Cəmiyyət

15 ölkədə tələbələri olan azərbaycanlı müəllim - FOTO

10 Aprel 2015 17:04
0 Şərh     Baxış: 2 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tofiq Həsənov: "Yaponlar ildə 3-4 gündən artıq məzuniyyətə çıxmağı xoşlamırlar"

Deyir ki, hər adamın marağı, məqsədi fərqli olduğuna görə heç vaxt başqalarına baxıb onların yolu ilə getmək lazım deyil. Onun fikrincə, insan yalnız öz yolu ilə getdikdə xoşbəxt ola bilər. Müsahibimiz Tofiq Həsənovla yaxından tanış olaq.

Bakalavr təhsilini Türkiyədə Orta Doğu Texnik Universitetində, elektronik mühəndisliyi ixtisası üzrə bitirib. Daha sonra təhsilini Yaponiyada Kioto Texnologiya İnstitutunda informasiya elmi üzrə magistratura pilləsində davam etdirib. Hazırda sözügedən ölkədə doktorantura pilləsində oxuyur. 700.az MMC şirkətinin həmtəsisçisi, Şəxsi İnkişaf Klubunun təsisçisidir. Qafqaz Universitetində "təşkilatçı və sahibkarlıq" dərsini tədris edir. Əsas araşdırma sahəsi süni intellekt və maşınların öyrənilməsidir.

Məktəb şagirdlərini dünya proqramlaşdırma olimiadalarına hazırlaşdırıb. Qeyd edək ki, 10-cu sinifdə oxuyanda özü də dünya proqramlaşdırması olimpiadasında iştirak edərək Azərbaycana ilk gümüş medal qazandırıb.

- Tofiq bəy, bir az təsisçisi olduğunuz şirkətlər, işiniz barədə məlumat verərdiniz...

- Yaponiyada və Azərbaycanda bəzi layihələr üzərində işləyirəm. Əsas marağım təhsilədir. Məhz buna görə Qafqaz Universitetində dərs deyirəm. İşlədiyim bütün layihələrdə təhsil, informatika, özünü inkişaf etdirmək öndədir. Həmtəsisçisi olduğum 700.az MMC şirkətini yaratmaqda əsas məqsədimiz elektron təhsil sahəsinə töhfə verməkdir. Şirkətimizin layihələrindən olan mentiq.az saytı artıq hazırdır. Bu saytda magistraturaya hazırlaşmaq üçün onlayn dərslər verilir, testlər keçirilir. Əsas layihəmiz olan 700.az saytı isə sentyabrdan istifadəyə veriləcək. Bu layihə ali məktəblərə qəbul imtahanlarında yüksək bal yığmaq istəyən abituriyentlər üçün nəzərdə tutulub. Azərbaycanın ən yaxşı müəllimləri bir yerə yığılaraq video dərslər, testlər hazırlamışıq, maraqlı platforma düzəltmişik. Saytda canlı dərslərin, müsabiqələrin təşkili nəzərdə tutulur. Məqsədimiz tələbələrin yüksək bal yığmasına yardım etməkdir. Yaponiyada da buna oxşar bir layihə üzərində işləyirik. Platformamız Yaponiyada təhsil alan tələbələrə digər universitet müəllimlərindən də onlayn dərs almaq imkanı verəcək. Bu layihəmizin yavaş-yavaş başqa ölkələrdə də istifadə olunmasını planlaşdırırıq.

- Tofiq bəy, maraqlıdır, nəyə görə təhsil almaq üçün gənclərimizin çox az hallarda üz tutduğu Yaponiyanı seçdiniz?

- Mənim üçün maraqlı olan süni intellekt və maşınların öyrənilməsi sahəsi Yaponiyada yaxşı inkişaf edib və tədrisi də keyfiyyətli aparılır. Bundan başqa, həmişə özümü qəribə, heç vaxt rastlaşmadığım mühitə salmaq maraqlı olub. Bilirəm ki, bu zaman insanda inkişaf sürətli gedir. Standart mühitdə olanda müəyyən çərçivədən kənara çıxmaq çətindir. Digər tərəfdən, Yaponiyada oxuduğuma görə həm yapon, həm də Azərbaycan mədəniyyətini yaxşı qavradım. Bununla da biznes sahəsində insanların motivasiyasını daha yaxşı başa düşdüm.

