Cəmiyyət

Millət vəkili: “Gənc ailələrə dövlət tərəfindən güzəştli mənzillər verilə bilər”

13 Aprel 2011 11:03
Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu günlərdə prezident İlham Əliyev 2011-2015-ci illər dövlət gənclər proqramının hazırlanması barədə sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sərəncam əsasında hökumətə proqramın işlənib hazırlanması tapşırılıb. Proqramın işlənib hazırlanmasında yaxından iştirak edəcək gənclər təşkilatları da bir sıra təkliflər irəli sürmək niyyətindədirlər. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov "Olaylar"-a verdiyi müsahibədə yeni dövlət proqramına daxil edilməsi vacib olan məsələlər barədə danışıb.

-Gənclər Təşkilatları Milli Şurası olaraq yeni hazırlanacaq dövlət proqramına nələrin daxil edilməsini təklif edirsiniz?

-Biz istəyirik ki, gənclər təşkilatlarının qərargah məsələsi həlli olunsun. Eyni zamanda Azərbaycanda gənclər mərkəzləri tikilsin. Həmçinin çox arzu edirik ki, Gənclər Fondu yaradılsın. "Dövlət Gənclər haqqında" qanunda da bu öz əksini tapıb. Bu gün istər fərdi, istərsə də təşkilatlanmış gənclər həmin fonda müraciət edərək müəyyən layihələr həyata keçirə bilərlər. Gənclər təşkilatları tərəfindən bu gün gündəmə gətirilən məsələlər məhz bunlardan ibarətdir.

-Ümumilikdə dövlət başçısının məlum sərəncamını necə qiymətləndirirsiniz və bu dövlətin gənc nəslə olan diqqət və qayğısının göstəricisi deyilmi?

-Məlum olduğu kimi 2010-cu ildə artıq dövlət gənclər proqramının birinci beş ili başa çatıb. Bununla əlaqədar olaraq cənab prezidentin 2011-2015-ci illər dövlət gənclər proqramının həyata keçirilməsi ilə bağlı sərəncamı oldu. Gənclərin vətənpərvərliyi istiqamətində təbliğat işlərinin aparılması, onların yeni iş yerlərinə cəlb edilməsi, gənclərin peşə istiqamətlərinin inkişaf etdirilməsi, ümumilikdə Azərbaycan gənclərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər proqramın əsas istiqamətləridir. Bununla bağlı hökumətə müvafiq tapşırıq verilib və hökumət də öz növbəsində bu istiqamətdə təkliflərini hazırlamalıdır. Gənclər Təşkilatları Milli Şurası olaraq biz də müıyyən təkliflərimizi Gənclər və İdman Nazirliyinə təqdim etmişik. Sözügedən sərəncamın imzalanması bir daha onun göstəricisidir ki, Azərbaycan dövləti hər zaman ölkə gənclərinin gündəlik həyatı, onların inkişafını, yüksəlişini diqqətdə saxlayır. Bu ardıcıl olaraq həyata keçirilən bir prosesdir. Sevindrici haldır ki, bu istiqamətdə gənclər təşkilatları da fəallıq göstərirlər.

-Bu gün gənclərin bir sıra sosial problemləri mövcuddur və millət vəkili olaraq bu istiqamətdə qanunverici orqanda hansısa təkliflərlə çıxış etməyi düşünürsünüzmü?

-Gənc ailələrə dövlət tərəfindən dəstəyin verilməsi, eləcə də sosial yardımların həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Bu layihə yaxın vaxtlarda Milli Məclisdə müzakirə olunacaq. Burada gənc ailələrə müəyyən müddətə dövlət tərəfindən güzəştli mənzillərin təqdim olunması əksini tapır. Bununla bağlı aparıcı ölkələrin təcrübəsi ilə tanış olmuşam və yaxın vaxtlarda öz fikirlərimi təqdim edəcəm. Yəqin ki, Milli Məclisin növbəti iclasında bu məsələ müzakirə olunacaq. Bunun özü də dövlət tərəfindən yeni yaranan gənc ailələrə göstərilən diqqət, dəstək olacaq. Həımin ailələr müəyyən müddət üçün həmin evlə təmin olunacaq. Özlərinə iş tapıb sosial vəziyyətlərini yaxşılaşdırdıqdan sonra həmin mənzili dövlətə təhfil verəcəklər. Ümumilikdə bizim bir çox proqramlarımız var. Bir müddət əvvəl cənab prezident tərəfindən Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması ilə bağlı sərəncam imzalandı və proqram hazırlandı. Həmin proqram ona görə qəbul edilmişdi ki, Azərbaycan gənci xarici ölkədə yüksək ixtisasa sahib olaraq Azərbaycana gəlsin və öz ölkəsini inkişaf etdirsin.

-Gənclərin müəyyən zamanlarda bəzi siyasi partiyaların oyunlarının iştirakçısına çevrilməsini necə dəyərləndirirsiniz?

-Bu gün mənim rəhbəri olduğum Gənclər Təşkilatları Milli Şurasında 70-ə yaxın gənclər təşkilatı təmsil olunur. Milli Şurada təmsil olunan hər bir gənclər təşkilatının amalı Azərbaycan dövlətçiliyi, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin həyata keçirdiyi siyasətin müdafiəsidir. Bu gün dünyada böyük çağırışlar var. Bu çağırışlara cavab vermək isə ancaq güclü, müstəqillik ənənəsi olan bir dövlətə xasdır. Azərbaycan bu gün bu yolu aparır. Təbii ki, həyata keçirilən bu işlərə müəyyən maneçiliklər də olur. Bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət bir çox qüvvələri narahat edir. Ancaq düşünürəm ki, narahatçılığa heç bir ehtiyac yoxdur. Azərbaycan gəncləri isə hər zaman Azərbaycan dövlətçiliyinin tərəfində olan bir təbəqə olub. Heç şübhəsiz ki, müxtəlif fikirlər ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan demokratik bir dövlətdir və istənilən narahatçılıq doğuran məsələni müzakirə etməyə hazırıq. Gənclər siyasəti, gənclərin durumu, onları narahat edən istənilən məsələ ilə bağlı millət vəkili kimi müzakirə aparmağa hazıram. Buyurub müraciət etsinlər və biz də həmin gənclərlə görüşüb fikirlərimizi bölüşək. Hətta elə məsələ olar ki, onlar bizə məsləhət verər və biz də öz növbəmizdə onu həyata keçirə bilərik. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti ölkədə gedən islahatları, inkişafı tam dəstəkləyir. Bu gnnün Azərbaycan gəncləri artıq 10-15 il bundan əvvəlki gənclər deyillər. Bu gün Azərbaycan gəncləri yüksək savada malik olan gənclərdir. Onların sabaha böyük inamı var və bilirlər ki, gələcəkləri çox yaxşı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.