Cəmiyyət

"Mühit məni narkoman etdi"

17 Aprel 2011 14:32
Baxış: 12 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bütün dünyada ağır xəstəlik hesab olunan narkomaniya Azərbaycandan da yan keçməyib. Ölkəmizdə hər il stabil olaraq 1000-1200 nəfər narkotika aludəçisi olur. Hazırda Respublika Narkoloji Dispenserinin rəsmi rəqəmlərinə görə, Azərbaycanda 21180 nəfər narkotikadan asılı insan var. Onlardan 374-ü qadın, 32-si yeniyetmə, 2633 nəfəri isə 18-19 yaş qrupunda olanlardır. Ancaq ekspertlərin fikrincə, bu rəqəmlər xeyli yüksəkdir. Belə ki, təkcə dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı təxminən 20 minə yaxındır. HİV-ə yoluxmuşların sayı isə 2 mindən artıqdır. Müsahibimiz Riad (ad şərtidir) da belələrindəndir.

- Necə oldu ki, narkotik maddələr qəbul etməyə başladınız?

- Hər şey düşdüyün mühitdən asılıdır. Elə bir mühitə düşdüm ki, özüm də bilmədən narkomana çevrildim. Yavaş-yavaş içki içə-içə, nəşə çəkə-çəkə narkotikə qurşandım. Bir dəfə iylədim, bir dəfə nə bilim, heroin vurdum. Beləcə narkoman həyatı başladı. Sonra da narkotik üçün pul axtarırdım. Narkotikə görə elə bir vəziyyətə düşərsən ki, oğurluğa və başqa cinayətlərə də əl atmalı olarsan.

- Narkotik maddə istifadə etməyə başlayanda bunun asılılığa çevriləcəyini bilirdiniz?

- Bilsəm də, fikirləşirdim ki, mənimlə heç vaxt belə olmayacaq. Öz iradəmə güvənirdim, bunun asıllığa çevriləyəcəyini düşünmürdüm. Deyirdim ki, boş şeydir. Heç vaxt məndə narkotik maddədən asılılıq yaranmaz. Bir-iki dəfə istifadə edib ataram. Tədricən xoşuma gəlməyə başladı. Ayılanda artıq gec oldu. "Lomka" vaxtı dostlarımın yanına gedirdim. "Bu saat düzələcəksən" deyə yenə də iynə verirdilər. İynədən sonra ağrı kəsirdi.

- Neçə yaşınızda narkotikə əl atdınız?

- 18 yaşımdan başlayaraq narkotikə aludə oldum. İndi 28 yaşım var. Bir neçə ili çıxmaq şərti ilə 6-7 il fasiləsiz vurmuşam.

- Dediyiniz bu illəri necə keçirmisiniz?

- Hər səhər oyananda eyni fikirdi başımda, mən gedib hardan mal tapacağam. Bu nə həyatdı? Səhəri necə olacaq, axşamı necə olacaq? Bəzən imkan olmur məcbur olub 3-4 dəfə bir şprisdən istifadə edirəm. Bu da xəstəliklərə yoluxmama səbəb olub.

- Təsiri altına düşdüyünüz dost-tanışlar yeniyetmələri də narkotikə cəlb edirdilər?

- Məktəbdə, hətta yuxarı sinif qızlarının da iynə vurduğunun şahidi olmuşam. Yuxarı sinifdən olan qızların çoxuna özüm də iynə vurmuşam. Qızların iradəsi həddən artıq zəifdir, daha tez sınırlar. Qıza ümumiyyətlə yaraşdırmıram. Qız narkomanlar müxtəlif yollarla şantaj olunur. Narkotikə görə qız narkomanlar qıza layiq olmayan əməllərə əl atırlar.

- Məktəbə narkotik maddələri kim gətirir, şagirdlər narkotiki necə əldə edirlər?

- Məktəbə narkotik gətirib paylayırlar. Bunun cürbəcür yolları var. Məktəbdə oxuyan da narkotik gətirir, kənardan da gətirənlər olur. Kənar adamlar rüşvət ilə məktəbə daxil olurlar. Bir yerdə narkoman varsa, ola bilməz ki, ora narkotik satan, yayanların girişi-çıxışı olmasın. Mən özüm bunun şahidi olmuşam. Uşaqları aldadırlar.

- Əsasən hansı narkotik maddədən istifadə edirdiniz?

