Cəmiyyət

Azərbaycanlı kişi və onun arvadı haqqında...

26 İyul 2014 22:59
4 Şərh     Baxış: 6 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az 1937.az-a istinadən İkinci Mahmudun yazısını təqdim edir 

Bax o "c" ilə yazılıb "j" ilə oxunan vicdanıma and olsun ki, qlobal düşünməyə çalışıram. Cılız söhbətlərdən qaçıram. Dedi-qodu eşidəndə şəhadət barmağımı qulağıma tıxayıram. Mümkün qədər mənasız adamlardan uzaq gəzirəm. Qoy məndən uzaq olsunlar, nəyimə lazım?! Ömür onsuz da qısa, gərək onu mənasız şeylərə sərf etməyəsən.

Yaş artdıqca adama elə gəlir ki, Yer Günəş ətrafında bir az da sürətlə fırlanır. Göz görə-görə həyat önümüzdən, arxamızdan, sağ böyrümüzdən, sol yanımızdan ötüb keçir. Qalırıq dalınca baxa-baxa. Fikir vermişəm, uşaqlıq illərində yay tətilləri daha uzun olurdu, amma indi may ayı çıxar-çıxmaz sentyabr işıqpulu kimi kəsdirir qapımızın ağzını. Aylar-illər necə gəldi, necə getdi? Bir də gördün cənab Əzrayıl kredit bildirişi kimi gəldi, kəsdirdi başının üstünü. Qaldın belə.

Öz həyatım haqqında qərarları özüm verirəm. Belə də olmalı. Nəzakət xatirinə bütün məsləhətləri dinləsəm də, etiraf edirəm ki, heç birinə əməl etmirəm. Bir qulağımdan alıb, o biri qulağımdan buraxıram. Bu həyat mənim deyil? Özüm bilərəm! Neyləməli, mən də belə dəliyəm.

Yaxşı ər olmağa çalışıram. Bir də gördün, işdən tez gəlib şam yeməyi hazırlayıram. Süfrəni bəzəyib evin xanımını gözləyirəm. Sonra keçirəm mətbəxə, sular kəsilməmiş qabları yuyub qoyuram yerinə. Bazar günləri tezdən oyanıb qaçıram bazara, təzə pomidor-xiyar alıb qayıdıram. Yaxşı pomidor-yumurta bişirməyim var, "mənəm-mənəm" deyən arvadlara dərs keçərəm. Geniş mövzudur, qalsın başqa vaxta...

Həyat yoldaşı seçimində heç kimin köməyindən istifadə etməmişəm, sevib evlənmişik. Evim olacaq, maşınım olacaq, yağ içində böyrək kimi yaşayacağıq deyə söz də verməmişəm. Xoşbəxtliyi qızıl-brilyantda və xəz paltoda görən qadınla evlənə bilməzdim, bu məsələdə bəxtim yaman gətirib.

Ailədə səmimi olmağa çalışırıq. Əlimizə fürsət düşən kimi dalaşırıq, ürəyimizdə nə varsa, hamısını deyirik bir-birimizə. Məsləhət vermək kimi olmasın, heç nəyi ört-basdır etməyin, bir-birinizi hirsləndirin, yaxşıca dalaşın, qoy ürəyinizdə kin qalmasın, kompüter əsrinin dili ilə desək, münasibətlərinizə "perezaqruzka" verin. Narahat olmayın, arada sevgi varsa, barışacaqsınız.

Xanımımın geyiminə qarışmıram, qoy necə istəyir, elə də geyinsin. Lazım gəlsə, evdə oturub uşağa baxıram. Deyirəm, get bir az rəfiqələrinlə gəz, eynin açılsın. Evə qayıdanda da mənə bir qutu siqaret alarsan.

Axmaq düşüncələrdən, çürük ehkamlardan yaxa qurtarmağa çalışıram. Amma...

