayış 3 nəfərin həyatına son qoyub, bir nəfər isə ağır xəsarət alıb. Baş verən partlayışda zərər görən mənzillərin sahibləri yataqxanaya köçürülüb.
Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Həsən Məmmədov məlumat verib. H.Məmmədov deyib ki, köçürülənlər hadisə baş verən binadakı 36 mənzilin sakinləridir: "Onlar dünəndən etibarən müvəqqəti olaraq internat tipli gimnaziyanın yataqxanasına yerləşdiriliblər. İcra başçısının da bildirdiyi kimi, bir neçə gün sonra onların kirayəyə çıxarılması məsələsinə baxılacaq".
Gəncədə baş verən faciəvi hadisədən sonra binalarda təhlükəsizlik məsələsi yenidən gündəmə gəlib. Qaydalara əsasən tikinti aparılan ərazidə alçaq təzyiqli qaz kəməri keçirsə, binanın fundamentindən 2 metr, orta təzyiqlidirsə 4 metr, yüksək təzyiqlidirsə 7 metr dərində olmalıdır. Çox təəssüf ki, belə məsələlərə ciddi riayət edilmir, kim harda gəldi, necə gəldi tikinti aparır, əlaqədar qurumlar tikintiyə lazımi qaydada nəzarət etmir, nəticədə belə ağır faciələr yaşanır.
Ən pisi də odur ki, baş verən bədbəxt hadisələrin əksəriyyəti məhz insanların səhlənkarlığı üzündən baş verir. Öz məsuliyyətsizliyimiz, səhlənkarlığımız başımıza bəla açır. Tikintilər aparılarkən layihələr bütün müvafiq qurumlarla razılaşdırılmalıdır. Qaz kəmərləri vaxtaşırı yoxlanmalıdır, nasaz kəmərlər təmir edilməlidir. Xarici ölkələrdə, qardaş Türkiyədə bütün ofislərə, yaşayış binalarına dedektorlar qoyulur. Bu, qaz siqnal aparatıdır. O aparatı quraşdırırlar, azacıq sızma, ya da lap azacıq tüstü yaranan kimi, dedektor siqnal çalır. Yanğın təhlükəsi olduqda isə dedektorun sayəsində klapan qapanır və qazın verilişi dayanır. Bu aparat baha da deyil. Milyonlarla manat sərf edib villa tikdirirlər, bina tikirlər, amma 50 manat verib bir dedektor alıb qoymurlar evə.
Milli.Az bildirir ki, bədbəxt hadisə ilə bağlı "Şərq"ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib ki, binalarda, ictimai yaşayış evlərində, bütün dövlət və özəl müəssisələrdə, təhsil, səhiyyə, biznes mərkəzlərində təbii qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına, FNH-in yanğın təhlükəsizliyi təlimatlarına riayət etmək lazımdır.
Elmar Nurəliyev
Əgər yaşayış, yaxud qeyri-yaşayış yeri yeni tikilirsə, qazla bağlı olan təhlükəsizlik tədbirləri bünövrədən nəzərə alınmalıdır. Hazır olan, illərdir insanların istifadəsi üçün istismara verilən yaşayış binalarında isə binanın məxsus olduğu qurum tərəfindən qazla bağlı təhlükəsizlik tədbirləri görülməklə yanaşı, orada yaşayan sakinlər tərəfindən də evlərdə qazla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Birincisi, özbaşına qaz qurğularına müdaxilə etmək, hər hansı təmir işləri aparmaq və ən əsası standartlara uyğun olmayan, qeyri-metal borular ilə mənzilə qaz xətti çəkmək yolverilməzdir. Hər bir şəxsin mənzildə əməl etməli olan təhlükəsizlik qaydaları var ki, hər hansı bədbəxt hadisə ilə qarşılaşmasın.
İlk öncə, hər gün səhər, günorta və axşam evin havasını dəyişmək, qazdan istifadə zamanı, yəni qazı yandırarkən evdə qazın sızma ehtimalının olmamasına əminlik lazımdır. Evdə qaz iyi hiss etdikdə, qapı-pəncərəni açmaq, alışqandan və elektrik cihazlarından istifadə etməmək lazımdır. Evdə qaz cihazı işləyə-işləyə evi tərk etmək olmaz. Bəzən qaz yanan otaqda tez alışan, partlamaya meyilli maddələr qoyulur ki, bu da yolverilməzdir. Qaz cihazının üzərində ip vurub paltar qurudanlar da olur, evdə qaz yanarkən pəncərənin nəfəsliyini bərk bağlayanlar da olur ki, bunlar təhlükəsizlik baxımından yolverilməzdir".
Ekspert bildirib ki, qazdan əsasən qış aylarında, havalar soyuyanda daha çox istifadə edilir ki, bu zaman evlərdə tüstü bacalarının təmizlənməsinə ehtiyac yaranır:
"İldə azı bir dəfə tüstü bacaları təmizlənməlidir. Hamam otaqlarında nəfəslik olması və qapının aşağı hissəsində içəri hava keçməsi üçün deşiklər olmalıdır. Yoxsa qazın yanması zamanı düzgün yanma getməzsə, dəm qazı yarana bilər və bu da insan həyatı üçün təhlükəlidir. Dəm qazı iysiz, dadsız və rəngsizdir deyə onu hiss etmək olmur. Baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq onun əlamətləridir. Yaxşı olar ki, ictimai yaşayış binalarında təbii qazdan istifadə ilə bağlı cavabdeh şəxslər olsun və onlar aidiyyəti qurumlar tərəfindən yoxlamadan keçmiş və işləməsinə icazə verilən şəxslər olsun ki, bu şəxslər binalarda sakinləri qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə maarifləndirsin və nəzarət etsin".
Milli.Az