Qərb bölgəsində, Gəncədən sonra avtomobil satışı bazarı yalnız Tovuz rayonunda fəaliyyət göstərir. Adətən payız aylarında avtomobil bazarında aktivlik müşahidə olunsa da bu dəfə əksinə durğunluq yaşanır.
Milli.Az xəbər verir ki, avtomobil satanlar satmaqda, almaq istəyənlər isə almaqda çətinlik çəkirlər.
Bazarda baş verən durğunluğun səbəbi nədir?
Avtomobil qiymətləri baha olsa da, alıcısı yoxdur. Bazarda ən ucuz avtomobil 2500 manata, ən bahalı avtomobil isə 50-60 min manata təklif olunur.
Yol-nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, artıq bir ildən çoxdur ki, ölkəmizə yaşı 10-dan yuxarı olan avtomobillərin idxalına məhdudiyyətlər tətbiq edilib.
"Bu səbəbdən ölkəyə köhnə avtomobillərin axını azalıb və bu da ölkə daxilindəki köhnə avtomobillərin qiymətinə təsir edib. Digər səbəb isə bazarda olan lizinq şərtlərinin sərfəli olmamasıdır. Hibrid və elektromobillər üçün lizinq şərtləri sadələşdirilsə də, benzin və dizel mühərrikli avtomobillər üçün lizinq şərtləri sərfəli deyil".
Qeyd edək ki, bazarda daha çox köhnə avtomobillər satılır.
Aysel Əkbər
Milli.Az