Amma qəlbimin dərinliklərində hiss edirəm ki, içimdə sinəsinin tükü köynəyindən bayıra çıxan, burnunun tükü ağzına sallanan, qoltuğunun altı lax yumurta, yaxud kiflənmiş pendir iyi verən, çeçələ barmağının dırnağı uzanıb o biri barmaqlarına çatan, əl barmaqlarının üstünə doğum tarixini, yaxud sağ əlinin üstünə iç-içə "ata-ana" yazısı döydürmüş, yekəqarın, qaraqabaq, iki sözü dal-dala qoşub danışa bilməyən, tənbəllikdən başqasının beynilə fikirləşməyə adət etmiş və bir az da özündənrazı bir azərbaycanlı bardaş qurub oturub. Məndən yaman narazıdır, altdan-altdan məni süzür, dodağının altında nəsə deyinir, sonra da başını yelləyir. Vallah, hər şeyə dözmək olar, bircə bu zırramanın lovğa-lovğa başını yelləməyindən başqa.

Bir də görürsən, bu azərbaycanlı, məsələn, qatarda yol yoldaşı simasında peyda olub oturur qarşımda. Başlayır çərənləməyə, öz şəxsi dünyagörüşünü əxlaq adıyla adama sırımağa. Deyir, bajoğlu, kişidən ətir iyi gəlməz, kişidən torpaq iyi gələr, barıt iyi gələr, tər iyi gələr. Kişi "matışka" olmaz. Daha nə bilim, nə. İstəyirəm, deyəm ki, qağa, bəlkə, düz fikirləşmirsən? Amma deyə bilmirəm, çəkinirəm.

Bir də görürsən, içimdə bardaş qurub oturan həmin azərbaycanlı bu dəfə qalstukunu taxıb, üzünü təraş edib televiziya ekranında göründü. Başladı millətə dərs keçməyə. Özü də hər dəfə səsinin tonunu qaldırdıqca tamaşaçılar bir az da bərkdən alqışlayırlar. Bir dəfə həmin içimdəki azərbaycanlı Tibb Universitetinin normal fiziologiya kafedrasında dosenti, 50-dən çox elmi əsərin müəllifi Rəşid Mahmudovun simasında təcəlla etmişdi. Qəribə işdi, vallah. Özüm də mat qaldım.

Ömrüm bu azərbaycanlıyla mübarizədə keçir. Gah mən onu üstələyirəm, gah o məni. Əsl Azərbaycan nağılı olan "Məlikməmməd"də olduğu kimi bir də görürsən, qırx gün-qırx gecə güləşirik. Bir dəfə də necə olmuşdusa, bu azərbaycanlı elə mənim öz simamda zühur edib yoldaşıma demişdi ki, arvad, bax mən evdə filan işləri görürəm ha, bunu heç kimə demə, eybi yox, öz qohumlarına de, amma nə badə bizimkilər bundan xəbər tuta. Qoy elə bilsinlər ki, qəddar adamam, arvada zülm edirəm. Qoy qohum-əqrəba arasında hörmətim bir az da artsın.

Bir də görürsən, bu azərbaycanlıyla ciddi mübahisəmiz düşür, mən də axmaq kimi buna qoşuluram. Deyir, sən "matışka"san, adam da arvadı ilə restorana gedər?! Ətdən-yağdan al gətir, denən aaaz, al, bunu bişir. Arvadın nə işi var tanımadığın kişilərin arasında?! Deyirəm ki, niyə getmir? Sən arvadınla toya getmirsən? Deyir, o başqa, bu başqa.

Arada özüm bilərəkdən bunu qurdalayıram, soruşuram ki, sən mənim ölmüşüm, ən böyük arzun nədi? Deyir, əsas can sağlığıdır, amma bir də çoxlu pulum olsa, pis olmaz. Deyirəm, ay bədbəxt, pulu neynirsən? Onsuz da hamısını servantdakı çaynikin içinə qoyub saxlayacaqsan hansısa "dar gün" üçün. Bax mənim bir milyon manatım olsa, ipoteka kreditini bağlayıb çıxaram dünya turuna, gəzərəm e dünyanı, o ölkə sənin, bu ölkə mənim, o şəhər sənin, bu şəhər mənim. Adama gəzmək qalacaq.

