Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Dünyamin Novruzov hər iki valideynini itirmiş uşaqlara təhsil alarkən hansı güzəştlərin edildiyi ilə bağlı qanunvericilikdə hansı əksini tapan məqamları diqqətə çatdırıb.
Milli.Az "Azərbaycan" qəzetinə istinadən xəbər verir ki, D.Novruzov bildirib ki,
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" 22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər: "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Qeyd edək ki, valideynlərini itirmiş uşaqlar dedikdə, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər başa düşülür. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə isə, 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər başa düşülür (Sözügedən Qanunun 1-ci maddəsi)".
Milli.Az