Cəmiyyət

Özümüzə məxsus xəstəliklər: nadir mərəzlərin çarəsi nələrdir?

11 Aprel 2011 08:50
Baxış: 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəstəliklər xəritəsində biz də varıqmı?

ABŞ və Böyük Britaniya alimləri son 65 ilin (1940-2004) məlumatlarını araşdıraraq dünyanın düçar olduğu yoluxucu xəstəliklərin xəritəsini hazırlamışdılar. 2005-ci ildə yekunlaşan analizlərdən sonra alimlər müəyyən ediblər ki, əksər xəstəliklər (335 xəstəlik) insana vəhşi təbiətdən, bir az dəqiq desək, heyvanlardan keçir ( 60%). Sadalanan xəstəliklər arasında Malaziyada aşkar edilən "Nipah", Çində tapılan "SARS", H5N1, Afrikada rast gəlinən "Ebola" və "Qərbi Nil" virusları var və hamısı heyvan mənşəlidir. Hesabatı hazırlayanlardan biri Dr. Marc Levi "Dünya əhalisinin sayı artdıqca təbii yaşam sahələri azalır, insan və heyvanlar bir-biriylə daha sıx təmasda olurlar, bu da insanın yeni xəstəliklərə düçar olmasını asanlaşdırır" - deyib. Ekspertlər hesab edirdilər ki, bu cür yaxınlaşmanın qarşısı alınmazsa, dünya əhalisinin yeni epidemiyalarla üz-üzə qalacağı riski artacaq. 

"Qoyun-quzu qripi" hazırlansa, vay halımıza...

Əslində, həmin xəritəni görməmişəm və Azərbaycanın bu xəritədə hansı potensial xəstəliklə üz-üzə qaldığından xəbərim yoxdur. Lakin onu deyə bilərəm ki, biz azərbaycanlılar prinsipcə, heyvanlarla çox kontaktı olan xalq deyilik. Demək istəyirəm ki, avropalılar kimi it-pişik, dovşan, tutuquşu ilə bir dam altında yaşamırıq. Heyvanın heyvan, insanın insan yeri var. Uzağı qoyun-quzu ilə sıx, eşşəklə isə aradabir təmasda olanlarımız var, bu da hələ ki, geniş arealı və kütləni əhatələmir. Allah- taala o gündən saxlasın ki, dünyanı idarə edənlərin məxfi laboratoriyalarında qoyun-quzu qripi hazırlansın. Bax, onda təhlükə real olacaq.

Siqnalımız heyvan səsi çıxarırsa...

Bizi digər xalqlardan fərqləndirən cəhətlər var. Bu cəhətlər yalnız özümüzə məxsusdur. Bir neçəsini sadalayacam. Şəxsən, belə fikirdəyəm ki, xəstəliklərin yuxarıda qeyd edilən formada yayılma texnolgiyasının indi sadalayacağım anormallıqlarla birbaşa bağlılığı var. Çünki normal düşüncə ilə gündəlik rastlaşdığımız qeyri-adiliklərə başqa ad vermək olmur. Misal üçün, avtomobilə at, eşşək, it, canavar səslərini qoşub gecə vaxtı səs salmaq yalnız genlərdən ötürülən kodlarla bağlı ola bilər. Və yaxud mobil telefonla içtimai yerdə qışqıra-qışqıra (oxu-anqıraraq) danışmaq, mobil telefona az qala bir toyda səslənən bütün musiqiləri köçürmək və onu ətrafdakılara zorən eşitdirmək normal insana xas xüsusiyyət deyil. Bunun, hansısa heyvandan yoluxmuş xəstəliklə əlaqəsinin olması ehtimalı var. Yaxud yolda qırmızı işıqda gözləyən maşının yerindən tərpənməsinə işarə məqsədilə siqnal verməyin mahiyyətini anlamaq çətindir. Yolda hansısa tanışı görəndə ona salam əvəzinə siqnal vermək və ya guya zarafatla, özü də böyük sürətlə üstünə maşın sürmək anormallıq deyil, nədir?