Gülür, deyir, ayə, sən nə dayaz adamsan, mənim bir milyonum olsa, əvvəlcə qohum-əqrabamın problemini həll edərəm. Vaxtaşırı qardaş-bacılarıma pul göndərərəm ki, hörmətimi saxlasınlar, toyda-nişanda birinci mənə söz versinlər, tamada məni tərifləsin. Ata-anam mənim canıma and içsin. Elçiliyə məni aparsınlar, desinlər, ağsaqqalımız budur. Toylarda əl qaldırıb oynayanda hamı mənim başıma toplaşsın, qoy hamıya elə gəlsin ki, oynayanların içində musiqinin ritmini ən yaxşı mən duyuram. Sonra 5-6 "novostroyka" alıb verərəm kirayəyə. Ömrümün axırınacan bəsimdir. Bir dənə də zırıltı şadlıq sarayı tikib kəndimizin adını yapışdıraram qabağına: "Qıllıbeçə Şadlıq Sarayı". Mən ölüm, necədir? Pulun üstünə pul gələr. Axırda da bir yekə, qara cip alıb yollanaram kəndimizə. Toyda-mağarda oynayanda bir "paçka" beşliyi havaya vızıldadaram. Sonra da çıxaram kəndin arasına, gözləyərəm, o Filankəsin qızı var idi ha, sevgimi cavabsız qoyub Filankəsin oğluna qoşulub getmişdi, elə ki, gördüm o acından günorta qalxan əri ilə o yandan gəlir, ayağımı basaram qaza, gəlib yanlarından "zonnı" keçərəm, təkərin tozunda batırram köpək uşağını. Qoy yanıb-tökülsün.

Sən hələ dalına qulaq as, bir az qabaqda maşını saxlayıb düşərəm yerə, deyərəm ki, bağışlayın, sizi görmədim. Offff! Bilirsən, nə kef olar. Sonra da deyərəm ki, gəlin oturun, aparım sizi.

Bu azərbaycanlı həm də şorgözün biridir, yolda-küçədə onun-bunun arvadının, qızının, bacısının dalına baxıb ağzının suyunu axıtmağı sevir. Bundan zövq alır, elə bil, haramzada. Bədbəxt oğlu bədbəxt həm də sadəlöhvdür, elə bilir ki, bunun ana-bacısının dalına heç kim baxmır.

Qohum-əqrəbanın toy ziyafətlərində bir də görürsən ki, tamada mənə söz verir, deyir, filankəs gəlsin, öz arzularını çatdırsın. Bilirəm ki, mənim arzularım heç kimə maraqlı deyil, onsuz da heç kim tribunadakını dinləmir. Hamının başı qarışıb lülə kababla "rossiyski" arağa. Əlimlə işarə edirəm ki, çox sağ ol, mənsiz keçinin.

Bax onda o azərbaycanlı durur ayağa, bir salfet götürüb əlini-ağzını silir, siqaretini yarı-yarımçıq yemək yediyi boşqabda söndürüb girir mənim cildimə, cumur mikrofona, başlayır, nə başlayır. Paho! Elə danışır ki, elə bil, illərdi, oturub elə bu toyu gözləyirmiş. Baxır məclisə, lazım olsa, Bəhmən Vətənoğludan, Zəlimxan Yaqubdan, Səməd Vurğundan bir-iki bənd şeir də deyir. Şeirlər isə əsasən bu mövzularda olur: guya özündən asılı olmayan səbəblərdən şəhərdə yaşamağa məcbur olmuş adamın doğma kənd həsrəti və relyef formaları, xüsusən də dağ və dərə. Yaxşı olar ki, dağın başında qar da olsun, heç olmasa, bir az duman sallansın yamacına.

İçimdəki o azərbaycanlı bir dəfə də saçı-saqqalı ağarmış bir yaşlı kişinin simasına girib mənə maraqlı əhvalat danışmışdı. Deyir, əntiqə fənd tapmışam. Axşamüstü camaatın işdən çıxan vaxtında özümü verirən "28 May" metrostansiyasına. Yerin məlum, yaman basabas olur. Sivişib girirəm qız-gəlinlərin arasına. Başlayıram sürtünməyə. Sürtün ki sürtünəsən! Gözləyirəm, maşinist stansiyaya çatanda anidən əyləci bassın. Yapışıram qabağımda dayanan xanımın dalından. Fikir vermişəm, bəzən onun da xoşuna gəlir. Xumarlana-xumarlana gedib çatırıq düşəcəyimiz yerə.