- Yaponlarla azərbaycanlılar arasında hansı fərqləri müşahidə etdiniz?

- Yapon insanının əsas keyfiyyəti işləməyi sevməkdir. Dayanmadan işləyirlər. Bizdə insanlara il ərzində 30-40 gün məzuniyyət haqqı verilir. Yaponiyada isə bu, 8 gündür. Amma 3-4 gündən çox məzuniyyətə çıxan az olur. Bilirlər ki, evdə çox qalmaq onları tənbəlləşdirə bilər. Səhər 8-9-da işə gəlib və axşam 21.00-22.00-da işdən çıxırlar. Bu, onlar üçün normadır. Bizdən fərqli olaraq, onlar komanda və qrup şəklində işləməyi sevirlər. Bunun üstünlüyü odur ki, hərənin bir fikir irəli sürməsi işin daha yaxşı olmasına təkan verir. Pis tərəfi odur ki, qrup işində proseslər yavaş gedir. Azərbaycanda isə bir fikir yarananda iş çox tez başlayır. Amma Yaponiyada bu proses bir il uzana bilər. Onların iş vaxtı 10-12 saat çəksə də, bu, o demək deyil ki, daha çox nəticə əldə edirlər. Yaponiyada işin sonunda heç bir nəticə əldə etməyib, amma çox işləmisinizsə, hamı sizdən razı qalacaq. Digər tərəfdən, əgər mən hansısa problemi tez çözsəm, buna pis baxırlar. Deyirlər, sən heç işləməmisən ki...

Çox düşünən, astagəl və riski sevməyən millətdir. Hər bir sahədə riski azaltmaq istəyirlər. Amma müasir dünyada bu, həmişə yaxşı sayılmır. Çünki dünya dəyişir, insanda dəyişiklik baş verir, texnologiyalar dəyişir, hər şey stabil qalmır.

Yapon cəmiyyəti inkişaf etmiş bir cəmiyyətdir. Böyüklərə, yaşlılara sayğı var. Ölkənin infrastrukturu çox gözəl işləyir. Orada bilirsiniz ki, qatar 15.24-də gələcək, başqa cür ola da bilməz. Hətta biletləri bir il əvvəldən alırlar. Bilirlər ki, heç nə dəyişməyəcək. İsveç saatı kimi dəqiq işləyirlər.

Azərbaycan cəmiyyəti çox emosionaldır. Yaponlar isə çox sakit, emosiyasız danışır, bədən dilindən istifadə etmirlər. Buna görə yaponların nə fikirləşdiklərini anlamaq bəzən çox çətin olur.

Orada çox vaxt öz fikrini demək düzgün sayılmır. Əgər böyük adam, məsələn, professor bir fikir söyləyibsə, tələbə başqa bir fikir desə, müəllimə hörmətsizlik sayılır. Bu baxımdan Yaponiyaya təzə gedəndə bəzi problemlər yaşamışdım. Amma tez öyrəşdim.

- Yaponiyada magistratura təhsili almısınız, indi də doktoranturada oxuyursunuz. Orada qalıb işləmək fikriniz varmı?

- Yaponiyada təhsil almaq çox yaxşıdır. Amma orada qalıb işləmək istəməzdim. Onlar nəticə üçün deyil, proses üçün işləyirlər, buna görə mən onlarla çalışa bilmərəm. Təşəbbüskar adamı sevmirlər.

- Şəxsi İnkişaf Klubu da yaratmısınız. Yəqin gənclərlə işləyirsiniz...

