Cəmiyyət

Azərbaycanda su fəlakəti yaşanır?

19 Avqust 2014 11:11
4 Şərh     Baxış: 2 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin susuzluqla bağlı xəbərdarlığı doğrulur; ölkədə vəziyyət çox ciddidir

Azərbaycanda susuzluq fəlakəti yaşanır. Bunu bölgələrdən gələn xəbərlər, əməkdaşlarımızın müşahidə və məlumatları da sübut edir. Bir müddət öncə qəzetimizin əməkdaşı Yardımlı rayonunda olarkən sakinlərin su qıtlığından nə qədər əziyyət çəkdiyinin şəxsən şahidi olub.

Düzdür, rayonun 20-yə yaxın kəndinin su ilə təmin olunması üçün Haçayurd adlanan ərazidə artıq xeyli müddətdir işlər görülür. Artıq su kəmərinin xeyli hissəsi çəkilib və bir neçə kənd su ilə təmin edilib. Ancaq insanlar suyun qıtlaşması səbəbindən problemin tam həll olunacağına inanmırlar. Gerçəklik budur ki, rayonda çeşmələr quruyub. Yerli icra hakimiyyəti bəzi kəndlərdə artezian quyularını qazdırmaqla fəlakətin miqyasını nisbətən azalda bilsə də, hələ görülməli çox işlər var. Yaşlı sakinlər deyirlər ki, qışda normadan az qarın yağması, yayın isə quraqlıq şəraitdə keçməsi su mənbələrinin qurumasına gətirib çıxarıb. Odur ki, əksər kəndlilər artezian suyunu pulla almağa vadar olurlar. Maşını 40-60 manat dəyərində olan suyu almağa isə hər kəsin imkanı çatmır. Kəndlərin qazlaşdırılması işində fasilə yarandığından meşələrin qırılması da su mənbələrinin qurumasında öz sözünü deyir.

Quraqlıq səbəbindən Viləş çayının suyu kəskin şəkildə azalıb, mənbəyini dağlardan götürən bəzi çaylar isə tamamilə quruyub. Belə vəziyyətdə mal-qaranın suvarılmasında baxımından da fəlakətli vəziyyət hökm sürür. Hətta bu səbəbdən sakinlərin bəziləri heyvanlarının susuzluqdan məhv olmaması üçün yaylaqlara üz tutublar. Quraqlıq kənd təsərrüfatına da ciddi ziyan vurub, bostanlar məhv olub.

Bu günlərdə Azərbaycanın şimal-qərb regionuna gedən iqtisadçı ekspert Qubad İbadoğlu da özünün facebook səhifəsində susuzluq fəlakətindən yazıb: "Bu bölgədə hər tərəf - meşələr, dağlar, yamaclar, susuzluqdan yanır. Kəhrizlər quruyub, artezianlarda suyun təzyiqi aşağı düşüb, çaylarda sular azalıb, bir sözlə - su çatışmazlığı bu bölgənin əsas probleminə çevrilib. Yerli əhali və mütəxəssislər bunu Oğuz-Qəbələ və Bakı su kəmərinin fəsadı kimi izah edirlər. Əgər belədirsə, onda heyf 1 milyard dollarlıq neft puluna..."

Lerik rayonunun Cəngəmiran kənd sakini Müşviq Qafarovun İnfom.az-a bildirdiyinə görə yaşadıqları kəndin içməli və texniki su problemi var: "Artıq 3 ilə yaxındır ki, biz bu çətinliklə üz-üzəyik. Yaşadığımız kənd rayon mərkəzinin 1 km-liyində yerləşir. Mərkəzdə su var, bizdə isə yox. Kənddə 200-dən çox təsərrüfat mövcuddur. Əhali öz tələbatını ödəmək üçün suyu atla, eşşəklə 15 km uzaqdan, yəni Zavand kəndindən keçən çaydan gətirir". M.Qafarov onu da bildirir ki, bu vaxta qədər kənd əhalisi su ehtiyacını həyətyanı sahələrində qazılan quyulardan ödəyirmiş, lakin bu quyular bulaqlarla birgə, xeyli vaxtdır ki, quruyub. Dəfələrlə rayon rəhbərliyinə edilən müraciətlər isə cavabsız qalıb".

