Cəmiyyət

İyulda Bakıda temperatur 40 dərəcəyədək yüksələcək

29 İyun 2026 16:48
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İyul ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi bölgələrdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da ümumilikdə normaya yaxın, ayrı-ayrı ərazilərdə isə bir qədər artıq olacağı ehtimal edilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ayın ilk günündə ölkə üzrə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi ərazilərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi istisna edilmir. Növbəti 2-3 gün ərzində isə hava şəraitinin nisbətən sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında iyulun orta aylıq temperaturunun 25-28°C olacağı bildirilir ki, bu da normaya yaxın və bir qədər yüksək göstəricidir. Gecələr 21-26°C, gündüzlər 29-34°C isti, ayın ikinci və üçüncü ongünlüyündə isə bəzi günlərdə 36-40°C-yə qədər istilik gözlənilir. Yağıntı miqdarı isə 2-3 mm civarında olacaq.

Naxçıvan MR ərazisində orta temperatur 26-28°C, gecələr 20-25°C, gündüzlər 30-35°C, bəzi günlərdə 37-40°C isti proqnozlaşdırılır. Yağıntı normaya yaxın (6-16 mm) olacaq.

Xankəndi, Şuşa və digər dağlıq ərazilərdə orta temperatur 18-23°C, bəzi günlərdə isə 30-35°C-yə qədər yüksələcək. Yağıntı normaya yaxın və bəzi yerlərdə bir qədər çox olacaq.

Qərb bölgələrində (Gəncə, Tovuz və ətraf rayonlar) orta temperatur 24-26°C, bəzi günlərdə 37-39°C isti gözlənilir. Yağıntı miqdarı normaya yaxın olacaq.

Şimal bölgəsində (Quba, Qusar, Şəki-Zaqatala zonası və s.) orta temperatur 21-24°C, bəzi günlərdə 34-38°C isti olacaq. Yağıntı normaya yaxın və bəzi yerlərdə daha çox ola bilər.

Mərkəzi aran rayonlarında (Mingəçevir, Sabirabad, Salyan və s.) orta temperatur 26-29°C, bəzi günlərdə isə 38-42°C isti proqnozlaşdırılır. Yağıntı normaya yaxın olacaq.

Cənub bölgəsində (Lənkəran-Astara zonası) isə orta temperatur 25-27°C, bəzi günlərdə 33-37°C isti olacaq. Yağıntı miqdarı əsasən normaya yaxın qalacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.