"Bizləşmiş" türkmənin əhvalatı

Çexiyada mənimlə birgə İraq türkməni oxuyurdu. Alicənab, mədəniyyətli, savadlı bir oğlan idi. Söhbətimiz tuturdu. Baxmayaraq ki, mənim namaz qılmağıma səbəb olmuşdu, İslam haqda hüdudsuz sevgi və biliyə malik idi, lakin müsəlmanlar haqda elə də yüksək fikirdə deyildi. Bir dəfə çexlərin və digər Avropa vətəndaşlarının qaldığı yataqxananın qabağında dayanıb İraq türkmənləri ilə azərbaycanlılar arasında oxşar və fərqli cəhətəri müzakirə edirdik. Yataqxananın həyətində tam sakitliyi yalnız biz - türkmən və azərilərin səs-küyü pozurdu. Bir anlıq bu mənzərəyə diqqət yönəldib, o ki var, güldük. Sonda çox maraqlı hadisə baş verdi. Dostumuz bizimlə sağollaşdı, maşına əyləşdi və elə hərəkətə başlayırdı ki, siqnal verdi. Çox təəccüblə, nəsə tanış bir mənzərəni xatırlayırammış kimi geri çevrildim. Burhan gülə-gülə: "Sənə Bakını xatlırlatmaq istədim. Axı siz ayrılanda maşınla siqnal verirsiniz" deyib, getdi. De-ja-vyu? Ola bilməz. Avropa, Çexiya, Brno, tələbə yataqxanası, İraq türkməni, siqnal. Bəlli oldu ki, bizdən əvvəl burada təhsil alan azərbaycanlılar bu "xəstəliklə" iraqlı dostlarımızı yoluxdurublar. Necə deyərlər, şərhsiz...

Sirli "xəstəliklər"...

Elə "xəstəliklər" də var ki, onun törəmə səbəblərini tapmaq müşküldür. Misal üçün, parklardakı skamyalara və ağaclara anadan olduğu kənddən başlayaraq, Bakıya gəlib çatan qədər keçilən bütün marşrutu yazmaq, ağaca adın baş hərfini bıçaqla qazmaq, yeni təmirdən çıxmış beton divara və ya tavana ayaqqabı ilə iz qoymaq, qəzet və dərgilərdəki şəkillərə bığ-saqqal çəkmək, avtobus oturacaqlarını cırmaq, yazı yazmaq, telefon nömrəsini həkk etmək, divarda reklam və elan afişalarını cırmaq "xəstəliyi"nin mənbəyinin haradan qaynaqlandığını tapmaq çətindir. Bunu normal insan öz vətənində etməz. Öz dövlətinə bu qədər ziyan vurmaq, gəmiricilik, dağıdıcılıq telləri bu qədər qabarıq büruzə verməyin izahını verə bilmirəm.
 
Hələ mahiyyəti bəlli oldu-olmadı, ortaya düşən söhbətin analizi kimi çürük söhbət xırdalıqlarını, eyni kinoya baxmış insanların, kino qurtardıqdan sonra kinonu bir-birinə danışma xəstəliyini demirəm. Avtobus sürücüləri ilə taksi "şofer"ləri, ustalar isə başqa aləmdir. İllərlə sifarişi olmayan birisini adi suvaq vurmağa çağırırsan, bütün evi söküb qoyur ortaya. Bir az keçir bəlli olur ki, vaxtilə Putinlə bir yerdə hərbi xidmətdə olub, dayısı Ryazan vilayətinin qubernatorunun kürəkənidir, özü də 4 institut bitirib, şeir yazır, Səməd Qarabaxtlının poeziyasının vurğunudur. İki gündən sonra usta olur evin ağası, sən çevrilib olursan onun buyruq qulu...

"Bahalı nömrə" xəstəliyi

Qaldı ki, kökü, səbəbi, daşıyıcısı bəlli olmayan sonuncu xəstəliyə, bəli, etiraf edək ki, dünya alimləri bunu hələ araşdırmayıblar. Bu xəstəlik tibb elminə indi bəlli olur: "bahalı nömrə" xəstəliyi. Bəli, biz populistik, şöhrətpərəstik, özünü gözə soxmağa görə dünyanın bütün xalqlarını qabaqlayırıq. Azərbaycanda bahalı telefon və maşın nömrələrinə vurğunluq uzun illərdir dəbdədir. Bunu ruslar da etiraf edirlər ki, "güzgü nömrələrin belə əhəmiyyətli olduğunu siz "qara"lardan öyrəndik, indi də əl çəkə bilmirik". İstəyir böhran olmur, fəlakət olsun, bu xalqın balaları şöhrətpərəstlik mərəzindən yaxa qutara bilmir ki, bilmir, gərək bu məsələyə psixoloqlar qarışalar. Başa düşüləndir, imic hər şeydən vacibdir, ancaq bu kimi hallara imic demək nə dərəcədə düzgündür? Əslində, bizdə insana savadına, dünyagörüşünə, ağılına görə deyil, yaxşı maşın, ona uyğun nömrə, son dəb telefon və "bərkgedən" nömrəsinə görə qiymət qoyurlar. Bir çox gənlərimiz yuxusuna haram qatır, valideynlərini onun-bunun qapısına borc dalınca minnətə göndərir...

