Cəmiyyət

Soyutma sistemlərinə kiberhücum təhlükəsi barədə xəbərdarlıq

4 Noyabr 2026 17:48
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) təşkilatları avtomatlaşdırılmış idarəetmə sistemlərinə, xüsusilə soyutma avadanlıqlarına yönəlmiş kiberhücum risklərinə qarşı ehtiyatlı olmağa çağırıb.

Bu barədə MKA məlumat yayıb.

Bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə kiberhücumlar qeydə alınıb. Oktyabrın 11-də Fransada yüzlərlə supermarketin hücumlardan zərər çəkdiyi, noyabrın 2-də isə Belçika, İsveç, İrlandiya, Niderland və Estoniyada oxşar insidentlərin baş verdiyi bildirilir.

Fransanın qan banklarından birində soyutma avadanlığına müdaxilə edilməsi barədə məlumatlar bu hücumların səhiyyə sahəsi üçün də risk yaratdığını göstərir.

Məlumata əsasən, hücum edənlər idarəetmə sistemlərinə icazəsiz giriş əldə edərək avadanlıqları əridilmə rejiminə keçirir və ya temperatur göstəricilərini 50 dərəcəyədək yüksəldirlər. İnsidentlərin əsasən gecə baş verməsi müdaxilənin səhərədək aşkarlanmamasına və saxlanılan məhsulların yararsız hala düşməsinə səbəb olur.

Hücumların əsas hədəfi internetdən birbaşa əlçatan olan idarəetmə interfeysləridir. İstehsalçı dəstəyi dayandırılmış "Danfoss AK-SM 800" və "AK-SC 355" modelləri, köhnəlmiş proqram təminatı ilə işləyən "AK-SM 800A" kontrollerləri, həmçinin "Copeland XWEB" və "Dixell XWEB" sistemləri diqqət mərkəzindədir.

İlkin qiymətləndirmələrə görə, əsas zəifliklər standart giriş məlumatlarının dəyişdirilməməsi və proqram təminatının vaxtında yenilənməməsi ilə bağlıdır.

Agentlik vurğulayıb ki, temperatur rejiminin pozulması maddi itkilərlə yanaşı, avadanlıqların sıradan çıxmasına, yanğın riskinin yaranmasına, dərman vasitələri və digər tibbi məhsulların saxlanma şəraitinin pozulmasına səbəb ola bilər.

MKA idarəetmə interfeyslərinin internetdən birbaşa əlçatanlığını məhdudlaşdırmağı, uzaqdan girişi yalnız təhlükəsiz kanallarla təmin etməyi, standart istifadəçi adı və şifrləri mürəkkəb və unikal giriş məlumatları ilə əvəzləməyi tövsiyə edib.

Həmçinin proqram təminatı və avadanlıqların mütəmadi yenilənməsi, istehsalçı dəstəyi dayandırılmış sistemlərin əvəzlənməsinin planlaşdırılması, giriş və əməliyyatların davamlı monitorinqi tövsiyə olunur. Temperaturda kəskin dəyişikliklər barədə xəbərdarlıq mexanizmləri qurulmalı, ehtiyat nəzarət və müdaxilə prosedurları hazırlanmalıdır.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.