- 2005-ci ildə ikinci kursda oxuyanda bu mövzu mənə maraqlı gəlməyə başladı. Düşündüm ki, öz fərdi keyfiyyətlərimi, diqqəti bir yerə cəmləmə qabiliyyətimi, yaddaşımı inkişaf etdirə bilərəm. Araşdırma aparmağa başladım, kitablar oxudum, seminarlara, treninqlərə getdim. 2-3 il sonra gördüm ki, sözügedən məsələlərdə inkişaf etmək üçün yaxşı nəticə verən maraqlı texnikalar var. Həmin texnikaları toplayıb bir sistem qurmağa başladım. Klub yaradıb, sadaladığım qabiliyyətləri inkişaf etdirmək istəyənləri bir yerə yığdım, seminar və treninqlər keçməyə başladım. Bir şeyi başa salanda özüm də yaxşı başa düşdüyümü müşahidə etdim. Çox uğurlu oldu. Yaponiyaya gedəndən sonra canlı şəkildə dərs demək imkanım olmadığından onlayn şəkildə seminarları davam etdirdim. Dərslərimi rus, ingilis və türk dillərində bütün dünyaya yaydım. Hazırda 15 ölkədən tələbələrim var. 10 ildir bu sahədə araşdırma aparıram.

- Gənclərin özlərini inkişaf etdirməsi üçün nə məsləhət görərdiniz?

- İlk növbədə qarşılarına nə istədiklərini bildirən məqsəd qoymalıdırlar. Bizdə çoxu pul qazanmağı fikirləşir. Amma fikirləşmir ki, pul sadəcə, bir alətdir. İnsan maraqlı olduğu, sevdiyi sahədə işləməli, biznesini qurmalıdır. Biznes heç vaxt pul qazanmaq üçün vasitə olmamalı, həyatınızı istədiyiniz kimi yaşamağınız üçün vasitə olmalıdır. Pul biznesdə bir parametrdir. Aydındır ki, bu parametr sıfırdan aşağı düşməməlidir. Biznesinizi düzgün şəkildə qursanız, oradan pul da gələcək. Sevdiyiniz işi gördüyünüz üçün bu sahəyə marağı olan insanları da ətrafınıza toplaya biləcəksiniz. Şəxsən mənə təhsil maraqlı olduğundan işimi də təhsil üzərində qurmuşam. Pul gəlməsə belə, mən bununla məşğul olacam. Amma aydındır ki, buradan pul da gələcək, çünki təhsil hamıya lazımdır.

- İndiyədək ətrafımızdakıların, elə özümüzün də pul üçün işlədiyimizin şahidi olmuşuq...

- Elədir. Dünyada da əsas kimi pul götürülür. Televiziya kanallarında da yaxşı maşının, telefonun olması vacib şərtlərdən biri kimi göstərilir, jurnallarda gözəl geyimlər reklam olunur. Aydındır ki, insanlar bu cür şeylərə baxıb bunların uğurun göstəricisi olduğunu düşünürlər. Amma düşünmürlər ki, uğurun göstəricisi sizin içinizdəki hisslərdir. Həyatdan, işlədiyiniz sahədən zövq alırsınızsa, harada işləməyinizdən asılı olmayaraq, deməli, uğurlusunuz.

- Gəlir gəlməsə belə, təhsil sahəsində çalışacağınızı deyirsiniz. Sizdə təhsilə bu qədər maraq haradandır?

- Valideynlərim heç vaxt məni çərçivəyə salmayıblar. Uşaqlıqdan çox şeylə məşğul olmuşam; debatlarda iştirak etmişəm, idmanla, jurnalistika ilə, rəqslə məşğul olmuşam, proqramlaşdırma sevdiyim sahə olub. Amma valideynlərim heç vaxt deməyiblər ki, tutaq ki, "rəqslə niyə məşğul olursan, rəqqasə olacaqsan?". Bu, çox önəmli olan birinci faktordur. Heç vaxt mənə sərhəd qoymayıblar. İkinci tərəfdən, həmişə araşdırma aparmışam. Təhsil isə mənim üçün eqoistik bir sahədir. Mənə maraqlı oldu ki, beynim necə işləyir, motivasiyam necədir, niyə bir şeyi planlaşdırıb sonra gerşəkləşdirmirəm. Bunları analiz etməyə başladım. Gördüm ki, başqalarına baxıb bunu öyrənmək daha rahatdır. Belə də etdim. Digər eqoistik bir səbəb həmişə ətrafımda maraqlı adamların olmasını istəməyimdir. Maraqlı insan isə elə-belə gəlməyəcək, onları yetişdirmək lazımdır. Təhsil bunun üçün ən gözəl vasitədir.