Bir dəfə yenə qəşəng bir dal tapıb dayandım arxasında, sürtünə-sürtünə 5-6 stansiya getdim, adam-adamın belində idi, pəh, ləzzət! O da halından məmnun idi, arabir imkan tapıb özü geri yıxılırdı. Eyni stansiyada düşdük. Axşam evə gedəndə gördüm ki, həmim dal bizim evdədi. Məni görən kimi dedi: "Əmi, yemək çəkim?" Baxdım ki, böyük gəlinimdir. Belə qeyrətsizliyə dözə bilməzdim. Oğluma dedim, boşadı qancığı. Sonra da həmin azərbaycanlı mənə dəyərli bir məsləhət verdi: "Ehtiyatlı ol, bala, qadın tayfasına etibar yoxdur".

Gör hələ o gün bu dələduz başıma nə oyun açıb. Çoxdandır içmirəm. Tərs kimi bir tanışım məni yeyib-içməyə dəvət etməzmi? Dedim, lap yerinə düşər, getdim. Elə təzəcə badələrə araq süzmüşdük ki, həmin azərbaycanlı orta yaşlı bir kişi cildində peyda oldu. Başladı nə başladı. Deyir, cavansız, özünüzə yazığınız gəlsin. Orucluqda içmək olmaz. Dedim, qardaş, ona qalsa, müsəlman gərək heç yerli-dibli dilinə araq vurmasın. Araq, ümumiyyətlə, haramdır. Deyir, yox e, mən də içirəm, amma orucluqda bir ay dözürəm. Bir ay içməsəm, ölmərəm ki! Sonra da bir xeyli misal çəkdi ki, bəs filan kənddə filan adam qurban əti ilə araq içdiyinə görə 14 yaşlı oğlu kanalda boğulub öldü. İstədim deyəm, sən nə karəsən ki, Tanrının qərarlarını müzakirə edir, onu dərk etdiyini iddia edirsən? Yaxud o necə Tanrıdır ki, bir adamın günahına görə başqa birinə cəza kəsir? Dinmədim, dedim qardaş, günahı mənim boynuma, gəl vuraq. Zalım oğlu elə bir himə bənd imiş. Hələ bir sağlıq da dedi: "Allah deyir, əsas odur ki, ürəyin təmiz olsun!"

Dalına qulaq asın, bir dəfə də qələm adamları ilə oturub araq içirdik, söhbət fırlanıb gəldi "Facebook"un üstünə. Elə bu dəm içimdəki azərbaycanlı hoppanıb girdi oradakı adamlardan birinin içinə, başladı nağıl danışmağa. Dedi ki, mən "vopşe" "Facebook"da şəkil paylaşan qadınlara pis baxıram. Məsələn, mən özüm xanımıma icazə vermişəm ki, "Facebook"a girsin, amma şəkil qoymağı qəti qadağan etmişəm. Dilin dinc durmadı, kinayə ilə soruşdum ki, müəllim, bu nə hikmətdir, de, biz də agah olaq. Müəllim ciddi-ciddi izahat verməyə başladı ki, bə deməzsənmi, o şəkillərin başını kəsib internetdə pis-pis şəkillərin başına yapışdırırlar. Bu, bizə yaraşmaz. Sonradan öyrəndim ki, bu adam tanınmış jurnalistdir, sayt rəhbəridir, özü də ciddi bir xəbər saytının rəhbəri. Hə, vallah!

Səmimi sözümdür, mən bu içimdəki azərbaycanlıya nifrət edirəm. Yox, yox, nifrət etmirəm, bu məxluq nifrətə belə layiq deyil, bu nifrətdən də alçaldıcı bir hissdir: mənim ona, sadəcə, yazığım gəlir. Nə yalan danışım, üstündən xətt çəkə, birdəfəlik kəsib ata da bilmirəm, aramızda qəribə bir doğmalıq var. Çıxılmaz vəziyyətdir.

Düzü, bəzən fikirləşirəm ki, onsuz darıxaram, nəyi pisdir ki, hərdən danışdırıb gülürəm, əla salıram, barmağıma dolayıb həzz alıram. Amma sonra yenə də yazığım gəlir. Baxıb kədərlənirəm, ürəyim qırılır. Bu azərbaycanlını belə vəziyyətdə görmək də istəmirəm. O pis övlad kimidir, imtina etmək olmur, ömür boyu dərdini çəkməyə, üstündə əsməyə, eyiblərini ört-basdır etməyə məhkumsan. Neyləməli, iş belə gətirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.