Cəmiyyət

“İt, pişik, siçan əti yemirik” – Çində yaşayan azərbaycanlı ilə müsahibə

12 Noyabr 2024 22:20
Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günü-gündən xaricdə yaşamaq üçün ölkəni tərk edən gənclərin sayı artır. Xarici mədəniyyət, yaşayış tərzi gənclərin marağı çəkir. Həyatına xarici ölkədə davam etmək barədə qərar verən azərbaycanlılardan biri də İqrar Məmmədovdur.

Milli.Az bildirir ki, shimal.news-un əməkdaşı Çində yaşayan İqrar Məmmədovla həmsöhbət olub. Müsahibəni təqdim edirik:

- İqrar bəy, öncə oxucularımıza özünüzü təqdim edin.

- Mən İqrar Məmmədov Bakı şəhərində anadan olsam da, əslən Qusar rayonundanam. Ali təhsil almışam, müxtəlif sahələrdə təcrübə toplamışam və karyeramı Çində davam etdirməyi seçmişəm.

- Xaricə köçməyə necə qərar verdiniz?

- Bu qərar çox düşünülmüş bir addım idi. Həyat yoldaşımın da Çinə marağı və sevgisi məni çox təsirləndirdi. Çin haqqında öyrəndikcə bu ölkədə həm peşəkar, həm də şəxsi inkişaf üçün çoxlu fürsətlər olduğunu gördüm.

- Ailəniz bu qərarınızı necə qarşıladı?

- Ailəm əvvəlcə bu qərarımla bağlı narahat idilər. Amma məni dəstəklədilər. Onlar mənim yeni təcrübələrə və inkişaf fürsətlərinə açıq olduğumu bilirdilər. Buna görə də Çinə köçməyimə müsbət yanaşdılar. Ümumiyyətlə, ailəm məni hər zaman dəstəkləyib.
İqrar Məmmədov

- Neçə ildir Çində yaşayırsınız?

- Artıq 1 il 5 aydır ki, Çində yaşayıram.

- Niyə məhz Çin?

- Çinə marağım həm həyat yoldaşımdan qaynaqlanır, həm də ölkənin zəngin mədəniyyəti, qədim tarixi və sürətli inkişafı məni çox cəlb etdi. Burada həm yeni təcrübələr qazanmaq, həm də karyeramı inkişaf etdirmək imkanı əldə etdim.

- İqrar bəy, Çində ilk günlərinizi təsvir edərdiniz. Necə keçdi? Yaşayış yerini necə seçdiniz?

- Çində ilk günlərim həm maraqlı, həm də çətin idi. Yeni bir ölkədə yaşamağa başlamaq, fərqli bir mədəniyyətə və həyat tərzinə uyğunlaşmaq böyük güc və zəhmət tələb edirdi. Hər şey - dil, qida, gündəlik həyat  tamamilə fərqli idi, bu da əvvəlcə bir qədər çaşdırıcı gəlirdi. Yaşayış yerini seçərkən işimə yaxın və həyat yoldaşımın təhsil aldığı yerə yaxın ərazidə yerləşən bir ev tapmağa çalışdım və yerli dostlarımın məsləhətlərindən çox yararlandım. İlk vaxtlar əsasən dil və ünsiyyətlə bağlı çətinlik yaşadım. Çünki Çində əksər insanlar ingilis dilində danışmırdılar, bu da gündəlik işlərdə maneələr yaradırdı. Bununla belə, yerli mədəniyyəti öyrənmək, adət-ənənələri kəşf etmək mənə böyük zövq verirdi. Bu yeni təcrübələr mənim üçün həm öyrədici, həm də unudulmaz oldu.

- Çində yaşayış vəziyyəti, mədəniyyət necədir?

- Çində yaşayış maraqlıdır və tamamilə fərqli təcrübələrin şahidi olursan. Ölkədə inkişaf çox sürətlidir və hər şey nizam-intizamla tənzimlənir. Yaşayış standartları yüksəkdir, amma mədəniyyət fərqləri və dil məsələsi bəzən çətinlik yaradır.
İqrar Məmmədov

- Çində hansı işdə çalışırsınız?

- Hazırda logistika sahəsində fəaliyyət göstərirəm. Müxtəlif ölkələrdən olan müştərilərə Çindən malların tapılması və çatdırılmasına kömək edirəm. Bu iş mənə həm təcrübə, həm də yeni əlaqələr qazandırır.

İqrar Məmmədov

- Çin dilində danışmağı necə öyrəndiniz?