Kənd bələdiyyəsinin sədri Güləddin Şahverənov da faktı təsdiqləyib. Bildirib ki, havaların quraq keçməsi onları mövcud vəziyyətlə qarşı-qarşıya qoyub və problem təkcə onlarda deyil, Lerikin əksər kəndlərində vəziyyət eynidir". Kənd sakinlərindən aldığımız məlumata görə, vəziyyətdən çıxış yolları var, lakin problemi həll etmək istəyən yoxdur. Belə ki, bəzi imkanlı şəxslər şəxsi həyətyanı sahələrində artezian quyuları vurdurub, yerin 50-70 metr dərinliyindən su çıxaraq istifadə edirlər.

Belə quyuların hər metri 50 manata xüsusi aqreqat maşınlarıyla qazılır. Beləcə bir quyunun qazılıb istifadəyə verilməsi təxminən 4000-5000 manata başa gəlir. Kənd əhalisinin isə buna imkanı çatmır. Üstəlik, yerqazan aqreqat da tapmaq çətindir. Kəndlilər buna görə də problemi öz güclərinə həll edə bilmirlər. Rayon rəhbərliyi isə məsələnin həllinə biganə yanaşır. Hazırda imkanı olanlar 3 ton yarımlıq su maşınına 30 manat verib suyu pulla alırlar. Olmayanlar da at-eşşəklə bir təhər güzəranlarını keçirirlər. Bir sözlə, Cəngəmiran kəndinin ümidi Allaha qalıb".

Cəbhə bölgəsində yerləşən kəndlərin də içməli su problemi ilə tez-tez üzləşməsi və bu cür məsələlərin 20 ildən çoxdur ki, çözülməməsi son illərin ən aktual problemlərindən birinə çevrilib. Xalq.az xəbər verir ki, içməli su problemi ilə üzləşən yaşayış massivlərindən biri də Tərtər rayonudur. Bu rayonun bir çox kəndlərində su mənbələri həddən artıq çirklənib. Belə ki, həmin kəndlərin ərazilərindən keçən çayların yatağı zir-zibillərlə doludur. Bəzi yerlərdə isə qaz və ördəklər çayların içərisində üzür və öz ifrazatlarını çaya axıdırlar. Rayonun Seydimli kənd sakinləri deyirlər ki, onların istifadə etdikləri çaylardan birinin adı Xoruzlu çayı adlanır. Digər çayın adı isə yoxdur.

Çünki həmin çaydan daha çox, su arxı kimi istifadə edilir. Hər iki çayın suları öz mənbəyini Murovdağın Kəlbəcər istiqamətindən götürür. Yerli sakinlər deyirlər ki, ermənilər həmin çayların mənbələrini tapa bilmədiklərindən onları bağlaya, yaxud zəhərləyə bilmirlər. Ancaq bulaq suyu olmasına baxmayaraq, həmin sular həmişə çirklənir və zibillənir. Onların antisanitariya mənbəyinə çevrilməsi müxtəlif səbəblərlə əlaqələndirilir. Çünki hər iki çaya müxtəlif məişət tullantıları atılır, ev heyvanları sulanır, qazlar və ördəklər həmişə həmin çaylarda üzürlər.

Qeyd edək ki, BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında Azərbaycan da daxil olmaqla region ölkələrini su qıtlığının gözlədiyi barədə xəbərdarlıq edilmişdi. Bildirilirdi ki, hazırda Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalır və bu da regionu su qıtlığı ilə təhdid edir. Hesabatda xəbərdarlıq edilirsi ki, Cənubi Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalmaqdadır. Regionda su sərfiyyatı 50 faiz təşkil edir. Bu isə böhranlı həddə yaxındır.

Əgər mövcud su resurslarının 60 faizi həcmində su sərf olunursa o zaman fiziki olaraq su qıtlığı yaranır, insanların həyatı, ətraf mühit üçün təhdid meydana çıxır. Hesabat müəllifləri ehtiyat edirlər ki, region ölkələri əhalinin içməli su ilə təminatının genişləndirilməsi vəzifəsini həll edə bilməyəcəklər. Bundan əlavə, region ölkələri quruda və suda təbiəti mühafizə zonalarının yaradılması, təbii resursların qorunması məsələsini həll etmək gücündə deyillər.

Hələlik bölgə əhalisi həsrətlə yağışların düşməsini gözləməkdədir. Vəziyyətdən çıxış yolu axtarmaq üçün müvafiq qurumların mütəxəssislər göndərərək bölgələrdəki durumu ciddi şəkildə araşdırmasına, heç olmasa yeni artezian quyularının qazılması üçün hərəkətə keçməsinə ehtiyac var. Kəsəsi, qarşıdakı 1-2 ay ərzində əhalini krizisdən çıxartmaq üçün addımlar atılmalıdır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.