4 min manatlıq nömrə gəzdirən imkansızlar varmış...

İki gün öncə tanıdığım biri, sonu "0000" bitən telefon nömrəsinə 4 min manat verib. İmkanı geniş olsa, adamı yandırmaz. Bu 4 min manata nə etmək olmazdı? Ən azı, Şərqi Aropada tanınmış universitetlərdən birində 3 il təhsil almaq, hansısa bir kitabın lisenziyasını alıb, tərcümə etmək, bir elmi işin araşdırılmasını maliyyələşdirmək, "Yetimlər evi"ni 6 ay ərzaqla təmin etmək, 40 ailənin bir aylıq ərzaq təmintını ödəmək mümkün idi. Bazarda səhər saat 6-dan axşam saat 8-ə qədər meyvə satan birisi, 4 min manata nömrəni neyləyəcək görəsən?

"Bərkgedənlər" Şərqdə və Qərbdə

Hətta xarici avtomobillərin reklamlarında, çox bahalı maşınlarda belə, adi nömrələr olur. Öyrəndim ki, Rusiyada "EKX" seriyası "ən bərkgedən" sayılır. ("EKX" - "Edu Kak Xoçu" - "necə istəyirəm, elə də sürürəm" - red.) Ötən il Qətərdə iş adamı mobil telefon nömrəsi üçün 2 milyon dollar ödəmişdi. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu məbləğ "Katar Telecom"un Dohada keçirdiyi auksionda "600-00-00" nömrəsi üçün sayılıb. Nömrəni alan iş adamı adının açıqlanmasını istəməyib. Qeyd edək ki, auksionda 6 rəqəmi ilə başlayan daha 51 ədəd nömrə satışa çıxarılıb. İkinci ən bahalı nömrə "600-00-02" olub. Bu nömrəyə görə 900 min dollar ödənilib. Qeyd edək ki, şirkətin ən baha nömrəsi 2006-cı ilin mayında satılıb. O zaman "666-66-66" nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir (lent.az).  Bax, budur müsəlmanın ağılı. Əfqanıstanda, Pakistanda, Həbəşistanda acından ölən 2 milyon 800 min müsəlmanın illik gəliri heç bu qədər etmir. Bu harınlamış "xəstə" bir nömrəyə bu qədər pul ödəyir. 

Xatirinizdə olar, 2006-cı ildə Daxili İşlər Nazirliyində kollegiya iclasında cənab nazir Ramil Usubov nömrə xəstəliyinə tutulan bir para adamların olduğunu təəssüflə bildirmişdi göstəriş vermişdi ki, cüt nömrələr yalnız yük maşınlarına və "juqili" maşınlarına verilsin. Görün vəziyyət nə yerə gəlib çıxıb ki, hətta cənab nazir məsələyə müdaxilə edir!

Qeyri-ənənəvi xəstəliklərdən necə qorunaq?

Heyvani xəstəliklərdən qorunmaq üçün ətrafımızda baş verənlərə reaksiya verməli, səbəbini araşdırmaq üçün bütün variantlara baş vurmalıyıq. Yadımdan çıxmamış, bir faktı da deyim. Genetikanın bir nömrəli qanununa görə, bütün insanlar millətindən, yaşından asılı olmayaraq, eyni geni daşıyırlar. Yəni, inuitlər, basklar, hinduslar, avropalı və amerikalının genomundan fərqlənmir. Bunu amerikalı alimlər kəşf ediblər. O da təsdiq olunub ki, "genetik eynilik" qanununu iki qəbilə pozur. Bunlardan biri Şimali Pakistanın sakinləri olan kalaş tayfası, ikincisi isə Afrika piqmeyləridir.
Bəlkə siyahıya bir tayfanı da əlavə edək: şüur çatışmazlığı sindormundan əziyyət çəkən nömrə xəstələrini?...

Sənan Nəcəfov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.