- Çində dil öyrənmək üçün çox çalışdım. İlk addım olaraq gündəlik ifadələrdən başladım, yerli dostlardan və əməkdaşlardan öyrənməyə çalışdım.

- Başqa ölkədə yaşamağı düşünürsünüz?

- Hazırda əsas məqsədim Çində inkişaf etməkdir, çünki burada hələ çox fürsətlər görürəm. Necə deyərlər, qismət.

- Deyirlər Çində dindən qorxurlar, bu, həqiqətən belədir?

- Çində dinə münasibət çox fərqlidir. Bəzi yerlərdə dinə daha açıq yanaşılır, amma digər yerlərdə insanlar daha dünyəvi düşünür və şəxsi inanc məsələlərinə həssaslıqla yanaşırlar. Ümumiyyətlə, dindən qorxmaq yox, daha çox hər kəsin şəxsi seçimlərinə hörmət etmək əsas götürülür.

- Sosial şəbəkələrdə aktivsiniz. Xarici ölkələrdə sosial şəbəkələrdən istifadə necədir?

- Bəli, mən "TikTok" və "Instagram"da aktivəm. Hər ikisi Çində qadağan olunub, amma mən VPN vasitəsilə istifadə edirəm. Bu sosial şəbəkələr Çində məlumat təhlükəsizliyi və məxfilik siyasəti səbəbindən qadağandır.

- O zaman videolarınızın əsas izləyiciləri öz yerli xalqımızdır?

- Əsas izləyici kütləsi bəli, Azərbaycandadır. Məqsədim xalqıma Çin haqqında daha çox məlumat verməkdir.

- Çinlilərin azərbaycanlılara olan münasibətini necədir? Bizi bir xalq olaraq tanıyırlar?

- Ümumiyyətlə, çinlilərin azərbaycanlılara münasibəti müsbətdir. Onlar bizi qonaqpərvər və dostcanlı xalq kimi görürlər. Lakin gənc nəslin (daha çox) Azərbaycan haqqında məlumatları azdır, əksəriyyəti ölkəmizi kifayət qədər tanımır. Bununla belə, Azərbaycanı tanıyanlar onun mədəniyyətinə və tarixinə maraq göstərirlər. Hazırda ölkəmizə çinli turistlərin və iş adamlarının axını bunu  sübut edir.

- Çində yeməklər, qidalar necədir? Öyrəşə bilirsiniz?

- Çində yeməklər çox fərqlidir - müxtəlif bölgələrin özünəməxsus dadları və tərzləri var. Əvvəlcə öyrəşmək bir az çətin idi, amma zamanla yeməklərə alışdım və hətta artıq Çin mətbəxindən sevdiyim yeməklər də var.

- Çində Azərbaycan mətbəxinə aid kafe və ya restoran var?

- Bəli, Çində Azərbaycan mətbəxini təklif edən restoranlar var. Yaşadığım şəhərdə, Yivuda təxminən 4 Azərbaycan restoranı var, həmçinin Çinin bir çox böyük şəhərlərində də belə restoranlara rast gəlmək mümkündür.

- Çin xalq yeməklərindən ən çox sevdiyiniz hansıdır?

- Çin xalq yeməklərindən ən çox Çin mantısı birdə əriştələri sevirəm. Onlar müxtəlif içliklərlə hazırlanır - ət, tərəvəz və dəniz məhsulları ilə, bu da yeməyi çox dadlı və fərqli edir. Həmçinin "kung pao toyuq" kimi dadlı və ədviyyatlı yeməklər də bəyənirəm.

- Çox adam Çin yeməklərinin dırnaqarası desək "iyrənc"liyindən danışır. Siz nə düşünürsünüz? İt, pişik siçan əti yeyirlərmi?

- Çin mətbəxi çox zəngindir və hər bölgənin öz yemək tərzi var. Bəzi yeməklər bizim üçün qeyri-adi görünə bilər, amma bu, mədəniyyət fərqliliyindən irəli gəlir. Çinin əksər bölgələrində it, pişik və siçan əti yemək ənənəsi yoxdur, əksinə, onlar da əsasən toyuq, mal əti, tərəvəz və dəniz məhsullarına üstünlük verirlər. Çində fərqli yeməklər dadmaq maraqlı təcrübədir, amma hər kəs öz seçimində sərbəstdir.

- Bakıdan ötrü darıxırsınız?

- Əlbəttə, Bakı mənim üçün çox əzizdir. Ailəm, dostlarım və doğma məkanlardan ötrü darıxıram. Təbii ki, imkan və vaxt tapanda Bakıya gəlirəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.