Bir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də, dekabr ayı bayramlarla əlaqədar olaraq əksər hallarda əməkhaqları 5-10 gün daha tez ödənilir.
Milli.Az xəbər verir ki, məhz bu səbəbdən insanlar dekabr maaşını elə həmin ay tam xərcləməli olduqlarını düşünürlər.
Halbuki, dekabrda alınan maaş əslində yanvar ayının xərcləri üçün nəzərdə tutulur.
Mütəxəssislər tövsiyə edirlər ki, dekabrda tez alınan maaş planlı şəkildə bölünsün. İlk növbədə kommunal ödənişlər, kreditlər kimi yanvar ayında ödəniləcək zəruri xərclər əvvəlcədən müəyyənləşdirilərək kənara ayrılmalıdır. Bu, yanvar ayında maliyyə çətinliyi yaşanmamasına kömək edir.
Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan yığımların bir hissəsini dekabr ayına keçirmək mümkündür. Çünki dekabr bayram ayıdır və ailə ilə restorana getmək, qohumlarla bir araya gəlmək, korporativ tədbirlər, Yeni il alış-verişi kimi əlavə xərclər yaranır. Bu zəruri bayram xərclərinin qarşılanması üçün məhz bu yanaşma daha məqsədəuyğun hesab olunur.
Qeyd olunur ki, dekabr ayında nəzarətsiz xərcləmələr yanvarda əksər insanlar üçün maliyyə durğunluğu yaradır. Çünki bayram dövründə xərclər artır, gəlir isə dəyişməz qalır. Nəticədə yanvar ayı bir çoxları üçün çətin keçir.
Mütəxəssislər bildirirlər ki, maaş tez alındığı halda onu "bu ayın pulu" kimi yox, "yanvarın xərcləri" kimi düşünərək planlamaq vacibdir. Əks halda, yeni ilin ilk ayında ciddi maliyyə problemləri ilə üzləşmək qaçılmaz olur.
Mina Mikayılova
Milli.Az





