Ağrının ən yüksək səviyyəsində ağrıkəsici olaraq isə dərman qəbul etməyə məcbur oluruq. Müxtəlif sular, şirələr, qazlı içkilər, çay, hətta mayesiz belə dərman qəbul etməyə vərdiş edənlər var. Əslində isə bu cür dərman qəbulu müəyyən müddətlik ağrını kəssə də, müxtəlif fəsadlar verə bilir. Elə buna görə, ən az hansı dərmanı qəbul etmək lazım olduğu qədər, dərman qəbul etməyin də qaydasını bilmək lazımdır.İnsan həyatı boyu müxtəlif zamanlarda ağrı hiss edir
Orqanizmin özünü müdafiə sisteminin pozulmasi bir çox ağır fəsadlara, hətta ölümə gətirib çixara bilir. Başlıca səbəb dərmanlardan kor-koranə istifadə etməkdir. Bir çox insanın dərmanın verdiyi fəsadlardan əziyyət çəkməsi tərkibini və göstəricilərini bilmədən istifadəylə yanaşı həkimlərın ağır reseptlər yazmağı ilə də əlaqələndirilir. Ümumiyyətlə, gənclərin əksəriyyəti dərmanı qəbul etdikləri mayenin hansı olması ilə maraqlanmırlar. Onlar hətta çarəsiz vəziyyətlərdə dərmanı mayesiz belə qəbul edirlər. Ortayaşlı insanlar arasında dərmanı dişləri arasında əzərək udan insanlar da çoxluq təşkil edir. Bir növ dərmanın parçalanmasına yardım etmək məqsədi ilə dərmanı dişləyənlər effektin daha tez olacağına inanırlar. Yaşlı nəsil isə dərman mövzusunda daha diqqətlidir. İlıq su ilə qəbul edilən dərmanların daha təsirli olacağını düşünürlər. Əslində isə ağrını kəsmək və heç bir orqana ziyan vurmamaq üçün dərman qəbuluna da fikir vermək lazımdır.
Terapevt Xatirə İsayeva deyir ki, insanlar ən kiçik ağrılarda belə dərman qəbul edirlər. Halbuki tez-tez dərman qəbul etmək bədəni dərmana qarşı öyrədir və növbəti dəfə dərmanın təsiri azalır. Ağrı dözülməz olduğu halda dərman qəbul etmək lazımdır. Əks halda bədən dərmanla sadəcə zəhərlənir: "Dərmanı çayla və müxtəlif şirələrlə də qəbul edirlər. Dərman tərkibi məhz şirə və digər maye tərkibləri ilə uzlaşmayıb zəhərlənmə belə verə bilər. Ona görə, dərman sadəcə su ilə qəbul edilsə, daha yaxşıdır. Dərmanı mineral su ilə içmək olmaz, çünki mineral su preparatın bəzi maddələrinin sorulmasına mane olacaq. Bunun daha bir səbəbi də var. Mineral suda aktiv kimyəvi birləşmələr olduğundan preparatların aktiv maddələri ilə reaksiyaya girir. Lakin elə preparatlar da var ki, onları mineral su ilə içmək daha səmərəli olar. Məsələn, mədənin selikli qişasına ziyan vurmamaq üçün eritromisin və həll olunmayan aspirin, yod preparatları kimi dərmanları mineral su ilə içmək daha yaxşı olar. Bundan başqa, mədənin selikli qişasını qıcıqlandıran dərmanları süd ilə qəbul etmək olar. Soyuqdəyməyə və hərarətə qarşı həblər adətən yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur və onları qreypfrut şirəsindən başqa istənilən şirə ilə içmək olar. Qreypfrut şirəsi dərman preparatları ilə reaksiyaya girərək orqanizmə təhlükəli təsir göstərə bilər. Ona görə, heç bir həkim şirələr ilə dərman qəbul etməyi məsləhət bilməz, çünki hansı dərmanın hansı şirə ilə reaksiyaya girib hansı əks göstərişi verəcəyini bilmək çox çətindir".
Alman alimlərinin apardıqları tədqiqatların nəticələrinə əsasən bu qənaətə gəlinib ki, dərmanların əzilərək, kapsulların açılaraq istifadə edilməsi insan həyatı üçün risklidir. Çünki bəzi dərmanlar əzildikdə havayla reaksiyaya girərək, zəhərə çevrilir və buna görə də mütəxəssislər kapsulların içini açıb, suya qataraq, içməyi də qadağan edib. Alimlərin sözlərinə görə, dərmanlar əzərək istifadəsi zamanı zəhərə çevrilməsə belə mədəyə zərər verir və bundan əlavə əvvəlki kimi effekt vermir. Aparılan tədqiqatlarda xəstələrə verilən əzilərək zədələnmiş dərmanların həm də demək olar ki, faydasız olduğu məlum olub.
Terapevt bildirir ki, bir sıra ağrıkəsicilərin əzilərək içilməsi xüsusən məsləhət görülmür, çünki o tip dərmanların içi insan mədəsi üçün olduqca təhlükəli olur. Əgər dərman həb formasındadırsa, deməli, onu həb olaraq da qəbul etmək lazımdır. Əks halda hər hansı bir yan təsirin olma ehtimalı böyükdür: "Əvvəla, dərmandan mümkün olduğu qədər az istifadə edilməlidir. Çünki dərmanla hər hansı bir ağrını sakitləşdirmək olur, amma dərman digər bir orqanı zədələyir. Mədə, qaraciyər, böyrək üçün digər problemlərə yol açan həddindən artıq dərman qəbulu bir müddət sonra ağrını belə kəsməkdə aciz olur".
Yeri gəlmişkən, Azərbaycanda ötən 1 ay ərzində qeydə alınan dərman zəhərlənmələrinin sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında deyib ki, mayda dərmanın əlavə təsiri nəticəsində allergik reaksiyadan 18 nəfər zərər çəkib. Onlardan 12-nin xəstəxanaya yerləşdirildiyini deyən A.Maqsudov qeyd edib ki, onların hər birinin vəziyyəti normaldır və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. O qeyd edib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb.
Ekspress.az