Cəmiyyət

Bakı yollarında çadır quranlar cərimələnəcək

14 Aprel 2011 12:29
Baxış: 406
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər gün Bakıda yüzlərlə avtomobil sürücüsünün, minlərlə sərnişinin əsəbləri gərilir. Səbəb çox sadədir. Tıxac...

Şəhərdə tıxacların yaranma səbəblərindən biri də yollarda yas mərasimlərinin keçirilməsi üçün çadırların qurulmasıdır. Ümumi istifadədə olan yollarda qurulan çadırlar həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olur.

Bakı küçələrində çadırlar əsasən gecə saatlarında qurulur, səhər açılanda isə sürücülər sürprizlə qarşılaşır. Halbuki, çadırların qurulması üçün məhəllədaxili yerlər, həyətlər, binaların qarşısı mövcuddur.

Mental xüsusiyyət kimi ölü yiyəsi çadırı düz yolun ortasında qurdurur. Lakin "Yol hərəkəti haqqında" qanunun 12-ci maddəsində göstərilib ki, yol yalnız xüsusi hallarda bağlana bilər. Özü də səlahiyyətli şəxsin xüsusi əmri ilə. Qanundan irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 165-ci maddəsinə əsasən bu halda həmin şəxsləri pul cəriməsi gözləyir. Bu barədə ANS telekanalına Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

"Yolun hərəkət hissəsində çadırlara görə məsuliyyət daşıyan fiziki şəxslər 40-50, vəzifəli şəxslər 250-300, hüquqi şəxslər 500-600 manat cərimə oluna bilər", - deyə Vaqif Əsədov vurğulayıb.

BŞDYPİ rəsmisinin sözlərinə görə, belə qanunsuz çadırların qurulması yollarda problemlərə gətirib çıxarır. Axı yarım metrlik məsafədə nə maşın idarə etmək, nə də hərəkət etmək olur. Hələ bu çadırların VİP-sini, ora daxil olan digər xidmətləri, ayrıca mətbəxi, ayaqyolunu da nəzərə alsaq, yol keçilməz olur. Yasa gələnlərdən bir neçəsi avtomobilini də orada saxlasa, vəziyyəti təsəvvür etmək çətin deyil. Bu isə vətəndaşların, sürücü, piyada və sərnişinlərin haqlı narazılığına səbəb olur.

Vətəndaşlar yollarda çadır qurulması ilə əlaqədar mütləq Dövlət Yol Polis İdarəsinə məlumat verməlidir. Çünki həmin çadırı quran insanlar öz işlərilə yanaşı, başqalarını da düşünməlidir. Heç olmasa gediş-gəliş üçün müəyyən miqdarda yer qoymalıdırlar.

Yol polisi bu məsələ ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinə müraciət edib. Məsələ ilə əlaqədar idarənin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib ki, "Quran" oxunan yerdə halallıq olmalıdır. Ümumi istifadədə olan yeri xüsusi yer kimi istifadə etmək dində qəbuledilməzdir.

"Ümumi yolu kəsib, çadır qurmuq, gediş-gəlişə mane olmaq şəriətdə düz deyil. Quran surələri halal yerdə oxunmalıdır. Başqasının torpağını zəbt edib, xalqın ümumi yolunu bağlayıb, orada məclis keçirtmək düz deyil", - deyə Hacı Mirəziz Seyidzadə qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.