- Əvvəlcə tiryək istifadə edirdim, sonradan keçdim heroinə. Gündəlik doza üçün miqdarından asılı olaraq 15-20 manat lazım olurdu. Ümumiyyətlə, əlimə nə qədər pul düşürdüsə heroinə verirdim. İlk mərhələdə narkotik rahatlıq gətirir, əhvalımı yüksəldirdi. İnsanlarla daha mehriban davranır, özümü gümrah hiss edirdim. Sonradan isə ağrıları sakitləşdirmək üçün vurmağa başladım. Düşünürdüm ki, birini də vurum, sonra atacam. "Bir dənə də iynə" deyə-deyə görürsən ki, bir il olur.

- Narkotik vasitələrdən asıllılıqdan müalicə olunmağa nə vaxtdan başladınız?

- Heroin vurarkən iynə vasitəsilə HİV-ə yoluxandan sonra, 2010-cu ildə müalicə olunmağa başladım. Narkotik sağlamlığımı əlimdən aldı. Ürəyim sancmağa başladı, ciyərim sıradan çıxdı, mədəmdə problemlər yarandı. Narkotik asılılıqdan müalicə olmaq üçün həkimin nəzarəti ilə gündə bir dəfə metadonu qəbul edirəm. Metadon səhhətə ziyan olsa da, insanın sınmağının, alçalmağının qarşısını alır.

- Ailəniz, yaxınlarınız narkoman olmağınıza necə reaksiya verdi?

- Məni xəstə kimi qəbul elədilər. Çətin vaxtlarda ailəm mənə köməklik göstərirdi. Ana kimi adama dəstək olan yoxdur. Ən çox halıma anam yanırdı. Elə olub ki, narkotik almaq üçün pul tapmaq məqsədilə qohumlarımın, valideynlərimin qabağında alçalmışam.

- Əgər yenə narkomanların mühitinə düşsəniz, sizə yenə də narkotik maddə təklif etsələr, qəbul edərsiniz?

- İynəni... Yox, iynəni daha həyatı boyu istifadə etmərəm. Amma etiraf edim ki, nəşəni bəlkə də bəzi hallarda qəbul edərəm.

Həmsöhbətimin düşdüyü ağır vəziyyətlə bağlı AİDS-lə Mübarizə İctimai Birliyinin əməkdaşı Ehtiram Paşayevlə söhbətləşdik. Onun sözlərinə görə, narkomaniya çox ağır xəstəlikdir. "Təkbaşına heç bir insan o bəladan qurtula bilməz. Milyon nəfərdən biri, güclü iradəyə malik olan adam narkotik asılılıqdan sağala bilər".

E.Paşayev qeyd edir ki, narkotik asılılıqdan əziyyət çəkənlər onların təşkilatına müraciət edə bilərlər. "24 saat ərzində inam telefonumuz fəaliyyət göstərir. Lazım olanda məsləhətlər veririk. Tək narkotik istifadəçilərinə deyil, riskli davranış edənlərə, QİÇS-ə yoluxma ehtimalı olanlara da köməklik göstəririk. Onları lazımi yerlərə istiqamətləndiririk".

Ölkədə narkotiklə bağlı vəziyyətin çox ağır olduğunu deyən Paşayevin sözlərinə görə, müalicə məqsədilə əvəzləyici terapiya həyata keçirilir. "Əvəzləyici terapiya metadon proqramıdır. Respublikada bu proqramı həyata keçirən cəmi 2 məntəqə var. Biri Respublika Narkoloji Dispanserində, biri də Respublika QİÇS-lə Mübarizə Mərkəzindədir. Metadon süni narkotikdir. Maye şəklində olan metadonu içirlər. Onu insanlara verirlər ki, gedib öz damarlarını korlamasın, heroin vurmasın. O, iynə vasitəsilə müxtəlif xəstəliklərə yoluxmanın və cinayətkarlığın qarşısını alır. Yəni narkoman narkotik əldə etmək üçün pul axtarmır, gedib hardansa oğurluq etmir. Metadon pulsuz verilir, dövlət proqramına daxildir. Bu effekt verən proqramdır. Avropa ölkələrində həkim resepti ilə apteklərdə satılır".

E.Paşayevin sözlərinə görə, bölgələrdə, Lənkəran, Hacıqabul və Şirvanda metadon proqramına ehtiyac var. Narkomaniya və HİV-ə yoluxanların sayına görə, yüksək faiz həmin bölgələrdədir. "Sumqayıtın özündə də vəziyyət çox gərgindir".

"Ekspress" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.