Yay fəsli yaxınlaşdıqca bir çox meyvə və tərəvəzlərin qiymətində eniş müşahidə olunur. Lakin bu hal gilasa aid deyil, onun qiyməti sabit qalır.
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, hazırda bazarlarda gilasın qiyməti 6-10 manatdır. Qiymətin yüksək qalmasının əsas səbəbi isə bölgələrdə hökm sürən qeyri-sabit hava şəraitidir.
Fermerlər bildirirlər ki, bu il məhsuldarlıq xeyli aşağı düşüb:
"Gilasın cəmi 10 faizi yığıla bilib. Qalan hissəsi ya vaxtında yetişməyib, ya da çürüyüb. Nəticədə bazara çıxarılan gilas miqdarı az olduğundan qiymətlər yüksək olaraq qalır".
Məsələ ilə bağlı Aqrar Sığorta Fondundan bildirildi ki, 2025-ci ilin əvvəlində indiyədək baş verən təbiət hadisələri bölgələrdə qurum tərəfindən sığortalanmamış kənd təsərrüfatı bitkiləri və əkin sahələrinin bir hissəsinə ciddi zərər vurub. Onların arasında gilas da var:
"36 ha gilas bağına zərər dəyməsi ilə bağlı müraciət daxil olub. Bu bağlardan ümumilikdə 1.2 milyon manat məhsul gözlənilirdi. Yenə də qeyd edim ki, göstərilən məlumat o demək deyil ki, bütün gilaslara zərər dəyib. Zərər bu əkinlərin bir hissəsi üzrə qeydə alınıb".
Qeyd edək ki, gilas Azərbaycanın qeyri-neft ixracında yer tutur.
Aysel Əkbər
Milli.Az