İngiltərəli arxeoloqlar Britaniya tarixinin ən məşhur hadisələrindən biri romalı işğalçılara qarşı qəhrəmancasına müqavimət göstərən yerli əhalinin faciəvi şəkildə həlak olması hekayəsini yenidən dəyərləndiriblər.
Milli.Az xəbər verir ki, son araşdırmalar göstərir ki, bu hadisə, əvvəllər güman edildiyi kimi, Roma ordusunun hücumu ilə deyil, Kelt tayfaları arasında baş vermiş daxili qarşıdurmalarla bağlı ola bilər.
Söhbət 1930-cu illərdə İngiltərənin Dorset qraflığında yerləşən qədim Maiden-Kasl qalasında tapılmış kütləvi insan dəfnindən gedir. O dövrdə tanınmış arxeoloq ser Mortimer Uiler bu insanların Roma işğalına qarşı qalanı müdafiə edərkən öldürüldüklərini iddia etmişdi. Uzun müddət bu versiya dərsliklərdə, sənədli filmlərdə və kitablarda təbliğ olunaraq, sivilizasiyaların toqquşması kimi təqdim edilirdi.
Lakin son radiokarbon analizləri bu qənaəti şübhə altına alıb. Yeni tədqiqatlar göstərir ki, həmin şəxslər eyni vaxtda deyil, eramızdan əvvəl I əsrin sonları ilə eramızın I əsrinin əvvəlləri arasında - fərqli zamanlarda öldürülüblər. Bu isə daha çox yerli münaqişələr, edamlar və ya tayfalararası toqquşmalara işarə edir.
Arxeoloqların fikrincə, bu nəticələr göstərir ki, Maiden-Kasl hadisəsi xarici işğaldan daha çox daxili qarşıdurmaların nəticəsi olub. Beləliklə, uzun illər boyu qəhrəmanlıq simvoluna çevrilmiş bu hadisənin əsl səbəbi tarixə yeni baxış tələb edir.
Asya
Milli.Az