- Sahibkarlıqla, bizneslə bağlı treninqlərdə trener kimi çıxışlar edirsiniz. Azərbaycan gənclərinin öz bizneslərini qurmağa marağını necə görürsünüz?

- Mən sahibkarlıq sözünü sevmirəm, çünki bu nəyəsə sahiblənmək deməkdir. Daha çox fransızların "entrepreneur", yəni "bir şeyi təşkil edən" sözünü xoşlayıram. Yəqin sahibkarlıq sözü bizdə elə-belə yaranmayıb, mədəniyyətimizdə var. Azərbaycan cəmiyyəti uzun zaman ticarətlə məşğul olub. Buna görə biznes deyəndə alıb-satmağı nəzərdə tuturlar. Amma alıb-satmaq pul qazanmağın sadəcə bir növüdür, biznes deyil. Biznes qurub-yaratmaq deməkdir. İlk növbədə bizdə dəyişiləsi düşüncədir. Biznes sözünü "alver" mənasından çıxarıb yaradıcılıq tərəfə yönəltmək lazımdır. İkinci tərəfdən isə insanların beynini pul tərəfdən ideya tərəfə yönəltməliyik. Yəni mən pul qazanmaq yox, nə etmək istəyirəm? Biznesə bu tərəfdən baxmaq lazımdır.

Azərbaycanlı gənclərin biznesə marağına gəlincə, gənclərimizdə böyük bir enerji var. Yaponiyada isə biznesmen olmaq istəyən çox azdır. Yaponların 99 faizi kiminsə şirkətində işləməyə üstünlük verirlər. Amma bizdə insanların çoxu öz şirkətini qurmaq istəyir. Təəssüf ki, bizdə bu çox vaxt pul qazanmaq həvəsindən yaranır. Amma məqsəd nə olur-olsun, bütün hallarda enerji var, enerji olduğu üçün potensial da var. Sadəcə, bir az düşüncə tərzini dəyişdirsək, geniş bir potensial açılacaq və bu potensialı istifadə etmək mümkündür. Hər şey təhsildən başlamalıdır, amma təhsili də müasirləşdirməliyik. İnsanlarda daha çox yaradıcılığı inkişaf etdirməliyik, açıq fikirliliyi təbliğ etməliyik. İnsanlar özlərinə sərhəd qoymamalıdırlar. Tələbələrimlə söhbətdə görürəm ki, özlərinə müəyyən sərhədlər qoyublar. Deyirlər ki, şirkət açmaq üçün pulları yoxdur. Amma fikirləşmirlər ki, şirkət açmaq üçün bəlkə də pula ehtiyac yoxdur. Çox adam düşünür ki, başlanğıc üçün pul lazımdır. Mən indiyə qədər heç bir layihəmə bir qəpik pul verməmişəm. Əgər maraqlı layihə varsa, ona pul verən tapılacaq.

- İşlərinizi, planlarınızı gerçəkləşdirmək üçün vaxt çatdırırsınız?

- Vaxt həmişə var. Sadəcə, onu düzgün, lazım olan şeylərə xərcləmək lazımdır. Mənə maraqlı olmayan şeylərdən uzaq gəzirəm. "Yox" deyə bilmək də çox vacib bir qabiliyyətdir. Məsələn, dostlarım zəng edib harasa getməyi təklif edirsə, mənə maraqlı olmayanda "yox" deyə bilirəm. Prioritetlərimi bilirəm. Mənə nə uyğundursa, vaxtımı ona xərcləyirəm. İstirahət etmək üçün də kifayət qədər vaxtım olur.

- Tofiq bəy, həyatda məqsədiniz nədir?

- Əsas məqsədim yaxşı yaşamaq, həyatdan zövq almaqdır.

- Son olaraq uğurunuzun sirri nədədir?

- Öz yolunu tapmaq və öz yolunla getmək. Hər adamın marağı, məqsədi fərqlidir. Heç vaxt başqalarına baxıb onların yolu ilə getmək lazım deyil. Hərənin uğur sirri başqadır. Siz yalnız öz yolunuzla getdikdə xoşbəxt ola bilərsiniz.

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.